10 oktyabr 2025 16:56
150

Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır

Azərbaycan Respublikası Ensiklopediya Nəşriyyatı tərəfindən “Birinci vitse-prezident” kitabı çapdan çıxıb. Nəşrin müəllifləri Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü akademik Emil Nəsirli və Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü akademik Fikrət Nağıyevdir.

“İki sahil” xəbər verir ki, Azərbaycan, ingilis və rus dillərində yeni redaktədə nəşr edilmiş bu kitab oxuculara Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə və dünyada gördüyü işlər barədə məlumat vermək məqsədilə tərtib olunub.

Kitabda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı fəaliyyəti, onun rəhbərliyi ilə Heydər Əliyev Fondunun reallaşdırdığı layihələr, milli-mənəvi dəyərlərimizin dünyada təbliği, ölkəmizdə elm, təhsil, mədəniyyət, səhiyyə, ekologiya və bütövlükdə xalqın rifahı naminə bütün sahələrdə həyata keçirdiyi xeyirxah işlər, onun hər bir azərbaycanlıya həssas diqqəti və sonsuz qayğısı barədə məlumat verilib. Nəşrdə, həmçinin Azərbaycan muğam və xalçaçılıq sənətlərinin qorunması, inkişafı və tanıdılmasına dair görülmüş işlər haqqında məlumat yer alıb. Nəfis şəkildə tərtib olunmuş kitaba Mehriban xanımın həyat və fəaliyyətinə dair fotoşəkillər də daxil edilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın “...İllər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır” fikri ilə açılan kitab “Ön söz”, yeddi fəsil və “Son söz”dən ibarətdir.

“Ön söz”də qeyd olunur ki, Mehriban Əliyevanın Azərbaycan dövləti, xalqı naminə gördüyü işlər mahiyyət etibarilə yeni bir başlanğıcdır: “O, ölkənin birinci xanımı statusu ilə Azərbaycan cəmiyyətində novatordur. Dünyanın əksər ölkələrində dövlət rəhbərlərinin xanımlarının mədəni-sosial sahədə həyata keçirdikləri tədbirlər əsasında yaranan bu ənənənin Azərbaycanda formalaşdırılması məhz Mehriban Əliyevanın üzərinə düşmüşdür. Siyasətçilər və politoloqlar bu missiyanı yeni ənənənin formalaşdırılmasından daha çox beynəlxalq aləmə bir zamanlar Türk dünyasından yayılan və özümüzün də unutduğumuz qədim ənənələrin yenidən bərpası, qayıdışı saymaqda haqlıdırlar”.

Kitabın sonunda vurğulanır ki, bu gün Azərbaycan xalqı sevgi və qürur hissi ilə Mehriban Əliyevanın fəaliyyətini diqqətlə izləyir, atdığı hər addımı dəstəkləyir və dəstəkləyəcəkdir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır...”.

Nəşrin redaksiya heyətinə Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, akademik Heydər İmanov, Əməkdar incəsənət xadimi Fəxriyə Xələfova, Milli Məclisin deputatı Fatma Yıldırım, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, akademik Sudeif İmamverdiyev, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və başqaları daxildir.