22 oktyabr 2025 02:31
133

Qubadlının azadlığına qovuşmasından beş il ötür

27 il düşmən əsarətində qalan bu şəhər 2020-ci ilin Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusunun şücaəti ilə azad olunaraq, tarixə bir zəfər simvolu kimi daxil oldu

Zəfər yürüşünün 29-cü günündə – 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri öz doğma sakinləri ilə birlikdə azadlıq ruhunun təntənəsini yaşamağa başladı. Qubadlı Şəhəri Günü sadəcə tarixi bir gün deyil, həm yenidənqurma və bərpa proseslərinin rəmzinə çevrilib, həm də Qubadlıya qayıdan insanlar üçün doğma torpaqlara qayıdışın simvolik bir mərhələsidir. Şəhərin müxtəlif yerlərində yeni tikinti işləri, yolların bərpası və sosial obyektlərin yenidən qurulması davam edir. Bu proseslər şəhərin əvvəlki gözəlliyini bərpa etməklə yanaşı, onun daha da inkişaf etməsinə və insanların daha yaxşı şəraitdə yaşamasına zəmin yaradır.

Tarixə nəzər salaq: Qubadlı və onun ətrafında yerləşən kəndlər hələ XVIII əsrdə Qarabağ inzibati ərazisinə daxil idi. 1868-ci ildə Yelizavetpol quberniyası yaranandan sonra bu rayon Zəngəzurun tərkibinə daxil edilib. Rayonun əhalisi əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olub. Qubadlı rayonu 1933-cü ildə yaradılıb. Həmin vaxt rayonda 1 şəhər və 93 kənd olub. Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlı şəhərinin əhalisi 5604 nəfər olub.1988-ci ildən başlayaraq Ermənistan və Qarabağın dağlıq hissəsi ilə sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlayıb, dinc əhaliyə qarşı terror aktları törədilib. 31 avqust 1993-cü ildə isə Ermənistan silahlı birləşmələri tərəfindən rayon işğal olunub.

44 günlük Vətən müharibəsində Zəngilanın işğaldan azad olunması ilə Qubadlıya gedən yollar da açıldı. Rəşadətli ordumuz Qubadlı istiqamətində döyüşlərə də xüsusi hazırlaşır, tapşırıqları uğurla icra edirdi. İlk növbədə şəhərə hakim olan yüksəkliklər nəzarətə götürülərək ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq və strateji yüksəkliklər azad edildi. Oktyabrın 25-də isə müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının işğalçılardan xilas edilməsi üçün döyüş əməliyyatları bir neçə gün davam etdi. Bu şəhərdə də güclü düşmən istehkamları, müdafiə sədləri var idi. Qubadlının Zilanlı, Kürd Mahruzlu, Muğanlı, Alaqurşaq kəndləri oktyabrın 23-də düşməndən təmizlənmişdi. Oktyabrın 25-də isə rayonun 8 kəndi ilə bərabər, Qubadlı şəhəri də işğaldan azad edildi. Qubadlı şəhərinin azad edilməsi qələbəmizi daha da yaxınlaşdırdı. Bu müjdəli xəbəri də Prezident İlham Əliyev xalqa çatdırdı. Noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi düşmən tapdağından xilas edildi.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qubadlıya ilk səfəri 2020-ci il dekabrın 23-də oldu. Dövlət başçısı rayonda Azərbaycan Bayrağını qaldıraraq Qubadlının işğaldan azad edilməsinin tarixi hadisə olduğunu vurğuladı. Qubadlının işğaldan azad olunmasının birinci ildönümündə bu rayona səfər edən dövlət başçısı Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, "Azərenerji" ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq "Qubadlı" yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak etdi. İşğaldan azad edilmiş digər rayonlardakı yarımstansiyalarda olduğu kimi, Qubadlıda da Dördüncü Sənaye İnqilabına uyğun olaraq intellektual enerji sistemi şəbəkəsi konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, tam rəqəmsallaşdırılmış yarımstansiya yaradılıb. Səfər çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən cənab İlham Əliyev qeyd etdi ki, Qubadlı şəhəri demək olar ki, yerlə-yeksan edilib, bir salamat bina yoxdur, sadəcə olaraq, erməni hərbçiləri öz məqsədləri üçün bir neçə binadan istifadə etmişlər, onlar da bərbad vəziyyətdədir: "...biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq. Qubadlı şəhərinin Baş planı hazırlanır və yəqin ki, yaxın aylarda təqdim ediləcək, o cümlədən Qubadlı ictimaiyyətinə təqdim ediləcəkdir. Əlbəttə ki, bu baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Amma eyni zamanda artıq bu gün Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Bu gün biz yeni yarımstansiyanın açılışını qeyd etdik və bu, azad edilmiş torpaqlarda yeddinci yarımstansiyadır. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır".

