22 oktyabr 2025 00:34
127

Fəal qarşılıqlı fəaliyyət ciddi geosiyasi əhəmiyyət daşıyır - Bakı-Astana

Ortaq mədəni və tarixi köklərə malik olan Azərbaycan və Qazaxıstanı möhkəm qardaşlıq münasibətləri birləşdirir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb. Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.

Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a eksklüziv müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən bəhs edib. Azərbaycan- Qazaxıstan münasibətləri coğrafi yaxınlıqla deyil, ortaq dəyərlər və strateji məqsədlərlə bərabər formalaşan regional əməkdaşlıq nümunəsidir. Ölkəmizin başçısı həmin müsahibə də bu münasibətlərin nə qədər dərin və çoxşaxəli olduğunu bir daha nümayiş etdirdi.

Ötən dövrdə iki qardaş ölkə arasında 170 sənəd hazırlanıb, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb. Bu il Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinın 20 illiyi qeyd edilir. Ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır. Ötən il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə yükdaşımaların həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. Bu marşrut üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyədən olan 20-dən çox logistika və liman operatorunun birləşməsi daşımaları daha səmərəli edərək çatdırılma müddətini 38 gündən 19 günə endirib. Qazaxıstan hazırda Azərbaycan ərazisindən Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə ildə 1,5 milyon ton neft ixrac edir. Azərbaycan isə 2027-ci ilə qədər bu göstəricini 7 milyon tona çatdırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən əsas tranzit marşrutuna çevrilir və burada Azərbaycan və Qazaxıstanın rolu həlledicidir. 2022-ci ildə Aktauda imzalanmış Orta Dəhlizin inkişafına dair 2022–2027-ci illər üçün Yol Xəritəsi bu sahədə sistemli inteqrasiyanın əsas sənədidir.

İki ölkə arasında yaradılmış Birgə İnvestisiya Fondu 300 milyon dollarlıq nizamnamə kapitalı ilə qarşılıqlı investisiya mühitinin genişlənməsinə xidmət edir. Azərbaycan Qazaxıstan iqtisadiyyatına 225 milyon dollar, Qazaxıstan isə Azərbaycan iqtisadiyyatına 136 milyon dollar investisiya yatırıb. Qazaxıstan, həmçinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinə də qardaş dəstəyini göstərib. İşğaldan azad edilmiş Füzuli rayonunda inşa edilərək istifadəyə verilmiş Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi bunun əyani təsdiqidir. İki qardaş ölkə Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA çərçivəsində də fəal əməkdaşlıq edir.

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə birgə mətbuata bəyanatında bildirib ki, Bakı və Astananın fəal qarşılıqlı fəaliyyəti ciddi geosiyasi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı bildirb ki, bu gün ölkələrimiz arasında aktiv qarşılıqlı fəaliyyət həm də çox mühüm geosiyasi əhəmiyyətə malikdir: “Bu gün yeni nəqliyyat marşrutları açıldıqca, daha geniş Avrasiya regionunda birləşdirici layihələr həyata keçirildikcə, Qafqaz və Mərkəzi Asiya daha sıx əlaqələndikcə və tez-tez vahid coğrafi məkan çərçivəsində fəaliyyət göstərdikcə, bütün bunlar qarşılıqlı fəaliyyətin konkret nəticələr verməsini təmin etmək üçün daimi diqqət və təbii ki, dövlət başçılarının iştirakını tələb edir”.

Prezident Kasım-Jomart Tokayev Prezident İlham Əliyev ilə birgə mətbuata bəyanatında bildirb ki, Qazaxıstan və Azərbaycan yaxın gələcəkdə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir: “Sevindirici haldır ki, ikitərəfli əməkdaşlığın inkişafı üzrə hərtərəfli proqram (Qazaxıstan və Azərbaycan-red.) qrafik üzrə həyata keçirilir. Danışıqlar zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirildi və biz yaxın gələcəkdə ikitərəfli ticarət dövriyyəsini iki dəfə artırmaq və onu 1 milyard dollara çatdırmaq üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəldik”.

Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan-Qazaxıstan münasibətləri qardaşlıq, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və hərtərəfli əməkdaşlıq əsasında qurulur və inkişaf edir.

Zahid Rza, “İki sahil”