Son iki gün o qədər maraqlı, dolğun keçib və vacib xəbərlər o qədər sürətlə bir-birini əvəzləyib ki, birinin əsl mahiyyətini dərk etməmiş, növbəti xəbərlə tanış olmuşuq. Bu mənada, bu günlər baş verən hadisələr, imzalanmış sənədlər barədə, onların mahiyyətini və əhəmiyyətini tam açıqlayan fikir söyləmək, mövqe bildirmək çox çətindir. Əminəm ki, bu hadisələr, sənədlər gələcəkdə çox tarixçilərin, politoloqların araşdırma, tədqiqat mənbəyi olacaq, bununla bağlı ciddi elmi əsərlər ərsəyə gələcək. Bu sənədlərin siyasi yükü və tarixi əhəmiyyəti onda tam dərk olunacaq. Bir həqiqət də var ki, insan bir çox hallarda iştirakçısı və şahidi olduğu hadisələrin böyüklüyünün, əhəmiyyətinin, vacibliyinin fərqinə varmır, həmin hadisə əsl qiymətini zaman keçdikcə alır.
Lakin avqustun 8-də Ağ Evdə keçirilən görüşün ölkəmiz və regionumuz, eləcə də dünya üçün çox vacib və tarixi əhəmiyyət kəsb etdiyi elə indidən hiss olunur. Artıq informasiya məkanında, dünya mətbu orqanlarında, analitiklərin açıqlamalarında bu görüşlə bağlı pozitiv fikirlər, rəylər yayılır, bu hadisənin regionda davamlı sülhə xidmət etdiyi bildirilir. Bu görüşü həm Azərbaycanın, həm Ermənistanın, həm də bütövlükdə Cənubi Qafqazın tarixi, gələcək taleyi baxımından mühüm dönüş nöqtəsi, regionda davamlı və dayanıqlı sülhün təmin olunması istiqamətində olduqca mühüm hadisə kimi qiymətləndirmək olar. Qəbul edilmiş sənədlər tərəflər arasında diplomatik münasibətlərin bərpasını, ərazi bütövlüyünün qarşılıqlı tanınmasını və hörmət prinsipləri əsasında əməkdaşlığın inkişaf etdirilməsini, həmçinin kommunikasiya xətlərinin açılmasını, iqtisadi əlaqələrin bərpasını ehtiva edir.
“İki sahil” xəbər verir ki, bu fikirləri siyasi şərhçi Əhməd Abbasbəyli söyləyib.
“Bir çoxlarımız bəlkə də obyektiv və subyektiv səbəblərdən bu günün əhəmiyyətini, möhtəşəmliyini, tarixi mənasını sonadək dərk edə bilmirik. Amma bu günə 1988-ci, 1990-cı, 1994-cü və sonrakı illərin prizmasından yanaşanda, o cümlədən torpaqlarımızın işğal edildiyini, soydaşlarımızın məcburi köçkünlərə çevrildiyini, Qərbi Azərbaycandan həmvətənlərimizin qaçqın düşdüyünü, özü də bütün bunları sovet ordusunun silahlandırdığı “saqqalı quldurların” və bir çox hallarda isə bilavasitə rus əsgərinin həyata keçirdiyini xatırlayanda, (əlbəttə, hadisələrin iştirakçısı olan, o anları yaşayanlar bunu daha həssas və içdən hiss edə bilər), hadisələrə “ölüb-dirilmiş” sakinlərin, döyüşçülərin, insanların gözü ilə baxanda tamam başqa hiss yaranır. Otuz ildən artıq dövrdə “torpaqlarının 20 faizi işğal olunmuş”, “məğlub xalq” damğası ilə yaşayan, uzun müddət ərzində ABŞ-ın Bayden-Blinken Administrasiyasının, Makronun, Avropa İttifaqının, Avropa Şurasının, Avropa Parlamentinin, ATƏT-in, Rusiyanın, müxtəlif beynəlxalq qurumların və digər “vasitəçilərin” saxta “güzəşt”, “sülh təkliflərini” qəbul etməyən, bütün təzyiqlərə müqavimət göstərməyi bacaran və nəhayət, torpaqlarımızın azad edilməsi uğrunda 2020-ci ildə mübarizəyə qalxaraq Zəfər qazanan, 2023-cü il sentyabrın 20-də antiterror tədbirləri ilə bu uğuru daha möhkəmləndirən mübariz xalqın nümayəndəsi olaraq, bu uğurlu və xoşbəxt nəticəni görmək ayrı zövqdür! Hər bir Azərbaycan vətəndaşının, dünya azərbaycanlılarının, Türk dünyasının qürur duya biləcəyi gündür”, - deyə siyasi şərhçi vurğulayıb.
Əhməd Abbasbəyli Ağ Evdə keçirilən görüşün, razılaşdırlmış sənədlərin ölkəmiz və region üçün, eləcə də qlobal əhəmiyyətinə diqqət çəkərək deyib:
“- Bu, ilk növbədə 30 ildən artıq davam edən minlərlə insanların ölümünə, tarix və mədəniyyət abidələrinin, infrastrukturun dağıdılmasına səbəb olan münaqişənin, müharibənin bitməsidir. Regionda sülh hər şeydən əvvəl gənclərimizin həyatının xilas edilməsi, qurbanlara son qoyulması deməkdir. Müharibə hər iki tərəfdən çox sayda insan tələfatına səbəb olmaqla yanaşı, hər iki dövlət üçün ağır bir iqtisadi yük idi.
- Bu, Azərbaycan siyasi rəhbərliyinin, diplomatiyasının, gələcəkdə dərsliklərə düşə biləcək, tədris olunacaq, əhəmiyyətli bir uğurdur, hərb meydanında, döyüşlərdə qazanılmış de-fakto qələbənin de-yure imzalı, möhürlü sənədlə təsdiqidir. Bu, heç kimin, hətta ən qatı düşmənlərimizin belə dana bilməyəcəyi bir faktdır, bir həqiqətdir. Əlbəttə ki, dövlətimiz bu Sazişin olub-olmamasından asılı olmayaraq, hərbi, iqtisadi və diplomatik müstəvidə qalib tərəf idi, amma bu fakt onun öz mövqeyini daha da möhkəmləndirməsini, dünyada nüfuzunun daha da artmasını təsdiqləyir. Qalib dövlət olmasına baxmayaraq, ölkəmizin xeyirxah təşəbbüslə çıxış etməsi, belə bir Sazişin paraflanması sülhpərvər mövqeyinin təzahürü və beynəlxalq imicinə müsbət təsir edən amildir.
- Bu, tarix boyu regionda aqressiv, revanşist, qonşularına qarşı daim ağlasığmaz iddialarla çıxış edən, separatçılığın, dini və milli ayrı-seçkiliyin mənbəyi və təşəbbüskarı kimi çıxış edən bir dövlətin - Ermənistanın artıq öz ənənəvi mövqeyindən əl çəkərək, ziddiyyətlərin əvəz edilərək normal qonşuluq, qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində yaşamaq rejiminə keçməsi, nəticə etibarı ilə regionda təhlükə və müharibə ocağının sönməsi deməkdir.
- Münaqişənin bitməsi maraqlı qüvvələrin, xüsusilə imperiya ambisiyalarından əl çəkmək istəməyən bəzi dövlətlərin həm Azərbaycana, həm də Ermənistana qarşı mütəmadi olaraq istifadə etdiyi təzyiq vasitələrinin, təsir rıçaqlarının darmadağın olması deməkdir. Bu mənada tərəflərin ATƏT-in Minsk prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanması xüsusi əhəmiyyət kəsb edir. Bu, uzun illər özündənrazı, yarıtmaz, qeyri-səmimi Avropa məmurlarının regiondan ayaqlarının birdəfəlik kəsilməsi, “sülh təklifləri”, “güzəştlər” və s. kimi saxta, lazımsız cızma-qaraların, kağız-kuğuzların “gorbagor” olmasıdır.
