06 avqust 2025 22:55
161

Gənclərin inkişafı üçün daha bir addım - "Gənclər Düşərgəsi 2025" baş tutub

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin təşkilatçılığı ilə ölkənin müxtəlif bölgələrindən olan fəal və istedadlı gəncləri bir araya gətirən Gənclər Düşərgəsi uğurla həyata keçirilib.

“İki sahil” xəbər verir ki,  düşərgənin əsas məqsədi gənclərin fəallığını artırmaq, onların ictimai iştirakçılığını gücləndirmək, liderlik və komandada işləmək bacarıqlarını inkişaf etdirmək, həmçinin milli-mənəvi dəyərlər, hüquqi şüur və vətənpərvərlik ruhunda maarifləndirmək olub.

Bir neçə gün davam edən düşərgə müddətində iştirakçılar üçün təlimlər, panel görüşləri, debatlar, intellektual və idman oyunları, komanda tapşırıqları və müxtəlif inkişafyönümlü fəaliyyətlər təşkil olunub. Gənclər həmçinin müxtəlif sahələrdə uğur qazanmış peşəkarlarla görüşərək onların təcrübələrindən yararlanmaq imkanı qazanıblar. Düşərgə çərçivəsində Quba RPŞ müstəntiqi polis mayoru Şükür Hacıyevin iştirakı ilə "Konstitutsiya və Suverenlik: Hüquqi şüurun gücləndirilməsi" və Quba Rayon Polis Şöbəsinin baş inspektoru polis mayoru Samir Aydəmirovun iştirakı ilə "Narkomaniyaya qarşı ictimai-təhlil" panel görüşləri keçirilib. Eyni zamanda, Ərhun Baxışın təqdimatında “Natiqlik və ünsiyyət bacarıqları" təlimi, İnsafəli Səmədovun təqdimatında “İnkişaf və Yüksəliş” təlimi, Türkan Rəhimovanın təqdimatında “Layihə idarəetməsində effektiv risk menecmenti strategiyaları” adlı təlim keçirilib. 

Düşərgə çərçivəsində həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkili, mədəniyyətimizin tanıdılması və komanda ruhunun formalaşdırılması istiqamətində tədbirlər keçirilib.

Bu tip düşərgələr gənclərin inteqrasiyasına, fərdi və sosial inkişafına mühüm töhfə verir, onların cəmiyyətə daha fəal və yaradıcı şəkildə qoşulmasına zəmin yaradır.