11 oktyabr 2025 00:13
114

O, reallığı dərk etməyəcək qədər tükənmiş birisidir

Əli Kərimlinin uğursuzluq sindromu ondan qaynaqlanır ki,..

AXCP sədri Əli Kərimlinin ənənvi siyasi fəaliyyəti hələ də sosial şəbəkələrdə yalanlar uydürmaqdan, Azərbaycan dövlətinə qarşı böhtanlar yağdırmaqdan  ibarətdir. Belə ki, o, xaricdə məskunlaşaraq Azərbaycana qarşı böhtan kampaniyası aparan Qənimət Zahidin «Azərbaycan saatı» «youtube» kanalında mənasız- məntiqsiz danışmaqla sanki baş girləyir. Hətta ətrafı da bilir ki, AXCP sədrinin bütün siyasi fəaliyyəti stəkanda fırtına yaradacaq qədər dəyərsizdir. Onun son statusları isə daha gülməli və ikrah doğurandır. Yəqin ki, mövzu qıtlığındandır ki, indi də o, uzaq  Nepaldakı  inqilabdan yazır. Ondan soruşmaq lazımdır ki, Nepalın dərd- səri sənəmi qalıb? Görünür, aşığın sözü qurtaranda «neynim-neynim!» dediyi kimi, Əli Kərimlinin də mövzusu qurtaranda uzaq və  ac- yalavaclar ölkəsi Tayvandan danışmağa güc verir.

1991-1993-cü illərdə ölkəni təhlükəli böhrana sürükləyən AXC-Müsavat hakimiyyətində yüksək postda təmsil olunmuş, vəzifəsini itirdikdən sonra isə dağıdıcı müxalifətçilik yolunu tutmuş Əli Kərimli və yaxın ətrafı buraxdıqları səhvlərdən nəticə çıxarmaq əvəzinə  antimilli, qeyri-konstruktiv fəaliyyətlərini davam etdirməklə siyasi səhnəni zəbt etməyə çalışırlar. Əslində, Əli Kərimlinin öz mənafeyini milli maraqlardan üstün tutan, mənsub olduğu düşərgəni belə siyasi iddiaları naminə istismar edən birisi olduğu heç kimə sirr deyil.

Son 20 ildə o, xarici fondlardan verilən pulları partiyasına deyil, məhz ailə problemlərinə xərclədiyi üçün partiyadan yüzlərlə üzv istefa vermişdir. Məhz belə bir mənfəətpərəstin bu gün güclü və qüdrətli Azərbaycan dövlətinə və onun ali rəhbərinə qısqanclıqla yanaşması, ölkəmi əleyhinə böhtan kampaniyaları aparması bu antimilli ünsürün sosial şəbəkələrdəki statuslarından aydın şəkildə görünür.

Bəli, bu  gün Azərbaycan xalqı, o cümlədən dünyadakı dostlarımız rəşadətli ordumuzun və Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində qazanıdığımız tarixi Zəfərin 5 illiyini təntənə ilə qeyd etməyə hazırlaşır. Lakin özünü ana müxalifət elan etmiş Əli Kərimli isə bu sevinc hisslərindən kasadlıq çəkir. Ona görə ki, o, hakimiyyət hərisidir və bu acı hisslər ona rahatlıq vermir.

Qeyd edək ki, o, statuslarında mövcud iqtidarı dəfələrlə «rejim» adlandırmaqla açıq-aşkar ermənilərin çaldığı havaya oynayır. Məğlub və aciz haylar da bu gün dünyaya Əli Kərimli kimi böhtan püskürərək qanuni Azərbaycan hakimiyyətini «rejim» adlandırırlar. Bununla da dövlətimizin demokratik imicinə, qalib və qətiyyətli xarakterinə kölgə salmağa çalışırlar.

Bəli,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin  bu gun nəinki ölkəmizdə,  hətta dünyada artan nüfuzu  Əli Kərimlini və ətrafını ciddi şəkildə narahat edir. Əli Kərimli bununla bir daha təsdiq etmiş olur ki, o, cənab İlham Əliyev kimi uca çinarın kölgəsində itib- batan bir siyasət dəllalıdır. Bu adamın ən böyük bədbəxtliyi odur ki, sadəcə qaragüruhçudur, avantüristdir və milli hisslərdən uzaqdır. Hazırda AXCP-də hökm sürən antidemokratik durum partiyadakı siyasi mühiti də tamamilə iflic edib. Ona görə də partiyanı tərk edənlər etməyənləri əbləh və gerizəkalı qocalar yığnağı adlandırırlar. O da məlumdur ki, nə qədər ki, AXCP-də Əli Kərimli diktaturası mövcuddur, bu partiyadan ciddi və dəyərli bir fəaliyyət gözləməyə də dəyməz. Çünki onlar hələ də çağdaş dünyanın inkişaf dinamikası ilə ayaqlaşmağı bacarmırlar. Yəni, burada yeni söz, yeni fikir, yeni dünyagörüşü sıfır səviyyəsindədir.

Siyasi fəaliyyətdə ən böyük cahillik odur ki, 30 ildən çox müddətdə müxalifətdə olasan və bu dövrdə bir seçkini belə uda bilməyəsən. Bundan daha betəri isə odur ki, belə uzun müddətdə təkmilləşməyəsən, inkişaf erməyəsən, müasir cəmiyyətin  çağırışlarına adaptasiya olmayasan. AXCP sədri Əli Kərimli məhz belə uğursuz «siyasətçidir». Hətta onun siyasi bacarıqsızlığını, gücsüzlüyünü etiraf edən onlarla ən yaxın «əqidədaşı» da  partiyadan uzaqlaşarıq daha ciddi və səmərəli işlərlə məşğul olmağı hədəfləyiblər.    

Əli Kərimlinin digər bədbəxtçiliyi ondadırr ki, çağdaş dünya ilə ayaqlaşa bilmir. O,  30 il əvvəl necə «düşünürdüsə» indi də elə o ağıl(sızlıq)da qalıb.

Artıq 24 ildir ki, AXCP sədri postunu zəbt edən bu özündənrazı  «siyasətçi» imkan vermir ki, oradakı gənclərdən biri irəli çıxıb siyasi fəaliyyətində fərqlənsin. Bəli, bu gün Əli Kərimli nəinki AXCP-ni, ümumilikdə dağıdıcı müxalifəti inhisarına alıb. O, bu düşərgədə haqq söz deyənləri, konstruktif müxalifətçiliyə meyil edənləri sıxışdıraraq elə bir aciz duruma salır ki, onlar da ya partiyadan, ya da ki, ölkədən çıxıb gedirlər.

Elçin Zaman, «İki sahil»