Qeyd edək ki, Qubadlı şəhəri işğaldan azad edildikdən sonra sürətli bərpa və quruculuq proseslərinə daxil olub. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci ilin 9 sentyabr tarixində  “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. 27 il düşmən işğalında qalan şəhər məhv edilən infrastruktur və sosial obyektlərə baxmayaraq, bu gün böyük dirçəliş dövrünü yaşayır. Azərbaycan dövlətinin genişmiqyaslı layihələri sayəsində Qubadlı yenidənqurma yolunda önəmli addımlar atır və öz tarixi simasını bərpa etməyə başlayır. İşğala qədər 38 min nəfərdən çox əhalisi olan, sənaye və digər təsərrüfat sahələri üzrə Qubadlı rayonunun ümumi tələbatı 12 MVt olmaqla bir ədəd 110 kV-luq yarımstansiyadan qidalanıb. 47 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Qubadlıda inkişaf istiqamətləri nəzərə alınmaqla 2040-cı il üçün elektrik enerjisi tələbatının 38 MVt-dan artıq olacağı gözlənilir. 2021-ci il oktyabrın 25-də sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışı olmuşdur. Yarımstansiyanın tikintisi ilə paralel olaraq Qubadlının Azərbaycanın ümumi enerji sisteminə qoşulması, rayonun dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün Füzulidəki “Şükürbəyli” yarımstansiyasından “Cəbrayıl” yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli “Qubadlı-1”, “Qubadlı-2” elektrik verilişi xətti çəkilib. Bu layihələr Qubadlı rayonunun sosial-iqtisadi inkişafına, həmçinin işğaldan azad edilən ərazilərdə məskunlaşmanın bərpasına mühüm töhfə verir. 2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev “Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xudafərin–Qubadlı–Laçın avtomobil yolunun 33-cü kilometrindən başlayan yeni Qubadlı–Laçın yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi üçün 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat vəsait ayrılıb.

Yenidənqurma işlərinin əsas mərhələlərindən biri də şəhərin ətraf mühiti və ekologiyasının bərpasıdır. Uzun illər ərzində işğal altında qalan Qubadlının təbiəti ciddi zərər görmüşdü. Amma bu gün şəhərdə ekoloji tarazlığın bərpası məqsədilə genişmiqyaslı ağacəkmə və yaşıllıq layihələri həyata keçirilir. Şəhərin yaxın ərazilərində yaradılan milli parklar və yaşıllıq sahələri həm ekoloji balansın bərpasına, həm də gələcəkdə turizm potensialının inkişafına xidmət edəcək. Dövlət tərəfindən aparılan bərpa və quruculuq işləri yalnız infrastrukturun bərpası ilə məhdudlaşmır. Tarixi və mədəni abidələrin bərpası da ön plandadır. Qubadlının tarixi abidələri, məscidləri və digər mədəni irs nümunələri yenidən dirçəlir, bu da şəhərin tarixi kimliyinin qorunub saxlanmasına böyük töhfə verir. Bütün bu quruculuq işləri Qubadlının yeni dövrə qədəm qoyduğunu və daha güclü, inkişaf etmiş bir şəhər kimi gələcəkdə Azərbaycan iqtisadiyyatına və sosial həyatına böyük töhfə verəcəyini göstərir. Şəhər, həm yerli əhali, həm də xarici turistlər üçün yenidən cazibə mərkəzinə çevriləcək. Qubadlının bərpa yolu, ölkəmizin hərtərəfli inkişafının və azad edilmiş ərazilərin dirçəlişinin bariz nümunəsidir.

Sevinc Azadi, “İki sahil”