01 sentyabr 2025 12:40
227

Millət vəkili şəhid ailəsini ziyarət etdi

Milli Məclisin deputatı Anar Məmmədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, şəhid ailələrinin üzvləri və qazilər antiterror əməliyyatlarında şəhid olmuş Lalayev Ruslan Akif oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıb.

“İki sahil” xəbər verir ki, görüşdə çıxış edən millət vəkili şəhidin keçdiyi döyüş yolundan danışıb, onun qısa, lakin mənalı ömür yolunun gənclərə vətənpərvərlik hisslərinin aşılmasında mühüm rol oynadığını bildirib.

Sonra 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, keçirilən antiterror əməliyyatından danışan icra başçısı torpaqlarımızın suverenliyi uğrunda canından keçən şəhidlərə Ulu Tanrıdan rəhmət diləyərək, şəhid ailələrinə səbr, dözüm arzulayıb.

Şəhidin valideynləri onunla bağlı xatirələrini bölüşüb, göstərilən diqqət və qayğıya, övladlarının xatirələrini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Onu qeyd edək ki, Ruslan Lalayev 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Səhləbad kənd qəbiristanlığında torpağa tapşırılıb.