10 oktyabr 2025 20:45
132

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

Oktyabrın 10-da Bakıda Türkmənistanın müstəqilliyinin 34-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub.

“İki sahil” xəbər verir ki, əvvəlcə Azərbaycanın və Türkmənistanın Dövlət himnləri səsləndirilib.

Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov bildirib ki, bu gün Türkmənistan-Azərbaycan münasibətləri qardaşlıq, qonşuluq və əməkdaşlıq prinsipləri üzərində qurulub. Bu münasibətlərin dərin kökləri var.

Onun sözlərinə görə, Türkmənistan və Azərbaycan üçün beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq artıq yaxşı bir ənənəyə çevrilib. Hər iki ölkə beynəlxalq sahədə əməkdaşlıq çərçivəsində bir-birini dəstəkləməyə davam edir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan və Türkmənistanı ortaq tarix, mədəniyyət, etnik köklər, dil və din birləşdirir. Ölkələrimiz arasındakı qardaşlıq münasibətləri bizə birgə layihə və təşəbbüsləri uğurla həyata keçirmək üçün inamla irəliləməyə imkan verir.

"Enerji sektorunda əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. SOCAR Türkmənistanda perspektivli neft və qaz yataqlarının inkişafı layihələrində iştirak etməyə maraqlıdır. Azərbaycan və Türkmənistan arasındakı əməkdaşlıq Orta Dəhlizin effektivliyinin artırılmasında mühüm rol oynayır. Bu marşrut üzrə tranzit daşımaların həcmi ilbəil davamlı şəkildə artmaqdadır",- deyə M.Cabbarov vurğulayıb.

Türkmənistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.