Siyasi münasibətlər müstəvisində baş verən mürəkkəb prosesləri daha rahat və aydın şəkildə anlamaq üçün bəzi alim və nəzəriyyəçilər konkret hadisələri müxtəlif idman növləri ilə müqayisə edirlər. Əlçatan müqayisələr müxtəlif kombinasiyalardan ibarət olan konkret siyasi hadisələrin məntiqini müəyyən etməyə kömək edir. Təsadüfi deyil ki, müqayisələrin aparılması metodu siyasi maarifçiliyin ən populyar üsuludur. Belə ki, eyni bir klubda uzun müddət ərzində oynayan idmançının klubdan uzaqlaşdırılmasının əsas səbəblərinin sayı əslində elə də çox deyil. Beynəlxalq təcrübəyə əsaslanaraq burada növbəti əsas standart səbəbləri qeyd edə bilərik: səmərəlilik əmsalının düşməsi, sabotaj cəhdi və ya klubun sirlərinin rəqib komandaya satılması. Müəyyən oluna biləcək bütün digər səbəbləri isə qeyd olunan amillərin ətrafında tapmaq mümkündür.
Heç şübhəsiz ki, son dövrün ən “əlvan” siyasi hadisəsi məhz Ramiz Mehdiyev olayıdır. Əlbəttə ki, sözügedən şəxs ilə əlaqədar cinayət işinin açılması sıradan bir hadisə deyil. Zamanında dövlət idarəçilik iyerarxiyasının zirvəsində olmuş şəxsin adının hər-hansı bir qalmaqalda çəkilməsinin bütün informasiya reytinqlərinin top onluğuna daxil olacağını proqnoz etmək bir o qədər də çətin iş deyil. Onu da deyə bilərik ki, məsələ ilə bağlı yayılan məlumatlarda tanınmış şəxslərin və konkret dövlət qurumlarının adlarının çəkilməsi hadisə ilə bağlı ictimai marağı pik dərəcəsinə qədər artırır.
İctimai maraq olan yerə isə qalmaqal axtarışında olan fürsətçilərin axışması heç də təəccüblü hal deyil. Yaranmış vəziyyətdən faydalanmaq istəyənlər də olacaq, qalmaqalı təhrif edərək siyasi divident qazanmaq arzusunda olanlar da olacaq. Əlbəttə ki, tanınmış şəxslərin adları çəkilən yerdə köhnə haqq-hesabı çürütmək və hətta şantaj etmək istəyənlər də olacaq. Hadisələri “boyalayan” və vəziyyəti mürəkkəbləşdirən amil sosial şəbəkələrin vəhşi cəngəllik qanunlar ilə idarə olunmasıdır. Hamımız ona alışmışıq ki, hər bir sosial şəbəkə istifadəçisi artıq özünü politoloq və ya ən azından siyasi ekspert kimi hiss edir. Şahidlik etdiyimiz proses sayəsində isə sanki hər kəs aparılan ümummilli istintaq prosesində iştirak edən müstəntiqə çevrilib.
Ən çətin düyün kimi bir-birinə dolaşmış bu gün şahidlik etdiyimiz “maraqlı” hadisələri anlamaq və adekvat nəticələrə gəlmək üçün bizim harayımıza yenə də siyasi maarifçilik gələ bilər. Məhz siyasi maarifçilik prizmasından çıxış edərək qeyd etməliyik ki, mövcud prosesdə hər-hansı bir konkret ada fokuslanmaq doğru sayılmaz. Bu cür yanaşma prosesin mahiyyətini anlamağa mane olar. Konkret şəxslərin bu və ya digər cinayətlərdə iştirak “payını” müəyyən edən hüquq-mühafizə qurumları tərəfindən hər bir hadisəyə hüquqi qiymət veriləcəkdir. Heç şübhəsiz ki, yaşanan olaya da rəsmi münasibət bildiriləcəkdir, hadisələrin süni şəkildə sürətləndirilməsi kimlərinsə yumşaq desək “diqqətdən kənar” qalmasına səbəb ola bilər. Odur ki, bu gün mətbuat vasitəsilə səsləndirilən müxtəlif fərziyyələr əslində aparılan istintaq işlərində çəkilə biləcək adların coğrafiyasını artırır.
Odur ki, təhlillərimizdə adların çəkilməsindən və qalmaqallardan uzaqlaşa bilsək biz yaşanan proseslərin əsl hədəf və məqsədlərin görə bilərik. Məsələni bir qədər də qəlizləşdirən digər önəmli amil odur ki, mətbuatımız da bizim bəzi siyasətçilərimiz kimi məhz olay və qalmaqal axtarışındadır. Ona görə də siyasətdə bəzən obyektiv həqiqət cəmiyyətin ictimai təfəkkürünə süni şəkildə yeridilən qərəzli emosiyaların kölgəsində qalır.
