23 sentyabr 2025 14:09
866

Bu, Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsinin göstəricisidir - Fariz İsmayılzadə

Hazırda Azərbaycanın iqtisadiyyatında sürətli və dinamik dəyişikliklər baş verir. Bakıda keçirilən Birinci Beynəlxalq İnvestisiya Forumu da bu inkişafın bariz nümunəsidir. Forumun əsas məqsədi ölkəmizə yeni investisiyaların cəlb olunmasıdır və artıq bu istiqamətdə mühüm nəticələr əldə olunub. Məlum olduğu kimi, "Masdar" şirkəti Azərbaycana böyük həcmdə sərmayə yatırıb. Bu addım ölkəmizdə “yaşıl energetika”nın inkişafına güclü təkan verir. Bütün bunlar qeyri-neft sektorunun möhkəmlənməsinə xidmət edir. Cənab Prezidentin rəhbərliyi ilə bu istiqamətdə yeni görüşlər keçirilir, yeni investisiya fondları yaradılır, həmçinin regional və infrastruktur layihələri reallaşdırılır.

Bu fikirləri millət vəkili Fariz İsmayılzadə “İki sahil”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə Azərbaycan üçün strateji əhəmiyyət daşıyan Ələt Azad İqtisadi Zonasına da sərmayələrin axını davam edir. Burada yalnız ərəb ölkələrinin deyil, eyni zamanda, Çinin və digər dövlətlərin də böyük həcmdə investisiya qoyuluşları həyata keçirilir. Bu isə Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsinin göstəricisidir. Azərbaycanın iqtisadi strategiyası yalnız kapital axını ilə məhdudlaşmır. Eyni zamanda, ölkə yeni texnologiyaların tətbiqinə, innovativ layihələrin reallaşdırılmasına və rəqəmsal iqtisadiyyatın inkişafına xüsusi önəm verir. Bu istiqamətdə atılan addımlar Azərbaycanı regionda müasir texnologiyaların mərkəzinə çevirir.

Milli Məclisin deputatı bildirib ki, bütün bunların fonunda ölkəyə sərmayələrin artması yalnız iqtisadi deyil, həm də siyasi müstəvidə böyük üstünlüklər qazandırır. İnvestisiyaların çoxalması Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirir, ölkəmizi daha etibarlı tərəfdaş kimi təqdim edir. Azərbaycanın qarşıya qoyduğu əsas məqsəd milli iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafının təmin edilməsi, artıq real nəticələrini verməkdədir. Bugünkü iqtisadi mənzərə bir daha göstərir ki, Azərbaycanın inkişaf modeli həm milli maraqlara, həm də beynəlxalq əməkdaşlığa xidmət edir.

Səbinə Qorxmaz "İki sahil"