Türkiyənin aparıcı telekanalları, xəbər agentlikləri, qəzetləri və xəbər saytları Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səfərini geniş işıqlandırır.
“İki sahil” xəbər verir ki, qardaş ölkənin aparıcı media orqanları Azərbaycan, Ermənistan və ABŞ liderlərinin qarşıdan gələn görüşünə xüsusi diqqət yetiriblər.
Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampla görüşünün Cənubi Qafqazda davamlı sülh perspektivləri üçün kritik əhəmiyyəti vurğulanır.
Medianın materiallarında regionda nəqliyyat kommunikasiyalarının bərpası mövzusuna xüsusi diqqət yetirilir, Zəngəzur dəhlizinin açılması ilə bağlı düsturlar müzakirə edilir, bu məsələ ilə bağlı aparıcı ekspert və analitiklərin fikirləri təqdim olunur.
Türkiyə mediası Bakı və İrəvanın ATƏT-in Minsk qrupunu ləğv etməyə hazır olması ilə bağlı xəbərlərə xüsusi yer ayırıb.
Xəbərlərdə ABŞ rəsmilərinin Ağ evdə bugünkü görüşün əhəmiyyətini vurğulayan bəyanatlarına istinad edilir.
Materiallarda Donald Tramp administrasiyası nümayəndələrinin Cənubi Qafqaza təkrar səfərləri xatırladılır.