21 avqust 2025 23:05
89

ABŞ-də immiqrantların sayı ilk dəfə azalmağa başlayıb

Əlli ildən çox davam etmiş sürətli artımdan sonra ABŞ-nin immiqrantların sayı azalmağa başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Pew Research Center”in hesabatında deyilir.

2025-ci ilin yanvar ayında ölkədə 53,3 milyon immiqrant yaşayırdı ki, bu da tarixdə rekord göstəricidir. Lakin sonrakı aylarda ölkəni tərk edən və ya deportasiya olunan immiqrantların sayı gələnlərin sayını üstələyib. İyun ayına qədər ABŞ-də əcnəbilərin sayı 1960-cı illərdən bəri ilk dəfə olaraq bir milyondan çox azalıb.

“Pew Research Center” tərəfindən hazırlanan ABŞ Siyahıyaalma Bürosunun məlumatlarının yeni təhlilinə əsasən, 2025-ci ilin iyun ayına olan məlumata görə, ölkədə 51,9 milyon immiqrant yaşayıb ki, bu da ümumi əhalinin 15,4 %-ni təşkil edir. Başqa sözlə, bu yaxınlarda qeydə alınmış 15,8 %-lik tarixi maksimumdan geriləmə baş verib. Eyni zamanda, immiqrantlar ABŞ işçi qüvvəsinin 19 %-ni təşkil edib ki, bu da 2025-ci ilin yanvar ayı ilə müqayisədə 1 faiz bəndi və 750 mindən çox işçi azalması deməkdir.