- Ölkələr üçün yeni iqtisadi, siyasi və sosial imkanlarının, yeni ticarət imkanlarının, qlobal iqtisadi əməkdaşlıq sistemində vacib vasitəçilik, tranzit imkanlarının yaranması, yəni ölkələrin iqtisadi inkişaf perspektivlərinin açılması deməkdir. Bu proses dövlətlər, bütövlükdə region üçün yeni iqtisadi imkanlar, tranzit layihələrə qoşulmaq şansı və qlobal əməkdaşlıqdan faydalanmaq deməkdir
- Bu, gələcəkdə regionda sülh və təhlükəsizliyə zəmin yaradaraq, Cənubi Qafqazın beynəlxalq hüququn əsas prinsiplərinə: dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və bərabər hüquqa əsaslanan yeni münasibətlər qurulması ilə yanaşı, regionunun iqtisadi yüksəlişi, dünya siyasi coğrafiyasında yeni rifah və əmin-amanlıq bölgəsinin (Baltikyanı ölkələr kimi) yaranmasının əsasının qoyulmasına verilən şansdır,
- Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması və buna paralel olaraq SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” və “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nun imzalanması isə Azərbaycan Respublikası ilə ABŞ arasında münasibətlərin yeni, daha yüksək müstəviyə keçməsinə dəlalət edir. Qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək bu sənəd gələcəkdə enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsini nəzərdə tutur. Razılaşamalara görə Azərbaycan-ABŞ əlaqələri uzunmüddətli və sistemli plan əsasında inkişaf etdiriləcək, davamlı siyasi dialoq və koordinasiya mexanizmləri formalaşdırılacaq. Eyni zamanda, bu sənəd dünyanın ən qüdrətli ölkəsi olan ABŞ-ın Azərbaycanı qlobal miqyasda strateji əhəmiyyətə malik tərəfdaş kimi qəbul etdiyini nümayiş etdirir. Deyərdim ki, bu iki dövlət arasında münasibətlər hələ bu qədər yüksək və qarşılıqlı faydalı olmamışdı.
- Ayrıca olaraq vurğulamaq lazımdır ki, 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanmasının ölkəmiz üçün əlamətdar olması ilə yanaşı, qlobal mənada əlahəzrət “ədalətin” bərpası, təşəkkül tapması baxımından əhəmiyyətlidir. Bu fakt təkcə siyasi mahiyyət daşımır, həm də mənəvi yükə malikdir. Hələ düzəlişin qəbul etdirildiyi həmin dövrdə də, dövlətlərin də, siyasi liderlərin də, dünya ictimaiyyətinin də bildiyi, lakin cüzi hissənin dilə gətirdiyi bir həqiqət var idi, bu sənədə görə əslində ərazilərinin 20 faizi işğal edilən, yüz minlərlə qaçqın və məcburi köçkünü olan Azərbaycan deyil, bütün bu cinayətləri törədən, işğalçı Ermənistan ABŞ-ın yardımını ala bilərdi. Yəni məhdudiyyət, cəza təcavüzkar, cinayətkar tərəfə deyil, məhz işğala məruz qalan tərəfə yönəlmişdi. Bu da beynəlxalq hüququn prinsiplərinə, ədalət, humanizm, əxlaq və mənəviyyat anlayışlarına daban-dabana zidd idi. Əminəm ki, ABŞ-ın hazırkı siyasi rəhbərliyinin bu davranışı Azərbaycanla ABŞ arasında strateji əməkdaşlığı gücləndirmək və qarşılıqlı etimadı möhkəmləndirməklə yanaşı, ədalətin bərpası baxımından dünyanın bir nömrəli dövlətinin beynəlxalq imicinə də müsbət təsir edəcək.
