AZHAB Forumu çərçivəsində müxtəlif mövzularda panel müzakirələr təşkil olunub.
“İki sahil” xəbər verir ki, 7-8 oktyabr tarixlərində Bakıda keçirilmiş Azərbaycan Halal Biznes Forumu (AZHAB Forum) çərçivəsində KOB-ların dəstəklənməsi, İslam maliyyəsi, halal biznesin idarə olunması, KOB-ların yaşıl keçidi, halal turizm və halal sənayenin inkişafında qadınların roluna dair panel müzakirələr təşkil olunub.
Tədbirin ilk günü keçirilən “İnkişaf etməkdə olan bazarlarda İslam maliyyəsi üçün rəqabətli mühitin yaradılması: müxtəlif regionların təcrübəsi və çıxarılan dərslər” mövzusunda panel iclasda Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin, Mərkəzi Bankın, Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının (ITFC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD), Türkiyə Katılım Bankları Birliyinin (TKBB), “Al Baraka Bank”ın, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (ICYF), Silikon Vadisi İqlim Dəyişikliyi İnstitutunun nümayəndələrinin iştirakı ilə İslam maliyyəsi üçün rəqabət mühiti, maliyyə texnologiyaları və infrastrukturun inkişafı ilə bağlı müzakirələr aparılıb, həmçinin müxtəlif ölkələrin İslam maliyyəsinin tətbiqi təcrübəsi nəzərdən keçirilib.
“Halal biznesin idarə olunması: uğurun harmoniyası və ya harmoniyanın uğuru” panelində Nigeriyanın İslam İşləri üzrə Ali Şurasının, SMIIC-in, Malayziyanın Halal İnkişaf Korporasiyasının, Müsəlman İnsayder Ticarət Palatasının, Qlobal Tədqiqatlar Universitetinin Afrika İnstitutunun, “Navigating Transformation” Qadın Sahibkarlığı Konsaltinqinin və iş adamlarının iştirakı ilə İslam və ənənəvi biznesin idarəetməsi müzakirə olunub.
“İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində KOB-ların dəstəyi ilə məşğul olan təşkilatların əməkdaşlığının təşviqi: İƏT KOB Şəbəkəsinin ilk iclası” paneli “İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi”nin təsis toplantısına və ilk iclasına həsr olunub. İclasda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin KOB-lara dəstək və xidmət göstərən təşkilat və müvafiq qurumlarının nümayəndələri iştirak ediblər. Şəbəkənin yaradılmasında məqsəd İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində KOB-lara dəstək göstərən qurumların əməkdaşlığının gücləndirilməsidir. İclasda İƏT-ə üzv ölkələrin KOB-larla əlaqəli qurumlarının nümayənədələri çıxış edərək, təmsil etdikləri ölkələrin və təşkilatların KOB-lara dəstək və xidmət sahəsində tərcübələrini, əməkdaşlıq imkanlarını bölüşüblər. Tədbirdə Türkiyənin KOSGEB, Səudiyyə Ərəbistanın MONSHAAT, Mərakeşin “Morocco PME”, həmçinin İordaniya, Pakistan, Qırğızıstan, Çad və Kot-d’İvuarın müvafiq qurumlarının nümayəndələri təmsil olunublar. Paneldə KOBİA tərəfindən Azərbaycanda KOB-lara dəstək və xidmətlər, ölkəmizin KOB ekosistemi barədə məlumat verilib. İclasda çıxış edən spikerlər KOB-ların bütün dünyada iqtisadiyyatın hərəkətverici qüvvəsi, iqtisadiyyatda və məşğulluqda önəmli paya malik olduğunu vurğulayıblar. Bildirilib ki, İƏT ölkələrində şirkətlərin 99,9%-ni KOB-lar təşkil edir və onların məşğulluqda payı 93%-dən çox, əlavə dəyərdə isə 85%-ə yaxındır. “İƏT KOB-lar şəbəkəsi”nin təsis yığıncağının sonunda Bakı Bəyannaməsi qəbul edilib. Bəyyanamədə təşkilatın ilk təsis yığıncağına ev sahibliyi etməsi və KOB-ların inkişafı sahəsində regional əməkdaşlığa göstərdiyi davamlı dəstəyə görə Azərbaycana təşəkkür edilir. Həmçinin, təsis toplantısı çərçivəsində şəbəkəyə üzv təşkilatların qərarı ilə “İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi”nə sədrlik 3 il müddətinə KOBİA-ya keçib. Şəbəkənin katibliyi funksiyasını İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC) icra edəcəkdir.
