22 oktyabr 2025 01:57
114

Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir

Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində həmkarı Kasım-Jomart Tokayev ilə keçirdiyi təkbətək görüşdə, birgə iştirak etdikləri Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında, mətbuata bəyanatlarındə səsləndirdikləri çağırışlar, imzalanan sənədlər iki dost ölkənin münasibətlərinin gələcək inkişafının aydın mənzərəsini yaratdı

Bu gün Azərbaycan-Qazaxıstan münasibətlərinin timsalında Türk dünyasının birliyinin şahidinə çevrilirik. 2023-cü ilin noyabrında Astanada Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə Görüşündəki çıxışında dövlət başçısı İlham Əliyev bu çağırışı etmişdi ki, biz böyük Türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq.

Tarixi Zəfərimizdən ötən beş ildə istər türk dövlətləri arasında ikitərəfli əlaqələr, istərsə də Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Bu, həm dövlət başçılarının qarşılıqlı səfərlərinin dinamikliyində, həm də Türk Dövlətləri Təçkilatının Zirvə görüşlərində özünün aydın ifadəsini tapır. O da məlumdur ki, dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə hər il Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi görüşünün keçirilməsi də ənənə halını alıb. Təbii ki, atılan hər bir addım birliyimizin, həmrəyliyimizin möhkəmləndirilməsinə xidmət edir.

Prezident İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfərinə gəldi. Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi oldu.

Hər bir səfər çərçivəsində keçirilən görüşlər, müzakirə olunan məsələlər ölkələr arasında əlaqələrin inkişaf səviyyəsinə, ikitərəfli gündəliyin tərkibinə işıq salır. Bu baxımdan Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü də diqqətdən kənarda qalmadı. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Sizi Qazaxıstan Respublikasında rəsmi dövlət səfərində qəbul etmək mənim üçün böyük şərəf və məmnunluqdur. Bu, ölkələrimiz arasında strateji tərəfdaşlığın, müttəfiqlik qarşılıqlı fəaliyyətinin bundan sonra da möhkəmlənməsi nöqteyi-nəzərindən çox mühüm hadisədir” fikirlərinin davamı olaraq onu da qeyd etdi ki, Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir. Azərbaycanla çoxşaxəli əməkdaşlığın inkişafı Qazaxıstan üçün böyük prioritetdir. Dost ölkənin Prezidenti Azərbaycanın dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq nüfuzunun artmasından, mövqeyinin möhkəmlənməsindən bəhs edərək bildirdi ki, iqtisadi-ticari, siyasi tərəfdaşlığın inkişaf etdirilməsi bizim üçün təxirəsalınmaz və çox mühüm vəzifədir. Prezident İlham Əliyev Azərbaycanın ünvanına söylənilən xoş sözlərə görə təşəkkürünü bildirdi və vurğuladı ki, biz qardaş Qazaxıstan xalqına münasibətdə də eyni hissləri bölüşürük. Həmçinin qardaş ölkənin Sizin rəhbərliyinizlə həm sosial-iqtisadi inkişafda, həm də beynəlxalq mövqelərin möhkəmləndirilməsində uğurlarına sevinirik. Bu gün Qazaxıstan yüksək inkişaf səviyyəsi nümayiş etdirir. Ölkədə ictimai-siyasi sabitlik təmin olunur, iqtisadiyyat güclənir. İkitərəfli münasibətlərimizə gəldikdə isə cənab İlham Əliyev vurğuladı ki, biz bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyirik.

Səfər şərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı oldu. Məlumat üçün qeyd edildi ki, Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta Dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır. Dövlət başçılarına, həmçinin Orta Dəhlizin səmərəsini və rəqabətqabiliyyətliliyini artırmaq istiqamətində nəzərdə tutulan konkret addımlar və təşəbbüslər barədə məlumat verildi.

Dövlət başçısı İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə keçirilən Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası bir daha iki ölkənin əlaqələrinin inkişafının, ikitərəfli gündəliyinin zənginliyini və qarşıdakı dövrün hədəflərini açıqladı. Prezident İlham Əliyev Qazaxıstanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini qeyd edi və vurğuladı ki, biz bu dəstəyi həm ikitərəfli, həm imzalanmış sənədlər, həm də Qazaxıstanın beynəlxalq təşkilatlardakı mövqeyi ilə həmişə hiss etmişik.

