05 sentyabr 2025 14:39
147

Aİ-nin qərarı avtomobil sənayesinə zərbə vuracaq

Aİ-nin yanma mühərriklərinə qadağa qoyması böyük səhvdir. 

“İki sahil” xəbər verir ki, bunu BMW-nin direktoru Oliver Zipse “Politico” nəşrinə müsahibəsində bildirib.

O, Aİ-nin 2035-ci ildən daxili yanma mühərrikli avtomobillərə qadağa qoyması qərarını "böyük səhv" adlandırıb. Onun fikrincə, avtomobil tədarük zəncirinin bütün səviyyələrində, komponent istehsalçılarından tutmuş yanacaq tədarükçülərinə qədər emissiyaları izləmək daha yaxşı olardı.

Mövcud planlara görə, Aİ 2035-ci ildən öz ərazisində daxili yanma mühərrikli avtomobillərin satışını dayandırmaq niyyətindədir. Oliver Zipse əvvəllər bu qadağanı tənqid edərək, bunun avtomobil sənayesi üçün zərərli olacağını və onun kütləvi çöküşünə səbəb olacağını bildirmişdi. Digər alman avtomobil istehsalçısı olan Mercedes-Benz-in rəhbəri Ola Källenius avqustda bu tələbdən imtina etməyə çağırıb.

Avtomobil istehsalçılarının özləri də mümkün qədər tez eksklüziv olaraq elektromobillərin istehsalına keçmək vədlərindən uzaqlaşırlar. Xüsusilə, Ford, Porsche, General Motors, Volkswagen və Volvo bu yaxınlarda bu cür planlara yenidən baxıldığını və daxili yanma mühərrikləri olan avtomobillərə daha aktiv sərmayə qoyuluşunu elan ediblər.