Çəkinmədən iddia edə bilərik ki, yaşanan proseslər bilavasitə Qələbəmiz ilə formalaşmağa başlamış Yeni reallığının növbəti təzahürüdür. Regionun yeni geosiyasi statusu, qlobal proseslərə təsir edə biləcək yeni geosiyasi bolkların yaranması, regionun iqtisadi cəlbedicilik göstəricilərinin artırılması, regionun tarixində ilk dəfə olaraq uzunmüddətli sülhün bərqərar olunması üçün münbit şəraitin yaradılması, Azərbaycanın beynəlxalq imici ilə əlaqədar əldə olunmuş inanılmaz nailiyyətlər, perspektivə yönəlmiş iqtisadi layihələr və digər bu kimi amillər sadəcə dayanıqlı inkişafının zəmanətləri deyil, bunlar ilk növbədə Yeni reallığının təzahürləridir. Əlbəttə ki, burada biz Prezident İlham Əliyevin yeni siyasi konfiqurasiya ilə bağlı olan anonslarını da unutmamalıyıq.
Heç şübhəsiz ki, bu gün yaşanan hadisələr həmin “yeni siyasi konfiqurasiyanın” növbəti konturları haqqında da bizləri məlumatlandırır. Anlamalıyıq ki, “yeni siyasi konfiqurasiya” əsla təkcə hansısa institusional dəyişiklik demək deyil. Yeni konfiqurasiya ilk növbədə yeni siyasi paradiqmaların meydana gəlməsi və yeni münasibətlər sisteminin yaranması deməkdir. Yeni yanaşma və düşüncə paradiqmaları işə düşmədiyi təqdirdə arzuolunan nəticələrin əldə olunması çətin və bəzən də əlçatmaz vəzifəyə çevrilir. Ehtimal edə bilərik ki, baş verən hadisələrin kökündə məhz sözügedən məqsədləri görməliyik. Başqa sözlə, baş verən hadisələrin strateji hədəfi münasibətlər sisteminin mahiyyət etibarı ilə dəyişdirilməsi prosesinin stimullaşdırılmasıdır.
Mövcud kontekstin inkişafında yaşanan hadisələrinin növbəti strateji hesab oluna biləcək hədəfləri müəyyən edə bilərik: cəmiyyətdə hər kəs anlamalıdır ki, bu dövlətdə toxunulmaz şəxs yoxdur; hakim komanda içərisində “təriqətlərin” yaranması yolverilməzdir; istənilən əməl hər an ifşa oluna bilər; dövlətdən gizlin şəkildə heç bir proses cərəyan edə bilməz; istənilən proses dəqiq hesablanmış vahid strategiya çərçivəsində cərəyan edir və bu səbəbdən də lazım olan vaxtdan tez heç bir atdım atılmır; daxili siyasətin axınına heç bir xarici amil təsir göstərə bilməz və s.
Yaşanan hadisələr həm də dəyişilmək üçün özlərində güc və iradə tapmayanların məzmun etibarı ilə “format” olunmasını qaçılmaz edir. Hadisələr eyni zamanda siyasətçilərin səmimilik indikatoru kimi də çıxış edir. Sosial şəbəkələr sayəsində kimin nəyə qadir olduğunu artıq hər kəs çox gözəl bilmiş oldu. Hadisələr siyasi münasibətlərdə yaxşı unudulmuş “etibarlılıq” və “sadiqlik” kimi keyfiyyətləri də insanların yadına saldı. Açıq təxribat xarakterli bu proseslərdə siyasi partiyalara da ayrılan rolu xüsusi olaraq qeyd etməliyik. Təəssüf ki, ölkəmizdə siyasi dialoq mühitindən çox narahat olan qüvvələr siyasi partiyaları da yaşanan proseslərə zorla daxil etməyə çalışırlar. Bununla da keçmişdə cəmiyyətimizdə yaşanan ideoloji parçalanmanı bərpa etməyə çalışırlar.
Əlbəttə ki, yanılırlar və əlbəttə ki, heç bir sosial bazaya malik olmayanlar xırda xuliqanlıqdan başqa heç nəyə qadir deyillər. Bəhs etdiyimiz proseslər siyasi sistemi yalnız bərkidəcək və onun immunitetini bir qədər də artıracaqdır. Ən azından ona görə ki, yeni siyasi konfiqurasiya ilə bağlı atılan bütün addımların əsas strateji hədəflərindən biri elə məhz ölkənin siyasi immunitetinin artırılmasıdır. Sadəcə görünən odur ki, kimlərsə köhnə cığal əməllərindən ötrü çox darıxıb.
Necə ki, 44 günlük müharibənin başlanılmasından heç olmasa 20 gün öncə, yəni təqribən 5-7 sentyabr 2020-ci il tarixində heç kəs hətta xəyal edə bilməzdi ki, bir neçə həftə sonra Azərbaycan xalqı düşmən üzərində mütləq qələbə çalacaq, bu gün təməli qoyulan yeni siyasi konfiqurasiya da sabah hər bir vətəndaşın qürur predmetinə çevriləcək. Odur ki, qürurumuz olan milli himnimizin sözlərini yada salaq: “Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz!” Hər kəs dərk etməlidir ki, təxribatlar dövrü bitib və Azərbaycan xalqı çox mürəkkəb və ağrılı proseslərdən keçərək indi tarixinin Qələbələr mərhələsini yaşayır.
Asif Adil,
politoloq