21 oktyabr 2025 14:25
194

Qardaşlıq və qarşılıqlı etimada əsaslanan münasibətlər - Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı

Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan və Qazaxıstanı birləşdirən bağlar təkcə coğrafi yaxınlıq və tarixi köklərlə məhdudlaşmır. Bu iki dövlət ortaq türk mədəniyyəti, dil və dini dəyərlər, oxşar inkişaf modelləri, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş dərin siyasi və strateji tərəfdaşlıq münasibətləri formalaşdırmışdır. Hər iki ölkə regional sabitlik, çoxtərəfli əməkdaşlıq və iqtisadi inteqrasiya prinsiplərini əsas götürərək, türk dünyasında həmrəylik və birliyin möhkəmlənməsində mühüm rol oynayır.

2025-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Kazinform” agentliyinə verdiyi müsahibə bu istiqamətdə aparılan çoxşaxəli siyasətin, strateji baxışın və qarşılıqlı etimada əsaslanan münasibətlərin bariz təzahürü oldu. Dövlət başçısı müsahibədə Azərbaycan-Qazaxıstan əlaqələrinin tarixi inkişaf yoluna, hazırkı vəziyyətinə və gələcək perspektivlərinə dair mühüm fikirlər səsləndirdi.

Siyasi münasibətlər - qarşılıqlı etimad və strateji müttəfiqlik

Azərbaycan-Qazaxıstan münasibətləri müstəqilliyin ilk illərindən etibarən qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında inkişaf etmişdir. Bu illər ərzində formalaşan siyasi dialoq qarşılıqlı etimad, dostluq və dəstək üzərində möhkəmlənmişdir.

Prezident İlham Əliyev “Kazinform” agentliyinə verdiyi müsahibədə vurğulamışdır: “Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq”.

Bu əməkdaşlıq, ilk növbədə, türkdilli dövlətlər arasında həmrəyliyin, Türk Dövlətləri Təşkilatının və digər ortaq platformaların möhkəmlənməsinə də böyük töhfə verir.

Strateji sənədlər və institusional əməkdaşlıq bazası

İki ölkə arasında imzalanmış çoxsaylı sənədlər - o cümlədən, “Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Bəyannamə” - siyasi əlaqələrin institusional bazasını formalaşdırmışdır. Bu sənədlər dövlətlərarası münasibətləri yeni mərhələyə yüksəldərək, əməkdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirmişdir.

Azərbaycan və Qazaxıstan liderləri arasında həyata keçirilən mütəmadi görüşlər, qarşılıqlı dövlət səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq bu tərəfdaşlığın dinamik və sabit xarakter daşıdığını göstərir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu münasibətlər “sadəcə diplomatik əlaqələr deyil, qardaşlıq və qarşılıqlı dəstək münasibətləridir”.

Enerji, nəqliyyat və “Orta Dəhliz” əməkdaşlığı - Avrasiyanın strateji xətti

Hər iki dövlət Xəzər hövzəsində yerləşən mühüm enerji və logistika mərkəzi kimi qarşılıqlı əməkdaşlığı regional sabitliyin və iqtisadi təhlükəsizliyin mühüm dayağı kimi görür. “Orta Dəhliz” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsi bu istiqamətdə strateji əhəmiyyət kəsb edir. Azərbaycan və Qazaxıstan bu layihənin əsas təşəbbüskar və aparıcı iştirakçıları kimi Avrasiyada ticarət, logistika və nəqliyyat sisteminin yenidən qurulmasına mühüm töhfə verir.

Prezident İlham Əliyev müsahibəsində bildirmişdir ki, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq iki ölkənin iqtisadi maraqlarını üst-üstə gətirməklə yanaşı, regionun sabitliyinə və dayanıqlı inkişafına xidmət edir. Bu əməkdaşlıq təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də türk dünyası və Mərkəzi Asiya-Cənubi Qafqaz inteqrasiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Humanitar və mədəni əlaqələr - ortaq dəyərlərin birləşdirici rolu

Azərbaycan-Qazaxıstan münasibətlərinin mühüm sütunlarından biri də mədəni-humanitar əməkdaşlıqdır. İki xalqı birləşdirən ortaq tarix, ədəbiyyat, dil və mədəni irs bu münasibətləri daha da yaxınlaşdırır.

Hər iki ölkə təhsil, elm, incəsənət və gənclər siyasəti sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ardıcıl addımlar atır. Qazaxıstan və Azərbaycan arasında mədəni əlaqələrin inkişafı türk dünyasında mənəvi birliyin möhkəmlənməsinə xidmət edir.

Füzulidə “Qazaxıstan-Azərbaycan Dostluq Məktəbi” - qardaşlıq və həmrəyliyin rəmzi

Qazaxıstan Respublikası Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında fəal iştirak etməklə həm maddi, həm də mənəvi dəstək nümayiş etdirmişdir. Xüsusilə Füzuli rayonunda “Qazaxıstan-Azərbaycan Dostluq Məktəbi” layihəsinin həyata keçirilməsi bu qardaş ölkənin Azərbaycan xalqına olan səmimi münasibətinin bariz nümunəsidir. Bu təşəbbüs təkcə təhsil infrastrukturunun bərpasına deyil, həm də iki xalq arasında mənəvi körpülərin daha da möhkəmlənməsinə xidmət edir.

Dostluq məktəbi layihəsi Qazaxıstanın dövlət səviyyəsində göstərdiyi humanitar həmrəyliyin və qardaşlıq münasibətlərinin rəmzidir. Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, bu təşəbbüs iki ölkə xalqları arasında mehriban münasibətlərin təzahürüdür və gələcək nəsillər üçün dostluq və həmrəylik nümunəsi kimi qalacaq.

Türk dünyasında birliyin möhkəmlənməsi və gələcəyə baxış

Dövlət başçısı müsahibədə vurğulayıb: “Azərbaycan və Qazaxıstan, həmçinin çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq arenada bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür”.

Bu gün Azərbaycan və Qazaxıstan yalnız regional tərəfdaş deyil, türk dünyasında inteqrasiya proseslərinin hərəkətverici qüvvəsidir. Füzuli rayonunda “Qazaxıstan-Azərbaycan Dostluq Məktəbi” kimi layihələr bu münasibətlərin dərin mənəvi mahiyyətini, xalqlarımız arasındakı sarsılmaz dostluğun və qardaşlığın parlaq təzahürüdür.

İki ölkənin strateji müttəfiqliyi qarşıdakı illərdə də regionda sabitliyin, inkişafın və türk birliyinin möhkəmlənməsində mühüm rol oynayacaq.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri