22 avqust 2025 22:15
95

Fransada “10 sentyabr səfərbərliyi” ölkəni hansı istiqamətə aparır?

Dövlət borcu rekord həddə çatıb, büdcə kəsiri dərinləşib, sosial öhdəliklərin maliyyələşdirilməsi isə çətinləşib

Avropa İttifaqının ikinci ən böyük iqtisadiyyatı hesab olunan Fransa son illər bir-birini əvəz edən sosial gərginliklər, siyasi qeyri-sabitlik və iqtisadi tənəzzül meylləri ilə gündəmdədir. Prezident Emmanuel Makronun hakimiyyətə gəldiyi ilk illərdə Avropada islahatçı lider obrazı yaratmaq cəhdləri indi daha çox siyasi manevrlərlə müşayiət olunan passiv mövqe ilə əvəzlənib. İqtisadi reallıqlar isə dəyişməz olaraq qalır: dövlət borcu rekord həddə çatıb, büdcə kəsiri dərinləşib, sosial öhdəliklərin maliyyələşdirilməsi isə çətinləşib. Baş nazir Fransua Bayrunun 2026-cı il üçün təqdim etdiyi büdcə layihəsi bu böhranı təsdiqləyən sənəd kimi qəbul edilir. Təklif olunan 44 milyard avro həcmində qənaət paketi dövlət strukturlarının ixtisarı, sosial müavinətlərin dondurulması, pensiya xərclərinin azaldılması, hətta bir neçə dövlət bayramının ləğvini əhatə edir. Başqa sözlə, hökumət xalqın gündəlik həyatına birbaşa təsir göstərəcək ən sərt addımları atmaq niyyətindədir. Hökumət bununla borc yükünün azaldılmasını əsaslandırsa da, əhali bunu sosial haqların tapdanması kimi qiymətləndirir.

Büdcə layihəsi elan olunduqdan dərhal sonra sosial şəbəkələrdə “10 sentyabr səfərbərliyi” adlı yeni bir hərəkatın doğulması təsadüfi deyil. Fransada sosial etiraz ənənələri tarixi köklərə malikdir və adətən həmkarlar ittifaqlarının çağırışları ilə küçələrə axışan kütlələr hakimiyyətin siyasətinə təzyiq göstəriblər. Lakin bu dəfə hərəkat fərqli xarakter daşıyır: onun təşkilatçıları bəlli deyil, həmkarlar ittifaqlarından kənarda formalaşır və internet üzərindən sürətlə yayılan çağırışlar əsasında təşəkkül tapır. Bu da onu əvvəlki etiraz dalğalarından ayırır və daha çətin idarəolunan edir. Hərəkatın əsas şüarı – “hər şeyi 10 sentyabrda bloklayacağıq” – təkcə etirazın kütləviliyini deyil, həm də onun total xarakterini ortaya qoyur. Bu çağırış sadəcə bir günlük mitinqlə kifayətlənmir, əksinə, ölkənin bütün fəaliyyətini iflic vəziyyətinə salmağı hədəfləyir. Etirazçılar məktəblərin bağlanmasından iş yerlərinə çıxmamağa, bank hesablarından pulların geri çəkilməsindən kart ödənişlərindən imtinaya qədər müxtəlif taktikalardan danışırlar. Başqa sözlə, Fransa iqtisadiyyatı və dövlət təsisatlarının normal fəaliyyəti iflic edilə bilər.

Bununla yanaşı, müşahidəçilər hərəkatın ideoloji çalarlarına diqqət çəkirlər. Rəsmi olaraq heç bir siyasi partiyaya bağlı olmayan bu təşəbbüs, əslində, daha çox solçu şüarlarla səsləşir. Sosial ədalətsizlik, hökumətin iqtisadi siyasətinə qarşı kütləvi müqavimət, dövlətin xalqdan uzaqlaşması kimi tezislər sol qüvvələrin ideoloji bazasını xatırladır. Elə buna görə də bir sıra ekspertlər “10 sentyabr səfərbərliyi”ni 2018-ci ildə ölkəni silkələyən “sarı jiletlilər” hərəkatının davamı kimi dəyərləndirirlər. Həmin vaxt Makron hökumətinin enerji vergilərini artırmaq qərarı Fransada aylarla davam edən etiraz dalğasına səbəb olmuşdu. Bu gün isə vəziyyət bir qədər daha mürəkkəbdir. Əgər 2018-ci ildə hakimiyyətin siyasi dayaqları hələ kifayət qədər güclü idisə, indi Makronun nüfuzu ciddi zədələnib. O, daxili siyasətdə passiv mövqe sərgiləyərək diqqətini əsasən xarici siyasətə yönəldib. Son müsahibəsində parlamentin buraxılması ehtimalını rədd etsə də, əslində daxili, siyasətdən uzaq durduğunu etiraf edib. Bu isə hökumətin böhranla mübarizəsini yalnız Baş nazir Fransua Bayrunun üzərinə qoyur. Hərçənd, onun elan etdiyi qənaət paketi əksinə, xalqın narazılığını daha da gücləndirir.

