İranın xarici işlər naziri Abbas Əraqçi Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə Tehranın nüvə proqramına dair Vyanada keçirilən texniki danışıqların üçüncü raundunu müsbət adlandırıb.
“İki sahil” xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər ikitərəfli əməkdaşlıq üçün yeni çərçivəyə nail olmağa yaxınlaşıblar:
"Biz AEBA ilə əməkdaşlığın yeni mərhələsinə başlaya bilərik ki, bu da parlamentin qanun layihəsində xüsusi olaraq əksini tapmış bütün problemləri nəzərə alacaq".
İyun ayında İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi AEBA ilə əməkdaşlığın dayandırılmasına dair qanun layihəsini təsdiqləyib.
"Tasnim" agentliyi komitənin nümayəndəsi İbrahim Rezaiyə istinadən bildirib ki, Tehran ölkələrin nüvə mərkəzlərinin tam təhlükəsizliyi təmin olunana qədər məhdudiyyətləri qüvvədə saxlamaq niyyətindədir.