Tariximizin yeni, şanlı səhifəsi olan İkinci Qarabağ müharibəsi zamanı canını Vətən, torpaq yolunda fəda edən minlərlə qəhrəman döyüşçülərdən biri də 25 sentyabr 2000-ci ildə Biləsuvar şəhərində anadan olan şəhid Elnur Şahin oğlu Əzizlidir. Yurduna hədsiz bağlı olan, el-obanın sevimli oğlu Elnur 44 günlük haqq savaşımızın ilk günündən 30 il əsir düşən Qarabağımızın azadlığı uğrunda döyüşə girib, Şuşaya qədər çətin və şərəfli bir yol keçib. Şuşanın bağrına zəfər bayrağı sancılandan sonra şəhidlik zirvəsinə ucalıb. Göstərdiyi igidliyi, hünəri onun adını Qarabağın xilaskarı kimi tarixin yaddaşına yazıb. Bu gün cismən aramızda olmasa da, qazanılan qələbəmizin qəhrəmanlıq simvoluna dönərək bütün Azərbaycan xalqı onunla fəxr edir. Həmçinin onun Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra layiq olduğu "Vətən uğrunda", "İgidliyə görə", Füzulinin, Xocavəndin, Şuşanın azadlığı uğrunda medalları doğmalarına bir təsəllidir.
Elnur Əzizli orta məktəbi bitirib döyüş bölgəsində hərbi xidmətə başlayıb. Vətən və torpaq keşiyində ayıq-sayıq dayanan əsgərin cəsurluğu, qorxmazlığı, vətənpərvərliyi başqalarına nümunə olub. Hərbiçi olub yağıdan qisa almaq istəyi Elnuru Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin tərkibinə aparıb. Onun vacib təlimlərdə göstərdiyi əla döyüşçü keyfiyyətləri, fədakarlığı diqqətdən yayınmayıb. Odur ki, komandirləri ən çətin tapşırıqları ona etibar ediblər. Elnur bütün bunlardan qürur duyub, müharibəyə hazır durub, yoldaşlarına da bildirib ki, düşməndən intiqamımızı alacağımız günə az qalıb. Qeyrətli Vətən övladları tam buna hazırdırlar. Təkcə qalır Ali Baş Komandanın əmri. Müharibə başlansa, ön sırada mən gedəcəyəm. Özü də mütləq qalib gələrik.
Belə də olub. 2020-ci ilin 27 sentyabrında haqq savaşımız başlanan kimi Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Elnur Əzizli birincilər sırasında odlu-alovlu səngərdə öz yerini alıb. Ən qaynar nöqtələrdə düşmənə sarsıdıcı zərbələr vurub. Füzuli döyüşlərində daha çox fərqlənib. Buraya bayrağımızı sancanların sırasında olub. İgid əsgər daha sonra Xocavənd, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə hünər göstərib. Yağıya qan uddurub, onlarla canlı qüvvəsini, neçə-neçə texnikasını məhv edib. Qısa müddətdə bir neçə ağır müharibə meydanından zəfərlə çıxan Elnur Əzizli noyabrın 9-da Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olaraq əbədiyyət adlı dünyasına qovuşub. Noyabrın 12-də böyük izdiham və ehtiramla doğma Biləsuvarda torpağa tapşırılıb.
Bəli, qərinələr keçəcək, amma Elnur unudulmaz, həmişə qəlblərdə yaşayacaq. Çünki o şüurlu surətdə öz canını qurban verdi ki, Vətən yaşasın, bağlandığı xalqın gələcəyi parlaq olsun.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü