15 oktyabr 2025 00:58
118

Makron hakimiyyəti legitimlik böhranında

Sebastyan Lekornyunun müəmmalı qayıdışı Fransada siyasi xaosun dərinləşdiyini göstərir

Fransada son günlər baş verən hadisələr ölkənin siyasi həyatında yeni və bir qədər də anlaşılmaz mərhələnin başlandığını göstərir. Prezidenti Emmanuel Makronun bir neçə gün əvvəl istefa verən Sebastyan Lekornyunu yenidən Baş nazir təyin etməsi nəinki Parisin siyasi gündəmini alt-üst edib, həm də V Respublikanın gələcək taleyi ilə bağlı ciddi suallar doğurub. Görünən odur ki, Fransa siyasi sistemi uzun illərdir yığılıb qalan institusional ziddiyyətlərin və sosial təzyiqlərin ağırlığı altında tədricən çökməkdədir.

Əslində, baş verənlər sadəcə hökumət böhranı deyil, bütövlükdə Makron hakimiyyətinin legitimlik böhranına çevrilib. Sebastyan Lekornyunun qəfil istefası və daha da qəfil qayıdışı fransız siyasi mühitində çaşqınlıq doğurmaqla yanaşı, hakimiyyət daxilindəki dərin parçalanmanı üzə çıxardı. İki həftə əvvəl istefa verərkən “bir daha Baş nazir postuna qayıtmayacağam” deyən Lekornyunun növbəti hökumətin başına gətirilməsi, əslində, Makronun alternativsizlik sindromunun göstəricisidir.

Yelisey Sarayının yaydığı qısa bəyanatda Prezidentin Lekornyunu Baş nazir təyin etdiyi, ona hökuməti formalaşdırmaq səlahiyyəti verdiyi bildirilir. Lakin bu təyinatla bağlı nə ictimai müzakirə aparılıb, nə də parlamentin razılığı alınıb. Bu isə Fransa konstitusiyasının ruhuna zidd olmaqla, demokratiyanın institusional prinsiplərinin pozulması kimi qiymətləndirilir.

V Respublikanın mexanizmləri tükənir

Makronun bu addımı həm də ölkədəki parlament böhranının məntiqi nəticəsidir. Hazırda Milli Assambleyada mərkəzçi “Yeniləyin” koalisiyası azlıqda qalıb, hökumətin formalaşdırılması üçün yetərli siyasi dəstək yoxdur. Belə bir vəziyyətdə Makron konstitusiyanın səlahiyyət boşluğundan istifadə edərək, hökuməti şəxsən özü təyin etməklə parlamentin rolunu formal səviyyəyə endirib. Bu isə həm sağ, həm sol müxalifət, həm də cəmiyyətin geniş təbəqələri tərəfindən “institusional sui-istifadə” kimi qiymətləndirilir.

Sebastyan Lekornyunun yenidən hökumətin başçısı təyin edilməsi  həm də onun siyasi karyerası üçün ziddiyyətli başlanğıc sayılır. Birinci dəfə Baş nazir postuna parlamentin etimadsızlıq səsverməsindən sonra gətirilən Lekornyu cəmi 27 gün sonra istefa verərək, “missiyasının başa çatdığını” bildirmişdi. İndi isə eyni şəxs, eyni siyasi böhranın içində, eyni sistemdə təkrarən vəzifəyə gətirilir. Bu paradoksal qərar Fransa siyasətində “dairəvi böhran” adlandırılan yeni fenomenin yaranmasına səbəb olub: istefalar, qayıdışlar, təkrar təyinatlar, lakin heç bir real islahat və ya məsuliyyət yoxdur.

Yeni formalaşan hökumət 34 nazirdən ibarətdir. Jan-Noel Barrot xarici işlər naziri vəzifəsində qalıb, Ketrin Votrin silahlı qüvvələr naziri təyin edilib, Paris polisinin prefekti Loran Nunes daxili işlər naziri təyin olunub. Eyni zamanda, İqtisadiyyat və maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Rolan Leskyur və ədliyyə naziri Jerald Darmanen də öz portfellərini saxlayıblar. Bu dəyişikliklər, əslində, formal rotasiyadan başqa bir şey deyil. Yeni hökumət köhnə fiqurlardan ibarət bir mozaika təsiri bağışlayır və ictimai rəydə “Makronun üçüncü eyni hökuməti” kimi qiymətləndirilir.

3,4 trilyonluq böhran...

Bütün bunların fonunda Fransa iqtisadiyyatı sürətlə dərinləşən borc böhranı ilə üz-üzədir. Dövlət borcunun həcmi 3,4 trilyon avronu keçib, büdcə kəsiri isə tarixi səviyyəyə çatıb. Hökumət ardıcıl şəkildə sərt qənaət siyasətinə müraciət edir, lakin bu addımlar sosial narazılığı daha da artırır.

Sebastyan Lekornyunun “partiyalardan azad hökumət” ideyası da əslində böhrandan çıxış üçün yetərli deyil. Çünki ölkədəki xaosun səbəbi ideoloji təbəqələşmə deyil, institusional balansın pozulmasıdır. Parlamentin siyasi çəkisi azaldıqca, prezident hakimiyyəti artıb və bu, V Respublikanın 1958-ci ildə qəbul edilmiş sistem fəlsəfəsini kökündən dəyişdirib. Makronun istədiyi kimi formalaşdırdığı “prezident respublikası” modeli artıq nə ictimai legitimliyə, nə də siyasi sabitliyə malikdir.

Hökumət hələ fəaliyyətə başlamamışdan sol müxalifət artıq etimadsızlıq səsverməsi haqqında qətnamə təqdim edib. “Əyilməz Fransa” hərəkatının rəhbəri Matild Pano “qutularınızı açmayın, senzura gəlir” deyə hökumətə açıq xəbərdarlıq edib. Bu, təkcə populist ritorika deyil, həm də real siyasi təhlükədir. Çünki yeni hökumətin parlamentdə dayanıqlılığı yoxdur. İfrat sağçı “Milli Birlik” partiyasının lideri Marin Le Pen də eyni mövqedən çıxış edərək, senzura təklifi təqdim edəcəyini bildirib. Sosialistlər və ekoloqlar da eyni cərgədə yer alıblar. Beləliklə, Lekornyunun ikinci hökuməti daha fəaliyyətə başlamadan etimadsızlıq sınağı ilə üz-üzədir.

Makronun riskli qərarı Fransanı idarəolunmaz xaosa aparır

Fransada baş verənlər bir tərəfdən demokratiya institutlarının dərin böhranını, digər tərəfdən isə siyasi elitanın məsuliyyətsizliyini göstərir. İki həftəlik fasilədən sonra eyni fiqurun eyni vəzifəyə qayıtması Fransa siyasətində tükənmişlik və ideya qıtlığının açıq təzahürüdür. Makron administrasiyası indi hər addımında həm cəmiyyətin etimadını, həm də sistemin sabitliyini itirir. Əgər proses bu templə davam edərsə, V Respublikanın əsaslarını sarsıdan dərin konstitusional böhran qaçılmaz olacaq.

Sebastyan Lekornyunun qayıdışı əslində xilas deyil, daha çox bataqlıqda son cəhd təsiri bağışlayır. Makronun bu qərarı ilə Fransa siyasi səhnəsində xaosun idarəedilməz mərhələsinə qədəm qoyur.

Nigar Orucova, “İki sahil”