08 oktyabr 2025 20:01
159

BMT İnsan Hüquqları Şurası Gürcüstanın işğal olunmuş əraziləri ilə bağlı qətnamə qəbul edib

BMT-nin İnsan Hüquqları Şurası Gürcüstanın işğal olunmuş ərazilərində insan haqlarının vəziyyətinə dair "Gürcüstanla əməkdaşlıq" adlı qətnamə qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (DİN) açıqlama yayıb.

Məlumata görə, bu sənəd 2017-ci ildən etibarən Gürcüstan tərəfindən təqdim olunur və ilk dəfə olaraq konsensusla qəbul edilib.

Qətnamə BMT İnsan Hüquqları Şurasının iclasında Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya tərəfindən təqdim edilib. Gürcüstan XİN-in açıqlamasında bildirilir ki, sənədin konsensusla qəbul olunması beynəlxalq ictimaiyyətin Gürcüstana "görünməmiş dəstəyini" nümayiş etdirir.

Qətnamədə BMT İnsan Hüquqları Şurası bir daha Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə dəstəyini təsdiqləyib. Sənəddə Rusiyanın işğalı altında olan Abxaziya və Sxinvali (Cənubi Osetiya) bölgələrində etnik gürcü əhaliyə qarşı ayrı-seçkilik və insan hüquqlarının pozulması halları ilə bağlı dərin narahatlıq ifadə olunub.

Qətnamədə, həmçinin, 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşması əsasında yaradılmış Cenevrə beynəlxalq danışıqlarının əhəmiyyəti vurğulanır.

Sənəddə Rusiyanın Abxaziya və Sxinvali bölgələrini işğal etməsi faktı, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin 2021–2024-cü illər üzrə qərarları öz əksini tapıb.

Qətnamədə BMT İnsan Hüquqları üzrə Ali Komissarlığına və beynəlxalq monitorinq mexanizmlərinə işğal olunmuş ərazilərə dərhal və məhdudiyyətsiz girişin təmin edilməsi çağırışı da yer alıb.