Bakı Şəhər Statistika İdarəsi ilin ilk 6 ayının nəticələrini açıqlayıb
Sənayenin inkişafı haqqında
2025-ci ilin yanvar-iyun aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 25,3 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 74,5 faizi mədənçıxarma, 22,0 faizi emal, 2,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Sənayedə qeyri-dövlət sektorunun payı 81,8 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,7 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,3 faiz təşkil etmişdir.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyul 2025-ci il vəziyyətinə 459,2 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 63,2 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.
Tikintinin əsas göstəriciləri
2025-ci ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 86,6 faizini inşaat, yenidənqurma və bərpa, 6,6 faizini əsaslı təmir, 3,5 faizini cari təmir, 3,3 faizini isə sair tikinti işləri təşkil etmişdir.
Ümumi inşaat işlərinin 91,4 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.
Məhsul bazarı haqqında
2025-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz artaraq 17394,8 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 1,1 faiz azaraq 9609,4 milyon manata, qeyri-ərzaq malları isə 11,9 faiz artaraq 7785,4 milyon manat olmuşdur. Əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə cari ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,5 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,0 faiz artmışdır. İstehlak məhsullarının 38,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,3 faizi isə paytaxtın əmtəə bazarlarında satılmışdır.
İctimai iaşə
2025-ci ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,7 faiz artaraq 864,3 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 496,6 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 57,5 faizini təşkil etmişdir.
Ödənişli xidmətlər haqqında
2025-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,8 faiz artaraq 4257,6 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 3609,8 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 84,8 faizini təşkil etmişdir.
Əməkhaqqı
2025-ci ilin yanvar-may aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,1 faiz artaraq 1374,9 manat təşkil etmişdir.
Bakı Şəhər Statistika İdarəsi