20 oktyabr 2025 12:12
178

Zəngilanın dirçəlişi regionun sosial-iqtisadi inkişafına yeni təkan verir

Zəngilan rayonu həm strateji mövqeyi, həm də zəngin təbii sərvətləri ilə fərqlənir. Rayon ərazisində çöküntü suxurları, yura və təbaşir çöküntüləri geniş yayılıb. Burada əhəng xammalı, qızıl və qara mərmər yatağı, tikinti və susuzlaşdırılmış soda üçün əhəng daşı kimi qiymətli resurslar mövcuddur.

Coğrafi baxımdan Zəngilan şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər, şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Bu strateji mövqe bölgənin tarixi, hərbi və iqtisadi əhəmiyyətini artırır.

Rayonun iqtisadiyyatı əsasən kənd təsərrüfatına yönəlmişdir, işğal dövrünə qədər burada 29 kolxoz-sovxoz, 1 arıçılıq təsərrüfatı, 4 kooperativ və 3 kəndli-fermer təsərrüfatı fəaliyyət göstərmişdir. Eyni zamanda 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı mövcud idi ki, bu da regionun nəqliyyat infrastrukturunun inkişafına xidmət edirdi.

Zəngilanın inkişafı Ermənistanı ciddi narahat etmişdi və xarici havadarlarının dəstəyinə arxalanan düşmən Füzuli və Cəbrayıl rayonlarını işğal etdikdən sonra zəngilanlıları 67 gün tam mühasirə şəraitində saxlamışdır. Bu çətin dövrdə zəngilanlılar böyük iradə və qəhrəmanlıq nümayiş etdirərək düşmənə layiqli müqavimət göstərdilər. Lakin 1993-cü il oktyabrın 29-da Zəngilan erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdir.

2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad etmişdir. Bu əməliyyat nəticəsində Azərbaycan-İran sərhədi tam bərpa olunmuşdur. Zəngilanın azad edilməsində iştirak edən 6974 hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr Zəngilan şəhəri günü kimi təsis edilmişdir. Həmin gün rayonun azad edilməsi, bərpası və yeni inkişaf dövrünü təcəssüm etdirir. Zəngilanın bərpasında əsas prioritetlərdən biri Ağalı kəndində aparılan pilot layihədir. Burada 200 müasir ev inşa edilmiş, məktəb, bağça, tibb məntəqəsi, “ASAN” və “DOST” xidmətləri, həmçinin kiçik və orta biznes üçün infrastruktur təmin edilmişdir. 2022-ci ilin may ayında ilk sakinlər doğma torpaqlarına qayıtmış, 175 ailənin – 871 nəfərin məskunlaşması təmin edilmişdir.

Ağalı ağıllı kəndi dayanıqlı inkişaf və ekoloji texnologiyalara yönəldilmişdir. Həkəri çayı üzərində quraşdırılmış 3 Arximed Turbini tipli su elektrik stansiyası, fotovoltaik günəş panelləri, kombinə edilmiş istilik sistemləri və çirkab suların bioloji təmizlənməsi kənddə ekoloji tarazlığı təmin edir. Evlərdə termobloklar və xüsusi izolyasiya materiallarından istifadə olunmuş, GPON texnologiyası vasitəsilə yüksək sürətli internet, telefon və İP TV xidmətləri təmin edilmişdir. Həmçinin, kənddə ağıllı video müşahidə kameraları, Wi-Fi və avtomatik meteo stansiyası olan işıq dirəkləri quraşdırılmışdır. Bu tədbirlər həm sosial, həm də texnoloji baxımdan sakinlərin rahatlığını və təhlükəsizliyini təmin edir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il oktyabrın 30-da “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Rayonun strateji nəqliyyat şəbəkəsi Zəngilan Beynəlxalq Hava Limanı və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu ilə möhkəmləndirilir. Bu infrastruktur layihələri regionda yük daşımalarını və vətəndaşların hərəkətini asanlaşdırır, iqtisadi aktivliyi artırır. Hava limanı ICAO və IATA standartlarına uyğun olaraq bütün növ təyyarələri qəbul edə bilər. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun tikintisi ilə bölgənin logistika imkanları gücləndirilir.

Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa edilmişdir. Tarixi məscid konservasiya olunaraq yanında yeni ibadət zalları yaradılmışdır. Memarlıq, nəqqaşlıq və nəbati naxış işləri qədim abidənin estetikasını qoruyaraq müasir infrastruktura inteqrasiya olunmuşdur.

18 may 2024-cü il tarixində Ağalı kəndində “Ağalı” hoteli istifadəyə verilmişdir. Həmçinin, “Dost Aqropark” layihəsi ilə bölgədə kənd təsərrüfatı canlanmışdır. Layihə tam başa çatdırıldıqda kompleksdə 500 nəfər işlə təmin olunacaq. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon dollar dəyərində sərmayə qoyulacaq. Kompleksdə 6 min hektar sahədə bitki mənşəli istehsal sahələri, 10 min baş cins heyvan üçün maldarlıq, inteqrasiya olunmuş ət emalı müəssisəsi, toxumçuluq və şitilçilik sahələri yaradılacaqdır. “Aqro Market” vasitəsilə məhsullar “Made in Qarabağ” brendi ilə dünya bazarına çıxarılacaqdır.

Böyük Qayıdış Proqramı həm yaşayış imkanlarının bərpası, həm də bölgədə iş yerlərinin yaradılması, iqtisadiyyatın şaxələndirilməsi, turizm və kənd təsərrüfatının inkişafını hədəfləyir. Ağalı ağıllı kəndi, aqropark və yeni infrastruktur layihələri sakinlərin sosial rifahını artırmaqla yanaşı, regionun iqtisadi potensialını da gücləndirir.

Zəngilanın azad edilməsi və Böyük Qayıdış proqramı rayonun tarixi, mədəni və iqtisadi inkişafını təmin edir. Ağalı ağıllı kəndi, yeni yaşayış layihələri, strateji nəqliyyat dəhlizləri və aqropark kompleksləri Zəngilanı modern, ekoloji və sosial baxımdan dayanıqlı bir mərkəzə çevirir. Rayon həm ölkənin iqtisadi inteqrasiyasına töhfə verir, həm də gələcək nəsillər üçün dayanıqlı və müasir yaşayış məkanı yaradır.

Asif Əsgərov,
​Milli Məclisin deputatı