Pakistan Ali Məhkəməsi cümə axşamı ölkənin həbsdə olan sabiq Baş naziri İmran Xana qarşı məhkəmə hökmünün səkkiz maddəsini ləğv edib. Ona 2023-cü ilin mayında hərbi obyektlərə hücumlar və digər maddələrlə bağlı bəraət verilib. Amma sabiq Baş nazir korrupsiya maddəsi ilə bağlı həbsdə qalacaq.
“İki sahil” Pakistan mediasına istinadla xəbər verir ki, bu barədə İmran Xanın vəkili məlumat verib.
Ali Məhkəmənin baş hakimi Yəhya Afridinin başçılıq etdiyi üç üzvdən ibarət məhkəmə heyəti İmran Xanın 2023-cü ildə zorakılıq halları ilə bağlı səkkiz cinayət işi üzrə etiraz ərizəsini rədd edən Lahor məhkəməsinin hökmünü ləğv edib.
Ali Məhkəmə 72 yaşlı İmran Xanın başqa bir cinayət işi üzrə axtarışda olmadığı təqdirdə azadlığa buraxılmasına qərar verib. Bununla belə, sabiq Baş nazir korrupsiya ittihamı üzrə mühakimə olunduğu üçün həbsdə qalacaq.
Sabiq Baş nazirə qarşı korrupsiyadan tutmuş terrorizmə qədər bir çox maddələrlə məhkəmə hökmü çıxarılmışdı. O, bu ittihamları “yalan” adlandırır. Pakistan parlamentinin hər iki palatasındakı müxalifət liderləri də daxil olmaqla, onun rəhbərlik etdiyi “Təhrik-e-İnsaf” partiyasından bir neçə qanunverici də bu yaxınlarda oxşar ittihamlarla mühakimə olunub.
İmran Xanın 2023-cü ilin mayında açılmış korrupsiya ittihamı üzrə qısa müddətə həbs edilməsindən sonra Ravalpindi qarnizon şəhərindəki ümumi qərargah kimi tanınan ordu qərargahı da daxil olmaqla bir neçə hərbi obyektə etirazçılar tərəfindən hücum edilmişdi.