21 avqust 2025 15:11
128

Gürcüstandan Rusiyaya alma ixracı 7,5 dəfə artıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Rusiyaya ümumilikdə 6,6 milyon dollar dəyərində 10 596 ton alma ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 650% çoxdur (888 min dollar dəyərində 1345 ton).

“İki sahil” xəbər verir ki,  bu barədə Gürcüstanın “Kommersant.ge” resursu “Geostat” dövlət statistika agentliyinə istinadla məlumat yayıb.

Bu il bütün alma ixracının 98%-dən çoxu (6,69 milyon dollar dəyərində 10 746 ton) Rusiyaya gedib. “Geostat”ın məlumatına görə, ixrac edilən gürcü almasının 1 kiloqramının vergisiz qiyməti 0,62 dollar təşkil edir.

Həmin dövrdə Belarus Gürcüstandan 51 min dollara 58,9 ton, Ermənistan 30,7 min dollar dəyərində 31,8 ton, Qazaxıstan 15 min dollar dəyərində 60 ton alma idxal edib.

Ümumilikdə, Geostat-ın məlumatına görə, bu il yanvarın 1-dən Gürcüstan və Rusiya arasında ticarət dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5% artaraq 1,5 milyard dollara çatıb. Rusiya bu göstəricidə Türkiyə və ABŞ-dan sonra üçüncü yerdədir. 2025-ci ilin yeddi ayı ərzində Rusiya Federasiyasının xarici ticarət dövriyyəsindəki payı 10,6% təşkil edib. Eyni zamanda, Gürcüstanın Rusiya Federasiyasına ixracı illik müqayisədə 1,4% artaraq 412 milyon dollara çatıb. İdxal 6,5% artaraq 1,087 milyard dollar olub.

İlin əvvəlindən Gürcüstandan Rusiya Federasiyasına 84,5 min ton mineral və şirin su, 37,3 min ton şəkərli mineral və qazlı sular, 32,7 min ton təbii üzüm şərabı, 20,1 min ton alkoqollu içkilər, 6 min ton meyvə ixrac edilib.