06 avqust 2025 22:17
153

Şəhidlik zirvəsi...

Mirağa  Qasımov doğma yurdunu, xalqını öz canından artıq sevirdi. Odur ki, 44 günlük haqq savaşımız başlanan gündən Vətən torpaqlarının azadlığı naminə yağıya qarşı son damla  qanına qədər  döyüşüb, yaddaşlara əbədi  olaraq yazılmış igidlik və  mərdlik göstərib. Məhz buna görə də bu gün cismən aramızda olmasa da, bütün Azərbaycan onunla fəxr edir, böyüməkdə olan gənc nəsil  Vətən sevgisini onun kimi ölümsüzlüyə qovuşan  cəsur oğullardan öyrənir.

1995-ci ildə Cəlilabadın Moranlı kəndində anadan olan Mirağa Hafiz oğlu Qasımov yetkinlik yaşına çatanda  birinci arzusu yağı tapdağında olan Vətən torpaqların azad görmək  olub. Erməni dığaların Qarabağımızda törətdiyi qanlı əməllərlə heç cür barışa bilmirdi. Hər an qanında, ruhunda dövr edən Vətən sevgisi  Mirağanı döyüşə çağırıb və elə doğma Azərbaycana əsl oğul olmağı bunda görüb. Əsgərliyə yola düşəndə də düşməndən Vətənin qisasını alacağına and içib. Həmçinin  deyib ki, ordumuz tezliklə  erməni işğalçılarına qalib gələcək, məndə sizin yanınıza zəfər sevinci, alnıaçıq, başıuca qayıdaram..  

Mirağa Qasımov  2013-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub . Hərb sənətinə olan maraq, ən əsası qəlbində cağlayan Vətən sevgisi, erməni dığalarına nifrət hissi  onu  2015-ci ildə  Dövlət Sərhəd Xidmətinə gətirib. Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Dəstəsində xidmətə başlayan Mirağa yüksək fiziki hazırlığı, intizamı və çalışqanlığı sayəsində qısa müddətdə peşəkar hərbi qulluqçu kimi formalaşıb. Xüsusi döyüş tapşırıqların icrasında, müxtəlif taktiki təlimlərdə yüksək nəticələr göstərərək  rəislərinin və yoldaşlarının etimadını qazanıb, igidliyi, mərdliyi, dürüstlüyü nümunə olub.

Nəhayət, 2020-ci ildə Vətən müharibəsi başlayanda Mirağa istəyinə çatıb, erməni qəsbkarlarına qan qusdurmaq üçün əlinə silah alıb müharibə meydanına girib. 30 il əsarətdə qalan bizə məxsus   kəndləri, rayonları azad etməkdə rəşadətlə vuruşub.  Silahına tuş gələn dığaların sayı bilinməyib. Beləcə zəbt edilmiş yeni yaşayış məskənlərdə Azərbaycanın üç rəngli qələbə bayrağı dalğalananda  igid döyüşçü Mirağa daha da ruhlanıb, atıldığı hər savaşda qəlbi qələbə eşqi ilə cuşa qəlib və Vətən olan sevgisini layiqincə sübut edib. Fizuli, Cəbrayıl   istiqamətlərində gedən qanlı döyüşlərdə  düşmənin başına od ələyib. Daha sonra  Zəngilan şəhərinin və ətraf ərazilərin azadlığı naminə  dığalara sarsıdıcı zərbələr vuran bölmələrin tərkibində xüsusi olaraq  fərqlənib. Oddan-alovdan keçən, son qarşı Vətən  torpaqların azad olunacağı günədək vuruşa  hazır olan    kiçik qizir Mirağa Qasımov  
21 oktyabr 2020-ci il tarixdə Zəngilanda düşmən qüvvələrinin darmadağın edildiyi yerdə ağır yaralanıb. Bakı şəhərinə təxliyə olunaraq ölkəmizin ən qabaqcıl tibb müəssisələrində müalicə alsa da, noyabrın 12-də  gözlərini  yumaraq  əbədiyyət dünyasına qovuşub.

Vətənə, millətə əvəzsiz xidməti ilə ürəklərə köçən  kiçik gizir  Mirağa Hafiz oğlu Qasımov  ölümündən sonra ”Qarabağ” ordeni, ”Vətən uğrunda”, ”İgidliyə görə” və digər  medallara layiq görülüb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü