ABŞ və Ermənistan arasında "Tramp Marşrutu" layihəsi (TRIPP, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi) üzrə danışıqlar müəyyən dərəcədə yavaşlayıb. Bu da beynəlxalq hadisələrlə bağlıdır.
“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"Vaşinqtonda avqustun 8-də Birləşmiş Ştatlarla razılığa gəldik. Daha sonra Ukrayna və Yaxın Şərq ətrafında gərgin vəziyyət yaranmağa başladı. Prezident Donald Tramp və onun administrasiyası bu məsələlərdə birbaşa iştirak edir. Bu layihə üzərində eyni insanlar, eyni komanda işləyir. Bu reallıqlar şübhəsiz ki, prosesin sürətinə təsir göstərir", - o deyib.
Bununla yanaşı, N.Paşinyan qeyd edib ki, TRIPP layihəsi ətrafındakı proses məzmunun hazırlanması mərhələsindədir: "Hazırda layihənin məzmununu formalaşdırmaqla məşğuluq. Masanın üzərində bir sənəd şəklində tərtib edilməli olan müxtəlif komponentlər var. Bu, hər hansı böyük layihə üçün normal iş prosesidir".