"AZHAB Forum 2025"in əsas mövzularından biri KOB-ların yaşıl keçidi ilə bağlı olub. Forumun ikinci günündə təşkil olunmuş “Qlobal yaşıl keçiddə KOB-ların rolunun artırılması: KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Bəyannaməsi” adlı panel müzakirədə Asiya İnkişaf Bankının, Qazaxıstanın “Damu” Sahibkarlığın İnkişafı Fondunun, Vyetnam Milli Sahibkarlıq Assosiasiyasının, Türkiyənin Bilişim Vadisi texnolgiya zonasının, Böyük Britaniyanın “Sustainable Cities Global Ltd” şirkətinin, Pakistanın Standartlar və Keyfiyyətə Nəzarət Təşkilatının, İndoneziyanın Qida, Dərman və Kosmetika üzrə Qiymətləndirmə İnstitutunun nümayəndələri KOB-ların iqtisadiyyatda rolu, ekoloji məsuliyyətli istehsal və resurslardan səmərəli istifadə, KOB-ların ətraf mühitə təsiri, eləcə də Bakı İqlim Bəyannaməsinin əhəmiyyəti və fəaliyyət planına dair fikir mübadiləsi aparıblar. Qeyd edək ki, Bakı İqlim Bəyannaməsi KOBİA tərəfindən COP29 çərçivəsində irəli sürülüb. İndiyədək sənədə 20-dən çox yerli və xarici təşkilat qoşulub.
“Qafqaz və Mərkəzi Asiyada halal turizmin inkişafında tarixi irsin rolu” panelində Türk Dünyası Araşdırmalar Mərkəzinin, Türk Dövlətləri Təşkilatının, İspaniyanın “Las Fuentes Fondu”nun, Halal Səyahət Bələdçisinin, Qafqaz Tarixi Mərkəzinin, “UMAI” Beynəlxalq Laboratoriyasının, Qambiyanın Səyahət və Turizm İnstitutunun nümayəndələri Qafqaz və Mərkəzi Asiyanın tarixi irsinin halal turizmin inkişafı üçün necə səfərbər oluna biləcəyi, bölgədə halal turizmin potensialı, bölgənin zəngin mədəniyyəti və qonaqpərvərliyi ilə halal turizm sahəsindəki imkanları birləşdirmək barədə fikirlərini bölüşüblər.
“Halal sənayenin inkişafında qadınların rolu”na həsr olunmuş panel müzakirədə İspaniyanın “Las Fuentes Fondu”nun, “Musulmans en France” nəşrinin, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA), Qadınların İqtisadi Gücləndirilməsi Təşkilatının, “ZIRA Natural&Gourmet” brendinin, Qlobal Oracle Liderlər Assosiasiyasının, Böyük Britaniyanın “Sustainable Cities Global Ltd” şirkətinin, akademik dairələrin iştirakı ilə halal sənayenin bütün aspektlərində qadınların iştirakının təşviqi yolları, qadın sahibkarların sektorun inkişafına töhfəsi nəzərdən keçirilib. Paneldə iştirak edən qadın sahibkarlar uğur hekayələrini bölüşüblər.
Qeyd: “Halal sənaye sürətlə dəyişən dünyada dayanıqlılığın mənbəyi kimi” mövzusuna həsr olunmuş 2-ci AZHAB Forumu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, İslam Əməkdaşlıq Təşkilatı (OIC), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC), İslam Ticarət Palatası Halal Xidmətləri və “Caspian Event Organisers” MMC-nin tərəfdaşlığı, “ATENA” MMC-nin və “Bilgə Qrup”un sponsorluğu ilə keçirilib.
İki gün ərzində forumda 30-dan çox ölkədən rəsmi şəxslər, beynəlxalq təşkilatların, akademik dairələrin nümayəndələri, iş adamları və mütəxəssislər ticarət və investisiya sahəsində əməkdaşlıq, beynəlxalq bazarlara çıxış imkanları, halal sənayenin potensialı və yeni trendlər, müvafiq sahədə innovasiya və texnologiyaların rolu, halal məhsul və xidmətlərin sertifikatlaşdırılması və s. kimi mövzularda fikir mübadiləsi və müzakirələr aparıblar. Foruma ümumilikdə 500-dən çox iştirakçı qatılıb. Forum çərçivəsində 30-a yaxın Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan və Qırğızıstan şirkətlərinin, yerli biznes assosiasiyaların məhsul və xidmətlərinin nümayiş olunduğu sərgi, eləcə də “B2B” görüşlər keçirilib.
Həmçinin, AZHAB Forumunun təşkilinə göstərdikləri dəstək üçün könüllülərə sertifikatlar təqdim edilib.