20 oktyabr 2025 11:57
145

Zəngilan şəhərinin ilk sakinləri də tezliklə doğma yuvalarına qayıdacaqlar

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması, Vətən müharibəsində qazanılmış tarixi qələbənin əbədiləşdirilməsi məqsədi daşıyır.

Tarixə nəzər salaq. XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.

Rayonda çöküntü suxurlarından başqa, vulkanik materiallar - yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar - tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.

Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar.

Zəngilan yenidən qurulur. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 30 oktyabrda “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. İnfrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. Zəngilan şəhərinin ilk sakinləri də tezliklə doğma yuvalarına qayıdacaqlar.

Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edəcək. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir. Yolun illik buraxılış qabiliyyəti 15 milyon ton olacaq. Tikinti işləri 3 mərhələdə həyata keçirilir. 259 suötürücü boru, 39 körpü, 4 heyvan keçidinin, 5 yölötürücü və üst keçid, 7 alt keçidin tikintisi yekunlaşıb. Hazırda 4 ədəd tunelin, 1 ədəd körpünün, 1 ədəd qalereyanın və 3 ədəd suötürücü borunun tikinti-quraşdırma işləri davam edir.

Tarixi Zəfərimizdən bu günədək dövlət başçısı İlham Əliyev Zəngilan rayonuna 10-dan artıq səfər edib. Hər bir səfər Böyük Qayıdış Proqramının uğurlu icrasının təqdimatıdır.

Samir Qocayev,
​YAP Goranboy rayon təşkilatının sədri