Hazırkı dövrün əsas çağırışlarından biri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. Bunun üçün 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra Azərbaycanın bu istiqamətdə atdığı addımlara diqqət yetirmək kifayətdir. Hər zaman haqqın, ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycanın bu mövqeyi yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə beynəlxalq dəstək qazanmaqla yanaşı, Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində uğurlu nəticələrin əldə edilməsini şərtləndirdi. Bu ilin avqust ayında dövlət başçısı İlham Əliyevin ABŞ-a işgüzar səfəri zamanı əldə olunan razılaşmalar da bunun bariz nümunəsidir. Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikici iclasında da bu nəticələrə diqqəti yönəltdi. Qeyd etdi ki, Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb. Son hərbi toqquşmalardan cəmi iki il keçməmiş sülh sazişinin paraflanması hər iki ölkənin kifayət qədər yüksək səviyyədə siyasi iradə nümayiş etdirməsindən xəbər verir. ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasındakı rolu ən yüksək qiymətə layiqdir. Avqustun 8-də Vaşinqtonda keçirilən Sammit mahiyyətcə çoxillik münaqişəyə son qoydu və inkişaf, o cümlədən geniş regional kontekstdə - Avrasiya qitəsində tərəqqi üçün böyük perspektivlər açır.

Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir. Vaşinqton Sammitinin mühüm nəticələrindən biri Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”dur (TRIPP). Dövlət başçısı İlham Əliyev Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında “Biz, həmçinin bu gün Orta Dəhliz üzrə keçirilən qısa təqdimat çərçivəsində fikir mübadiləsi apardıq. Bu gün bu istiqamətdə diskussiyaları hələ davam etdirəcəyik” söyləyərək onu da qeyd etdi ki, Zəngəzur dəhlizinin yaxın illərdə açılması nəqliyyat və logistika ilə bağlı məsələlərdə ötürücülük qabiliyyətini xeyli artıracaq.

Cənab İlham Əliyev, həmçinin Qarabağ bölgəsinin bərpasına göstərilən dəstəyə görə Qazaxıstan Prezidentinə təşəkkürünü bildirdi. Vurğuladı ki, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi artıq aktiv fəaliyyət göstərir. Biz onu Sizinlə birlikdə açdıq. Hazırda bu Mərkəzdə 100-ə yaxın uşaq təhsil alır və təbii ki, o, praktiki funksiyaları ilə yanaşı, həm də Qazaxıstan-Azərbaycan dostluğunun daha bir ocağıdır.

Prezident İlham Əliyev humanitar, energetika və digər sahələrdə əlaqələrimizin inkişafından bəhs edərək “Ümumilikdə gündəlik kifayət qədər genişdir, qarşılıqlı fəaliyyətin demək olar ki, bütün əsas sahələrini əhatə edir” fikirləri ilə münasibətlərin uğurlu inkişafını diqqətə çatdırdı. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə bildirdi ki, Azərbaycan Qazaxıstan üçün xüsusi ölkə, qardaş dövlətdir. Bizi ortaq tarixi köklər, zəngin mənəvi-mədəni irs, nəhayət, uyğun mentalitet, hadisələrə, vəziyyətin inkişafına baxış birləşdirir. Bu möhkəm zəmində çoxtərəfli əməkdaşlığımızı uğurla inkişaf etdiririk. Səfərinizin ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilənin 20-ci ildönümünə təsadüf etməsi rəmzi məna daşıyır. Biz bu illər ərzində fəal siyasi dialoq qurmuşuq, iqtisadi-ticari və mədəni-humanitar qarşılıqlı fəaliyyətin davamlı inkişafı üçün möhkəm müqavilə-hüquqi baza yaratmışıq. Belə bir kompleks, ardıcıl iş iki dövlətin vətəndaşları tərəfindən tam dəstəklənir: “Qazaxıstan-Azərbaycan münasibətlərinin hazırkı yüksək səviyyəsi, ilk növbədə, Sizin şəxsi töhfəniz sayəsindədir. Mən Sizin bu məsələyə daimi dəstək və diqqətinizi dərindən, yüksək qiymətləndirirəm. Müasir Azərbaycanın bütün möhtəşəm nailiyyətləri Sizin qurucu, güclü liderliyinizlə ayrılmaz şəkildə bağlıdır.”

Ölkələrimiz arasında əlaqələrin inkişafında hüquqi baza olan sənədlərin imzalanması mərasimi də səfərin əhəmiyyətini, əlaqələrin yeni istiqamətlər üzrə inkişafını təsdiqləyən əsas faktorlardan biridir. Qeyd edək ki, iki ölkə arasında bu günədək 170 sənəd imzalanıb. Siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb. Artıq 20 ildir ki, Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə mövcuddur. Bu sənəd Azərbaycan-Qazaxıstan əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub və ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.

