Qazaxıstanın Akmola vilayətində təyyarə qəzaya uğrayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Nəqliyyatda Polis İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Astana stansiyasının xətt polis şöbəsi UP-LA 229 saylı özəl yüngül təyyarənin qəzaya uğraması ilə bağlı Cinayət Məcəlləsinin 344-cü maddəsinin 3-cü hissəsi ilə ibtidai istintaqa başlayıb. Məlumatda bildirilir ki, qəza nəticəsində biri pilot və bir sərnişin olmaqla iki nəfər ölüb.
Hazırda qəzanın səbəbləri müəyyənləşdirilir.
“Cinayət-Prosessual Məcəllənin 201-ci maddəsinə əsasən, digər məlumatlar açıqlanmır”, - idarədən bildirilib.
“Kazinform”un məlumatına görə, xüsusi komissiya qəzanın nəticələrini araşdırır.
“17 avqust 2025-ci il, saat 17:40-da Aerostar R40F UP-LA229 yüngül təyyarəsi ümumi aviasiya şəbəkəsində uçuş zamanı Akmola vilayətində qəzaya uğradı. “Hava qəzalarının təhqiqi qaydaları”na uyğun olaraq komissiya yaradılıb”, - məlumatda deyilir.
Hazırda Nəqliyyat Nazirliyinin Hadisələrin və İnsidentlərin Araşdırılması Departamentinin əməkdaşları hadisə yerinə gəliblər.
Məhərrəm Ağalaroğlu, “İki sahil”