29 sentyabr 2025 17:15
233

Sənət və elmin kəsişməsində - FOTO

Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, sevilən aktyor İftixar Piriyevin "Qeyri-səlis məntiq və teatr" adlı yeni kitabının təqdimat mərasimi ölkənin görkəmli elm, mədəniyyət və ictimaiyyət nümayəndələrini bir araya gətirdi. Müəllifin sənətkar yaddaşının və intellektual düşüncəsinin məhsulu olan kitab qonaqlar tərəfindən böyük maraqla qarşılandı. Təqdimat mərasimi zamanı müəllif əsərin yaranma ideyası, əsas mövzuları və oxuculara çatdırmaq istədiyi mesajlar barədə ətraflı danışdı. 

Tədbirdə iştirak edən ziyalılar  müəllifə səmimi arzularını çatdırdılar və əsərin cəmiyyət üçün əhəmiyyətini qeyd etdilər.

"Ədəbiyyat qəzeti"nin baş redaktoru  Azər Turan  tədbirdə çıxış edərək İftixar Piriyevin sənətə olan fərqli baxışını və ədəbi üslubunun orijinallığını yüksək qiymətləndirdi. O, kitabın adının özünün belə ciddi fəlsəfi düşüncəyə təkan verdiyini vurğuladı.

Kulturologiya üzrə fəlsəfə doktoru Yeganə Əliyeva əsərin məhz "qeyri-səlis məntiq" prizmasından həyat hadisələrini təhlil etməsini intellektual cəsarət adlandırdı. O, kitabın müasir düşüncə və mənəviyyat üçün dəyərli bir bələdçi olacağını qeyd etdi.
Milli Məclisin deputatı Elnarə Akimova sənət və mədəniyyət adamlarının cəmiyyətin düşüncə tərzinin formalaşmasındakı rolunu xüsusi qeyd edərək İftixar Piriyevin yaradıcılığının bu missiyaya xidmət etdiyini bildirdi.

Xalq artistləri Bəsti Cəfərova və Sabir Məmmədov səhnə yoldaşları olan İftixar Piriyevin həm aktyor, həm də yazıçı kimi çoxşaxəli istedadını xüsusi vurğuladılar, ona tükənməz ilham arzuladılar.

Politoloq Elşad Həsənov kitabın təhlil etdiyi məntiqi ziddiyyətlərin ictimai və siyasi proseslərdə də müşahidə olunduğunu qeyd edərək, əsərin sadəcə bədii deyil, həm də ictimai-analitik dəyərini diqqətə çatdırdı.

Dramaturq İmir Məmmədli, rejissorlar Elvin Mirzəyev və Gümrah Ömər, Əməkdar müəllim Hicran Sadıqzadə, Əməkdar jurnalist Akif Təvəkküloğlu çıxış edərək bildirdilər ki,  İftixar Piriyev təkcə teatr səhnəsinin deyil, həm də ədəbi fikrin fəal iştirakçısıdır. Müəllifin “Qeyri-səlis məntiq və teatr” əsəri oxuculara həyatın həm aydın, həm də qeyri-müəyyən tərəfləri barədə düşünməyə və düşüncə tərzlərini genişləndirməyə imkan verəcək. 

Səbinə Qorxmaz, “İki sahil”