- Nəhayət, son beş ildir ki, mübaliğəsiz deyə bilərik ki, dünyanın diqqət mərkəzində olan, həm qlobal, həm də ölkədaxili səviyyədə daim müzakirə olunan, öz merkantil maraqlarından çıxış edən bir sıra dövlətlər tərəfindən mübahisə predmetinə çevrilən, hər iki dövlət üçün, region üçün müstəsna əhəmiyyət kəsb edən, qlobal iqtisadi əlaqələr baxımından böyük mahiyyət daşıyan Zəngəzur dəhlizi ilə bağlı da ortaq mövqe əldə olunub. Birgə Bəyannamədə regionda nəqliyyat və kommunikasiyalarının açılması və bu çərçivədə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğuna dair bənd, həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun həyata keçiriləcəyi təsbit olunub. Təbii ki, bu cür razılaşmanın əldə olunması və bunun arxasında məhz ABŞ-ın durması regionda yeni iqtisadi reallıqlar yaratmaqla yanaşı, yeni siyasi reallıqlar da yaradır. Məhz Zəngəzur dəhlizi ilə bağlı mütəmadi olaraq həm şimaldan, həm də cənubdan, həmin dairələrin maraqlarına uyğun olan, lakin bizim maraqlarımıza zidd olan müxtəlif bəyanatlar verilib, “qırmız xətt” və s. bu kimi hədə-qorxular səsləndirilib. Əminəm ki, bu sənəd bu cür manipulyasiyaların, siyasi hoqqabazlıqların qarşısını birdəfəlik alacaq.
- Son və ən vacibi isə odur ki, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması, üçtərəfli görüşün nəticəsinə dair Birgə Bəyannamənin imzalanması Cənubi Qafqazda davamlı və dayanıqlı sülhün təmin olunması istiqamətində olduqca mühüm hadisədir və regionda uzunmüddətli sabitliyin təmin olunması istiqamətində ən mühüm mərhələdir. Bütövlükdə geniş mənada, bütün region, o cümlədən Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq istəyən hər kəsin ürəyindən olan bu addımın gələcəkdə böyük əhəmiyyəti olacaq. Bu regionda artıq 200 ildən çoxdur ki, hökmranlıq edən, “parçala, hökm et!” siyasəti ilə daim münaqişələr yaradan, xalqları bir-birinə qarşı qoyan, düşmənçilik toxumu səpən və bu yolla da öz imperialist niyyətlərini həyata keçirən Rusiyanın Cənubi Qafqazdan uzaqlaşdırlması prosesinin başlanğıcı oldu. Təbii ki, şovinist düşüncəli, imperiya ambisiyalarından əl çəkmək istəməyən qonşularımız bu vəziyyətlə razılaşmaq istəməyəcək, regionda qalıb, klassik imperialist və “velikorus” ideologiyasına söykənən istəklərini təmin etmək üçün yeni oyunlar fikirləşəcək, yeni hoqqalar çıxarmağa, fitnələr törətməyə çalışacaq, müxtəlif təzyiq və təsir vasitələrinə əl atacaqlar. Amma əminəm bunların heç bir faydası olmayacaq. Cənubi Qafqaz tarixində yeni bir dövr başlayır.
Əlbəttə ki, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu kontekstdə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistanın Konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir. İnanırıq ki, Ermənistan tərəfi bu məsələni yubatmayacaq, şərtə qeyd-şərtsiz əməl edəcək və “Sülh müqaviləsi” yekin sənəd kimi imzalanacaq. Əks təqdirdə bu, Ermənistanın, onun siyasi rəhbərliyinin beynəlxalq imicinə, nüfuzuna mənfi təsir edəcək, bu həmçinin ilk növbədə, onun ABŞ-a və şəxsən Prezident Trampa hörmətsizliyi olacaq və Ermənistan dövlətinin gələcək taleyini sual altında qoya bilər”.