Cənab İlham Əliyevin bu dəfəki səfərində də müxtəlif istiqamətlər üzrə 10-dan artıq sənəd imzalandı. Əvvəlcə prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev “Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Kemeleviç Tokayevin Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasının 20 illiyi münasibətilə Birgə Bəyanatı”nı, “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şuranın ikinci iclasının ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə dair 1 saylı Qərarı” və “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şuranın ikinci iclasının Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirləri Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə 2 saylı Qərarı” imzaladılar. Sonra Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu. “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Qazaxıstan Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Samruk Kazına” Səhmdar Cəmiyyəti ilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) arasında Əməkdaşlıq Memorandumu”, “Samruk Kazına Azərbaycan İnvestisiya Holdinqi İnvestisiya Fondu MMC” ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında birgə-investisiya mexanizminin təsis edilməsi üçün Çərçivə Sazişi”, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qazaxıstan Respublikasının Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”,“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi arasında süni intellekt sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Qazaxıstan Respublikasının Rəqabətin Qorunması və İnkişafı Agentliyi arasında rəqabət siyasəti sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum” imzalandı. Hər bir sənəd Azərbaycan-Qazaxıstan münasibətlərinin gələcək inkişafının nümayişidir.

Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatla çıxış edərək bir daha ölkələrimiz arasında ayrı-ayrı sahələrdə uğurlu inkişafdan, perspektivlərdən bəhs etdilər. “Qazaxıstan inkişaf və modernləşmə yolu ilə inamla irəliləyir” söyləyən cənab İlham Əliyev bildirdi ki, son illər Prezident Kasım-Jomart Tokayevin həyata keçirdiyi islahatlar, modernləşmə kursu, müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı Qazaxıstanın inkişaf və modernləşmə yolu ilə inamla irəlilədiyini nümayiş etdirir. Həmçinin Qazaxıstanın beynəlxalq nüfuzu da möhkəmlənir.

Bakı və Astananın fəal qarşılıqlı fəaliyyətinin ciddi geosiyasi əhəmiyyət daşıdığını əsaslı şəkildə diqqətə çatdıran Prezident İlham Əliyev bunu “Bu gün ölkələrimiz arasında aktiv qarşılıqlı fəaliyyət həm də çox mühüm geosiyasi əhəmiyyətə malikdir. Bu gün yeni nəqliyyat marşrutları açıldıqca, daha geniş Avrasiya regionunda birləşdirici layihələr həyata keçirildikcə, Qafqaz və Mərkəzi Asiya daha sıx əlaqələndikcə və tez-tez vahid coğrafi məkan çərçivəsində fəaliyyət göstərdikcə, bütün bunlar qarşılıqlı fəaliyyətin konkret nəticələr verməsini təmin etmək üçün daimi diqqət və təbii ki, dövlət başçılarının iştirakını tələb edir” fikirləri ilə ifadə etdi. Cənan İlham Əliyev mətbuata bəyanatında da Zəngəzur dəhlizinin açılması məsələsindən danışaraq vurğuladı ki, hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər. O da qeyd olundu ki, TRIPP layihəsi mütləq reallaşdırılacaq. Diqqəti avqustda keçirilən Vaşinqton Sammitinin nailiyyətlərindən biri kimi TRIPP layihəsinə yönəldən cənab İlham Əliyev vurğuladı ki, Prezident Donald Tramp layihəyə öz adını verib və bu, layihənin mütləq reallaşdırılacağından xəbər verir. Bununla da Orta Dəhlizin daha bir marşrutu açılır. Ənənəvi mövcud olanlara daha biri əlavə olunur – Zəngəzurdan ən yüksək müasir standartlarla 15 milyon ton yük dövriyyəsi. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətdə bizim ölkələrimizdən keçən yüklərin həcmi özlüyündə artım potensialına malikdir, amma həm də onların qəbulu və göndərilməsi üçün daha böyük potensial olacaq.

Prezidentlər mətbuata bəyanatında prespektiblərdən danışdılar. Bildirildi ki, Qazaxıstan və Azərbaycan yaxın gələcəkdə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev vurğuladı ki, sevindirici haldır ki, ikitərəfli əməkdaşlığın inkişafı üzrə hərtərəfli proqram qrafik üzrə həyata keçirilir. Danışıqlar zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirildi və biz yaxın gələcəkdə ikitərəfli ticarət dövriyyəsini iki dəfə artırmaq və onu 1 milyard dollara çatdırmaq üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəldik.

