15 oktyabr 2025 12:25
93

Bakının Baş Planında əsas xüsusiyyətlərdən biri çoxmərkəzli inkişaf modelidir

"Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"nın əsas xüsusiyyətlərindən biri çoxmərkəzli inkişaf modelinin tətbiqidir.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib.

Onun sözlərinə görə, bu modelə əsasən, bütün fəaliyyətlərin bir mərkəzdə cəmlənməsi əvəzinə, Bakı şəhəri boyunca bir-biri ilə əlaqəli mərkəzlər və alt-mərkəzlər şəbəkəsi formalaşdırılır: "Hər mərkəz özünəməxsus xarakterə, infrastruktura və iqtisadi funksiyaya malik olacaq".

Sədr vurğulayıb ki, 2018-ci ildən Azərbaycan şəhərlərin Baş planlarının hazırlanması və mütəmadi yenilənməsi yolu ilə məkan inkişafına kompleks və uzunmüddətli yanaşma tətbiq edib: "Bu planların əksəriyyəti artıq tamamlanıb və yaxud icra mərhələsindədir, beynəlxalq ekspertlərlə əməkdaşlıq çərçivəsində hazırlanaraq qlobal standartlara uyğunlaşdırılıb".

O əlavə edib ki, bu gün Azərbaycan münaqişədən sonrakı bərpa modelini fəxrlə təqdim edir: "Bu model dayanıqlılıq, ərazi reinteqrasiyası və insan yönümlü inkişaf prinsiplərinə əsaslanır. Qarabağ və Şərqi Zəngəzurdakı şəhər və kənd icmaları üçün kompleks Baş planlar hazırlanıb və həyata keçirilir. Bu planlar sadəcə texniki sənədlər deyil – həyatların yenidən qurulması üçün yol xəritəsidir. Keçmiş məcburi köçkünlər artıq bərpa olunmuş şəhərlərə, kənd və qəsəbələrə qayıdır, burada yenidən yaşamağa, işləməyə və oxumağa başlayırlar. Bu, təkcə fiziki bərpanın deyil, həm də icmaların dözümlülüyünün və ölkənin inklüziv, dayanıqlı bərpaya sadiqliyinin göstəricisidir".