Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Avropa məbuatında, Avropa İttifaqının 27 ölkəsində izlənilən nüfuzlu informasiya portallarında Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərinə səfərinə dair məqaləsi dərc olunub.
“İki sahil” xəbər verir ki, məqalədə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, 30 il davam edən işğal və etnik təmizləmə faktları, 2020-ci ildə Azərbaycanın BMT-nin nümunəvi üzv dövləti olaraq BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş məlum dörd qətnamənin icrasını təkbaşına təmin etməsi və İkinci Qarabağ-Vətən Müharibəsində əldə olunan möhtəşəm Zəfərlə həm regionda, həm də dünya siyasi arxitekturasında tamamilə yeni bir ab-hava yaranması öz əksini tapıb.
Burada isə əsas məqam Azərbaycanın sülhün əldə olunmasının, habelə regionda yeni quruculuq dövrünün başlanmasının vaxtı olduğunu bütün ikitərəfli və çoxtərəfli beynəlxalq görüşlərdə mövqe kimi nümayiş etdirməsidir. Belə ki, sülhün əldə olunması prosesində vasitəçi kimi çıxış edən Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, Rusiyanın da Azərbaycanın Cənubi Qafqazda siyasi və iqtisadi sabitliyi təmin etmə səylərini yüksək qiymətləndirdikləri qeyd olunub.
Məqalədə, eyni zamanda, sülh prosesini gözü götürməyən qüvvələrin, ABŞ-ın yüksək dairələrində kifayət qədər güclənmiş lobbiçi qruplaşmaların öz məkrli oyunlarını davam etdirərək Cənubi Qafqazda sülhün təmin olunması prosesinə ciddi zərbə vurmağa çalışdıqları vurğulanıb. Lakin, Azərbaycanla ABŞ münasibətlərinin hər zaman müsbət dinamika ilə inkişaf etdiyi, xüsusilə Donald Trampın yenidən Prezident seçilməsi bu münasibətlərin daha da dərinləşdiyi diqqətə çatdırılır.
Millət vəkili, Prezident İlham Əliyevin 07 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona baş tutan işgüzar səfərinə toxunaraq, həmin səfərin ölkələrarası münasibətlərin yeni müstəvidə inkişaf edəcəyini, eləcə də Cənubi Qafqazda uzun zamandır gözlənilən sülhün bərqərar olunacağını, habelə bir sıra dövlətlər üçün yeni investisiya imkanlarının açılacağını vurğulayıb.
Sonda M.Əfəndiyev Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl, çoxvektorlu fəaliyyətin qədirbilən Azərbaycan xalqının, ölkəmizin davamlı inkişafını bundan sonra da təmin edəcəyini xüsusi qeyd edib.
Həmin məqalə ilə aşağıdakı keçidlərdən istifadə etməklə tanış ola bilərsiniz:
https://eureflect.com/strategic-realignment-azerbaijan-u-s-relations/