Müxalifət isə yaranmış vəziyyətdən istifadə etməyə çalışır. Ən sərt mövqeni ifrat solçu lider Jan-Lük Melanşon nümayiş etdirir. Onun rəhbərlik etdiyi “Üsyankar Fransa” hərəkatı açıq şəkildə bildirir ki, “10 sentyabr səfərbərliyi” hazırkı hakimiyyətin sonu ola bilər. Melanşon deputatları hökumətə qarşı etimadsızlıq səsverməsinə çağırır və parlamentdə siyasi böhranı dərinləşdirməyə çalışır. Əgər sentyabr ayında büdcə layihəsi müzakirəyə çıxarılanda müxalifət birləşə bilsə, hökumətin devrilməsi ehtimalı realdır. Bu isə Fransada növbədənkənar seçkilərin gündəmə gəlməsi deməkdir.

Həmkarlar ittifaqları isə ziddiyyətli mövqedədir. Bir tərəfdən, onlar hökumətin qənaət paketinə qarşı çıxır və kütləvi imza toplamaqla öz etirazlarını bildirirlər. Artıq 275 mindən çox imzanın toplanması bunun bariz nümunəsidir. Digər tərəfdən, onlar “10 sentyabr səfərbərliyi”nə birbaşa qoşulmaqda tərəddüd edirlər. “Fəhlə Gücü” (FO) təşkilatı müzakirələri gözləmədən etiraz aksiyası keçirmək niyyətində olduğunu bəyan etsə də, “Ümumi Əmək Konfederasiyası” (CGT) yekun qərarı verməyib. Bu da göstərir ki, ənənəvi həmkarlar hərəkatı ilə yeni sosial təşəbbüs arasında hələlik koordinasiya yoxdur.

Hakimiyyətin reaksiyası da qeyri-müəyyəndir. Yelisey sarayı və Daxili İşlər Nazirliyi açıqlamalarında hərəkatı izlədiklərini, lakin onun gücü barədə danışmağın tez olduğunu bildirirlər. Əslində, bu mövqe bir tərəfdən hökumətin vəziyyətin miqyasını tam dərk etmədiyini, digər tərəfdən isə etirazın real potensialının hələ bəlli olmadığını göstərir. Əgər 10 sentyabrda kütləvi çıxışlar başlasa, bu, hakimiyyət üçün gözlənilməz böhrana çevrilə bilər. Çünki küçə etirazlarının parlamentdə etimadsızlıq təşəbbüsü ilə üst-üstə düşməsi dövlət idarəçiliyini iflic edə bilər. Bu, nəinki Makron hökumətinin mövcudluğunu, hətta Fransa siyasi sisteminin dayanıqlılığını sual altına qoya bilər. Fransada baş verənlər təkcə bu ölkənin sərhədləri ilə məhdudlaşmır. Avropa İttifaqının ikinci iqtisadiyyatında baş verəcək hər hansı ciddi böhran bütün Avropada domino effekti yarada bilər. Avropa valyutasının sabitliyi, iqtisadi artım perspektivləri və siyasi inteqrasiyanın gələcəyi Fransadakı proseslərdən birbaşa asılıdır. Ona görə də Brüsseldə və digər Avropa paytaxtlarında Parisdəki hadisələr diqqətlə izlənilir. Sentyabr yaxınlaşdıqca Fransa üçün taleyüklü günlər başlayır. Xalq küçələrə axışacaqmı, yoxsa hərəkat sosial şəbəkələrdəki çağırışlarla məhdud qalacaq? Bu suala cavab tezliklə veriləcək. Amma bir həqiqət artıq aydındır: Fransa cəmiyyətində dərin sosial narazılıq toplanıb və o, partlayışa hazırdır. Əgər hökumət güzəştlərə getməsə, “10 sentyabr səfərbərliyi” təkcə bir etiraz aksiyası deyil, Fransa siyasi tarixində yeni bir dönüş nöqtəsi olacaq.

Nigar Orucova, “İki sahil”