17 oktyabr 2025 17:44
107

Livan məhkəməsi Qəddafinin oğlunu 11 milyon dollar qarşılığında azadlığa buraxa bilər

Livan məhkəməsi Liviyanın mərhum lideri Müəmmar Qəddafinin oğlu Hannibalın 11 milyon dollar girov müqabilində azadlığa buraxılması barədə qərar qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə onun vəkili Ədliyyə Sarayında keçirilən dindirmə prosesindən sonra məlumat yayıb. Vəkilin sözlərinə görə, müdafiə tərəfi məhkəmənin təyin etdiyi girovun məbləğindən narazı qalıb və bu qərarı apelyasiya qaydasında mübahisələndirəcək.

Hannibal Qəddafi 2015-ci ildə siyasi sığınacaq aldığı Suriyadan qaçırılaraq Livana təhvil verilib. O, 1978-ci ildə Liviyada itkin düşmüş şiə din xadimi imam Musa Sadrın taleyi ilə bağlı məlumatları gizlətməkdə ittiham olunur. Vəkil İnas Harrakın sözlərinə görə, 10 ildir həbsxanada saxlanılan 50 yaşlı Hannibal Qəddafinin təqsirini sübut edən heç bir fakt təqdim olunmayıb.

Hannibal Qəddafi atasının hakimiyyəti dövründə ölkənin neft ixracına nəzarət edib. 2011-ci ildə Müəmmar Qəddafinin devrilməsi və öldürülməsindən sonra münaqişə zonasını tərk edərək Əlcəzairə, sonradan isə Suriyaya sığınıb.

Qeyd edək ki, imam Musa Sadr 1978-ci ilin avqustunda Liviya inqilabının ildönümü tədbirlərinə qatılmaq üçün Tripoliyə dəvət edilib. Roma Papası ilə görüşmək üçün Vatikana səfərə hazırlaşan din xadimi polkovnik Müəmmar Qəddafi ilə görüşdən sonra iki müşaviri ilə birlikdə yoxa çıxıb.