Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr müstəqillik illərindən etibarən ardıcıl və dinamik şəkildə inkişaf etmişdir. Xalqlarımızı birləşdirən ortaq türk kimliyi, tarixi və mədəni köklər, qarşılıqlı hörmət və dostluq münasibətləri bu əlaqələrin formalaşmasında əsas baza rolunu oynamışdır.
İki ölkə arasında “Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” 2005-ci ildə imzalanmış və bu sənəd dövlətlərimiz arasında əməkdaşlığın hüquqi əsasını təmin etmişdir. Bu il həmin tarixi sənədin imzalanmasının 20 illiyi tamam olur. Ötən illər ərzində bu müqavilə əsasında formalaşan əlaqələr daha da genişlənmiş, qarşılıqlı etimad və dostluq münasibətləri möhkəmlənmişdir.
Bu münasibətlər həm regional, həm də beynəlxalq səviyyədə mühüm strateji əhəmiyyətə malikdir. Müqavilə təkcə siyasi sənəd deyil, həm də xalqlarımız arasında birliyə, qarşılıqlı dəstəyə və sabit əməkdaşlığa yönəlmiş yol xəritəsi kimi çıxış etmişdir.
Azərbaycan və Qazaxıstan arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə iki dövlət arasında çoxşaxəli əməkdaşlığın inkişafında yeni mərhələ açmışdır. Bu sənədin əsas məqsədi xalqlarımız arasında tarixi dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin dərinləşdirilməsi olmuşdur.
“Biz ötən illər ərzində möhkəm hüquq-müqavilə bazası — təqribən 170 sənəd işləyib hazırlamışıq, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaratmışıq.”
Bu fikirlər bir daha göstərir ki, Azərbaycan–Qazaxıstan münasibətləri təkcə formal diplomatik əlaqələr deyil, real nəticələrə əsaslanan dərin və çoxşaxəli əməkdaşlıq sistemidir.
Siyasi sahədə iki ölkə bir-birini beynəlxalq təşkilatlarda daim dəstəkləmişdir. Azərbaycan və Qazaxıstan BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər platformalarda eyni mövqedən çıxış edərək qarşılıqlı dəstək nümayiş etdirirlər. Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman tanımış, postmünaqişə dövründə Cənubi Qafqazda sülh və sabitlik təşəbbüslərini dəstəkləmişdir.
Azərbaycan da öz növbəsində Qazaxıstanın beynəlxalq təşəbbüslərini, xüsusilə Orta Asiyada sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini yüksək qiymətləndirərək dəstək göstərmişdir.
İqtisadi əlaqələr Azərbaycan–Qazaxıstan tərəfdaşlığının əsas sütunlarından biridir. Ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsi ildən-ilə artır. Xəzər dənizi üzərindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) bu əməkdaşlığın konkret nəticəsidir. Bu layihə regionda ticarət və logistikanın inkişafına, Avropa ilə Asiya arasında etibarlı körpünün qurulmasına xidmət edir.
Qazaxıstan şirkətləri Azərbaycanda energetika, kənd təsərrüfatı və sənaye sahələrinə investisiyalar yatırır, eyni zamanda Azərbaycan investorları da Qazaxıstanın müxtəlif bölgələrində layihələrdə iştirak edirlər.
Azərbaycan–Qazaxıstan əlaqələrinin əsas dayaq sütunlarından biri də mədəni-humanitar sahədəki əməkdaşlıqdır. Hər iki ölkədə türk mədəniyyətinin və ortaq irsin təbliği istiqamətində tədbirlər keçirilir, incəsənət, təhsil və elm sahələrində qarşılıqlı layihələr həyata keçirilir.
İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstanın dəstəyi ilə tikilən Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi bu əməkdaşlığın bariz nümunəsidir. Hal-hazırda orada 100-ə yaxın uşaq incəsənətin müxtəlif sahələrində təhsil alır. Bu layihə xalqlar arasında dostluğun, qarşılıqlı hörmətin və qardaşlıq əlaqələrinin rəmzi hesab olunur.
Azərbaycan və Qazaxıstan arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə iki ölkə arasında qarşılıqlı hörmət, bərabərlik və etimad prinsiplərinə əsaslanan əməkdaşlığın hüquqi dayağıdır.
20 il ərzində əldə edilmiş nailiyyətlər göstərir ki, bu münasibətlər təkcə keçmişin uğurları ilə deyil, həm də gələcək perspektivlərlə xarakterizə olunur. Hər iki ölkənin rəhbərləri Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev qarşılıqlı səfərlər, imzalanmış sənədlər və ortaq təşəbbüslərlə əlaqələrin inkişafına böyük töhfə vermişlər.
Gələcəkdə Azərbaycan və Qazaxıstan arasında iqtisadi, enerji, nəqliyyat və mədəni əməkdaşlığın daha da genişlənəcəyi, yeni investisiya və texnoloji layihələrin reallaşacağı gözlənilir.
Bu strateji tərəfdaşlıq iki dost və qardaş xalqın birliyinin, ortaq türk irsinin və müasir beynəlxalq münasibətlər sistemində qarşılıqlı etimadın bariz göstəricisidir.
Təranə Paşayeva,
YAP Xətai rayon təşkilatının əməkdaşı