Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb.
“İki sahil” "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu barədə ŞKTR Ali Seçki Şurasının sədri Bertan Özerdağ məlumat verib.
O, şuranın əvvəl açıqladığı rəqəmləri təkrarlayaraq qeyd edib ki, 777 seçki qutusundan 735-i açılıb. T.Erhürman səslərin 62,80 faizini (84 630), müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,77 (48 208) faizini toplayıb.
Öz növbəsində, T. Erhürman mətbuat konfransı keçirərək qələbə qazandığını bəyan edib. O bildirib ki, ölkənin xarici siyasəti rəsmi Ankara ilə məsləhətləşmələr formasında yürüdüləcək: "Kimsənin bundan şübhəsi olmasın".
***
Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərində səsvermə prosesi başa çatıb.
“İki sahil” "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, səsverməyə yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 19:00) yekun vurulub.
***
Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkiləri keçirilir.
“İki sahil” xəbər verir ki, seçkilərdə səsvermə saat 8:00-da başlayıb və 18:00-dək davam edəcək.
Seçkilərlə əlaqədar ölkə üzrə ümumilikdə 777 seçki məntəqəsi yaradılıb. Namizədlər Prezident seçilmək üçün birinci turda 50% + 1% səs toplamalıdır. Namizədlərdən hansısa bu səs çoxluğunu əldə edə bilməsə, ölkədə yeddi gün ərzində ikinci tur keçiriləcək.
Qeyd edək ki, prezident postu uğrunda ümumilikdə 7 namizəd mübarizə aparır.