16 oktyabr 2025 13:38
158

Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər

Özbəkistan Respublikasının Məktəbəqədər və Məktəb Təhsil Nazirliyinin tabeliyindəki Pedaqoji Bacarıqlar mərkəzlərinin rəhbər və əməkdaşları Quba Soyqırımı Memorial Kompleksində təşkil olunan "Muzey və qoruqların gənc nəsilin maarifləndirilməsində rolu" mövzusunda təlimdə iştirak ediblər.

“İki sahil” xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşəbbüsü və Quba Soyqırımı Memorial Kompleksinin təşkilatçılığı ilə keçirilən təlimin iştirakçıları, həmçinin kompleksin muzeyi və “Mədəni irsimiz: dünən və bu gün – Qarabağ abidələri” adlı fotosərgi ilə tanış olublar.

Təlimdə kompleksin direktoru Rəxşəndə Bayramova, ADPU Quba filialının direktoru Yusif Alıyev çıxış edərək Özbəkistan və Azərbaycan arasındakı dostluq münasibətinin tarixinə nəzər salıb, təlim-proqramın əhəmiyyətdən danışıblar.

Surxandərya Regional Pedaqoji Bacarıqlar Mərkəzinin direktoru Murot İsoqov təşkil olunan təlim-proqrama görə təşəkkür edərək təhsil sahəsindəki yeniliklər və əməkdaşlıq imkanlarından bəhs edib.

Daha sonra Quba Soyqırımı Memorial Kompleksinin direktoru müavini Mehriban Əliyeva, Kompleksin əməkdaşları İslam Aslanov və Emin Ulubəyov qoruq və muzeylərin fəaliyyəti, maarifləndirmədə rolu ilə bağlı məruzələrlə çıxışlar ediblər.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.