Qazaxıstana dövlət səfəri ərəfəsində cənab Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan və Qazaxıstan arasındakı siyasi dialoq qarşılıqlı etimad, strateji baxış və dostluq prinsipləri üzərində qurulub. Hər iki ölkə regional sabitlik, təhlükəsizlik və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır. Dövlət başçıları səviyyəsində aparılan mütəmadi təmaslar, imzalanmış sənədlər və həyata keçirilən birgə layihələr bu münasibətlərin davamlı xarakter daşıdığını sübut edir.
Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan–Qazaxıstan münasibətləri təkcə ikitərəfli müstəvidə deyil, həm də Türk dünyasının siyasi və iqtisadi inteqrasiyası baxımından mühüm nümunədir. Sözsüz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur. Ölkə başçısı işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisinə görə qardaş Qazaxıstana bir daha minnətdarlığını bildirib: “İşğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisinə görə qardaş Qazaxıstana bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bu Mərkəz mühüm mədəni-maarif müəssisəsinə çevrilib, hazırda orada 100-ə yaxın uşaq təhsil alır”.
Ötən illər ərzində hüquq-müqavilə bazası - təqribən 170 sənəd işləyib hazırlanıb, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb. Bu il 20 illiyi qeyd edilən Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bu sənəd Azərbaycan-Qazaxıstan əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub və ötən illər ərzində iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. Azərbaycan və Qazaxıstan, həmçinin çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də səmərəli əməkdaşlıq edir. Qazaxıstan və Azərbaycan beynəlxalq arenada da bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür.
Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir. Hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir. Bu proses məqsədyönlü dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəal dialoq, qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərinin inkişafına ümumi sadiqlik sayəsində mümkündür. Bu günə qədər ölkədə Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. Bu, investisiya mühitinə yüksək etimadı təsdiq edir və iqtisadi qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli istiqamətdir. İnfrastrukturun davamlı inkişafı, tarif və logistika üstünlüklərinin genişləndirilməsi daşımaların həcminin artırılması və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün əlverişli şərait yaradır. İnfrastruktur sahəsində əhəmiyyətli layihələrdən biri Qazaxıstan ilə Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisidir. Tikinti müqaviləsi 2025-ci ilin martında Bakıda imzalanıb və işlərin tamamlanması 2026-cı ilin sonuna planlaşdırılır ki, bu da rəqəmsal inteqrasiyanı gücləndirilməsinə səbəb olacaq. Gəmiqayırma sahəsində tərəfdaşlıq da sənaye əməkdaşlığının mühüm istiqamətlərindəndir.
Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır. 2009-cu ildə qədim Azərbaycan torpağı Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatı türk xalqları və ölkələri arasında əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verib. Keçən il Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Bu yüksək səviyyəli görüşlərdə ölkələrimiz arasında təşkilat çərçivəsində əməkdaşlığın əsas məsələləri səmərəli şəkildə müzakirə edilib, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, Türk dünyasının daha sıx birliyinə, onun siyasi, iqtisadi və hərbi gücünün artırılmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə töhfə verən bəyannamələr imzalanıb. TDT çərçivəsində ölkələrimiz arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq sistemli və ardıcıl xarakter daşıyır. Birgə təşəbbüslər festivalların, sərgilərin, ədəbi gecələrin və konfransların təşkilindən tutmuş elm və təhsil müəssisələri arasında fəal əməkdaşlığa qədər geniş istiqamətləri əhatə edir. Türk Dövlətləri Təşkilatı çərçivəsində tədqiqatların aparılmasında, elm və təhsil əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayan Beynəlxalq Türk Akademiyası uğurla fəaliyyət göstərir. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir. Bu, Azərbaycan ilə Qazaxıstan arasında etimadın yüksək səviyyəsinin daha bir göstəricisidir.
Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq da Azərbaycan–Qazaxıstan münasibətlərinə yeni strateji dərinlik qazandırır. Prezident İlham Əliyev müsahibəsində vurğulayıb ki, Türk dünyasının birliyi və iqtisadi inteqrasiyası qarşıdakı illərdə regionun inkişafına mühüm töhfə verəcək. Hər iki ölkə bu təşkilatın fəaliyyətinə öz töhfəsini verərək, nəqliyyat, enerji, humanitar və rəqəmsal sahələrdə birgə təşəbbüslərlə çıxış edir. Dövlət başçısının fikrincə, ortaq tarixi köklər, mənəvi bağlar və gələcəyə yönəlmiş baxış Azərbaycan ilə Qazaxıstanın həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığını daha da möhkəmləndirir və qardaş xalqların rifahına xidmət edir.
Bahar Cəfərova,
Şirvan şəhər Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin böyük biblioqrafı