Azərbaycan və Qazaxıstan Prezidentləri Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində də oldular. Onlara Mərkəz barədə ətraflı məlumat verildi. Qeyd olundu ki, Mərkəzin yaradılmasında məqsəd Qazaxıstanda ictimai və iqtisadi həyatın bütün sahələrində innovasiyaları və süni intellekt texnologiyalarının inkişafını təmin etməkdir. Mərkəzdə fəaliyyət göstərən “İctimai məkan” hər il buraya 10 min istedadlı insanın cəlb edilməsini nəzərdə tutur. Burada süni intellekt sahəsində ən son nailiyyətlərə həsr olunmuş forumlar, mütəxəssislərin görüşləri və açıq mühazirələrin keçirilməsi, həmçinin süni intellekt üzrə vakansiya yarmarkaları, hakatonlar və startap müsabiqələrinin təşkili planlaşdırılır. Mərkəzdə proqramlaşdırma üzrə ilkin bacarıqlar tələb etmədən süni intellekt sahəsində pulsuz təhsil almaq üçün unikal imkan verən “Tomorrow School” və startapların sürətləndirilməsi məqsədi daşıyan süni intellekt kampusu fəaliyyət göstərir. Qabaqcıl texnologiyaların inkişafı və davamlı sahibkarlıq ekosisteminin formalaşdırılması yolu ilə hər il 100 yeni süni intellekt startapının fəaliyyətə başlaması planlaşdırılır. Burada təşkil edilən tədqiqat laboratoriyalarının əsas məqsədi isə süni intellekt sahəsində elmi tədqiqatların inkişafı və dəstəklənməsi, innovasiyaların təşviqi və qabaqcıl texnologiyaların yaradılmasıdır. Laboratoriyalarda hər il 10 elmi-tədqiqat layihəsinin həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Prezident İlham Əliyevin dövlət səfərindən əvvəl, oktyabrın 18-də “Kazinform” agentliyinə verdiyi müsahibəsində də iki qardaş ölkə arasında münasibətlərin strateji mahiyyətini, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmliyini, eləcə də gələcəyə doğru baxışı aydın şəkildə diqqətə çatdırdı. Müsahibə Azərbaycan-Qazaxıstan əlaqələrinin keçdiyi tarixi yolun, bu gün formalaşmış etibarlı tərəfdaşlığın və yeni mərhələyə yüksələn strateji əməkdaşlığın əhatəli təhlili kimi dəyərləndirildi.

Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Azərbaycan ilə Qazaxıstan arasında diplomatik əlaqələr 1992-ci il avqustunda yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.

İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır. Cənab İlham Əliyev ötən il prezident seçkilərində inamlı qələbəsindən sonra andişmə mərasimində bu çağırışı etdi ki, biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.”

Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfərinin təhlili fonunda belə ümumiləşdirmə apara bilərik ki, regionda yaranmış yeni reallıqlar çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində aparılan işlər və postmünaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizi Mərkəzi Asiya regionu, o cümlədən Qazaxıstan üçün də yeni fürsətlər yaradır. Ölkələrimizin maraqları bu məsələdə də üst-üstə düşür. Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli istiqamətdir. İnfrastrukturun davamlı inkişafı, tarif və logistika üstünlüklərinin genişləndirilməsi daşımaların həcminin artırılması və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün əlverişli şərait yaradır.

İnfrastruktur sahəsində əhəmiyyətli layihələrdən biri Qazaxıstan ilə Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisidir. Tikinti müqaviləsi 2025-ci ilin martında Bakıda imzalanıb və işlərin tamamlanması 2026-cı ilin sonuna planlaşdırılır ki, bu da rəqəmsal inteqrasiyanı gücləndirəcək. Neft-qaz sektoruna gəldikdə isə SOCAR və “KazMunayQaz” Milli Şirkəti arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı baş saziş mövcuddur. 2024-cü ildə tranzit həcmlərinin mərhələli şəkildə artırılması və tariflərin aşağı salınması haqqında saziş imzalanıb. Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyini artırmaq üçün infrastrukturun modernləşdirilməsi, qatarların və s. yenilənməsi üzrə həyata keçirilən tədbirlər Orta Dəhlizin Avropa ilə Asiya arasında əsas tranzit marşrutu kimi mövqeyinin möhkəmlənməsinə imkan verəcək. Gəmiqayırma sahəsində tərəfdaşlıq da sənaye əməkdaşlığının mühüm istiqamətidir. Yaşıl energetikanın inkişafı ikitərəfli gündəlikdə mühüm yer tutur. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsinə və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər və memorandumlar imzalayıb. Bu təşəbbüslər ölkələrin davamlı inkişafa və ekoloji cəhətdən təmiz texnologiyalara keçidə birgə sadiqliyini əks etdirir. Dövət başçısının bu səfəri zamanı imzalanan sənədlər arasında da energetika sahəsinə xüsusi önəm verildiyi diqqətdən kənarda qalmadı.

Onu da qeyd edək ki, ölkəmizin Xəzəryanı dövlətlərlə ikitərəfli əməkdaşlığının bugünkü səviyyəsi göz önündədir. Cənab İlham Əliyevin hər zaman çıxışlarında yer alan bu fikrini xüsusi qeyd etməliyik ki, Azərbaycanın xarici siyasətində region dövlətləri ilə əməkdaşlıq xüsusi yer tutur. Son illərdə ölkəmizin regional əməkdaşlığa verdiyi davamlı töhfələr bunun əyani təzahürüdür. Dövlətimizin başçısı İlham Əliyev “Kazinform”a eksklüziv müsahibəsində “Xəzər dənizinin dayazlaşması problemi getdikcə daha çox aktuallaşır. Azərbaycan və Qazaxıstan bu məsələdə öz fəaliyyətlərini necə əlaqələndirir” sualına cavabında belə bir çağırışı etdi ki, təəssüf ki, bu gün Xəzər dənizi bir sıra ciddi ekoloji problemlərlə üz-üzədir. Ən aktual məsələlərdən biri dayazlaşma - həm ekoloji, həm də iqtisadi təhlükələr yaradan suyun səviyyəsinin sürətlə azalmasıdır. 2022-ci ildə keçirilən VI Xəzər Zirvə Görüşündə mən Xəzər dənizində ekoloji tarazlığın pozulması məsələsini qaldırdım. Təəssüf ki, o vaxtdan bəri vəziyyət ancaq pisləşib. Xəzərdə suyun səviyyəsi sürətlə aşağı düşür və bunun səbəbləri təkcə iqlim dəyişikliyi ilə bağlı deyil: “Yaranmış şəraitdə bütün Xəzəryanı ölkələr arasında sıx əməkdaşlıq qurmaq, fəal elmi informasiya mübadiləsi aparmaq və nəticələrin yumşaldılması üçün əlaqələndirilmiş tədbirlər işləyib hazırlamaq çox vacibdir. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və bununla bağlı ekoloji dəyişikliklər biomüxtəlifliyi və ekosistemin dayanıqlılığını təhdid edir ki, bu, təbiətin mühafizəsi və ekoloji tarazlığın bərpası üçün əlaqələndirilmiş tədbirlərin görülməsi zərurəti yaradır.” Bu çağırış da qeyd edildi ki, Azərbaycan, Qazaxıstan və digər Xəzəryanı ölkələr regional və beynəlxalq platformalarda Xəzərin mühafizəsi təşəbbüslərini fəal şəkildə irəli sürə bilərlər və bunu etməlidirlər. Artan transmilli ekoloji risklər şəraitində Xəzər dənizi, sadəcə, su hövzəsi deyil, bizim ortaq məsuliyyətimizin və birgə fəaliyyətimizin zəruriliyinin rəmzinə çevrilir.

Türk dövlətlərinin bir araya gəldiyi Türk Dövlətləri Təşkilatı da Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir. Siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır. 2009-cu ildə qədim Azərbaycan torpağı Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatı türk xalqları və ölkələri arasında əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verib. Keçən il Şuşada təşkilatın ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şuranın 12-ci Zirvə Görüşü keçirildi. Bu yüksəksəviyyəli görüşlərdə ölkələrimiz arasında təşkilat çərçivəsində əməkdaşlığın əsas məsələləri səmərəli şəkildə müzakirə edilib, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, Türk dünyasının daha sıx birliyinə, onun siyasi, iqtisadi və hərbi gücünün artırılmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə töhfə verən bəyannamələr imzalanıb. Cənab İlham Əliyev istər Qazaxıstan səfərində keçirdiyi görüşlərdə, istərsə də sözüdedən müsahibəsində Türk dünyasının birliyindən bəhs edildi və vurğulandı ki, TDT çərçivəsində ölkələrimiz arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq sistemli və ardıcıl xarakter daşıyır. Birgə təşəbbüslər festivalların, sərgilərin, ədəbi gecələrin və konfransların təşkilindən tutmuş elm və təhsil müəssisələri arasında fəal əməkdaşlığa qədər geniş istiqamətləri əhatə edir.

Göründüyü kimi, möhkəm təmələ əsaslanan Azərbaycan-Qazaxıstan münasibətlərinin daha da möhkəmlənməsi üçün yeni imkanlar yaranır. Hər iki tərəf əlaqələrin inkişafında nə qədər maraqlı olduqlarını sözdə deyil, əməldə təsdiqləyirlər.

Yeganə Əliyeva, “İki sahil”