04 avqust 2025 11:19
119

Astanada BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üzrə regional mərkəzi açılır

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Qazaxıstan Respublikasında BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (SDGs) Mərkəzi Asiya və Əfqanıstan üzrə regional mərkəzinin yaradılmasına dair sazişin imzalanması mərasimində iştirak ediblər.

“İki sahil” Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Prezident Tokayev çıxışında BMT-nin Baş katibi Antonio Quterreşə bu əlamətdar tədbirdə iştirakına görə minnətdarlığını bildirib.

O qeyd edib ki, bu tədbir həm Qazaxıstan, həm də Birləşmiş Millətlər Təşkilatı üçün böyük əhəmiyyət kəsb edir və qlobal xəritədə mühüm aktor kimi formalaşmaqda olan Mərkəzi Asiyanın əhəmiyyəti haqqında bütün beynəlxalq ictimaiyyətə verilən güclü siqnal rolunu oynayır. Tokayev əlavə edib ki, imzalanmış sənəd Qazaxıstanla BMT arasında uzunmüddətli və səmərəli əməkdaşlıqda mühüm mərhələnin təməlini qoyur.

“Artan geosiyasi turbulentlik, münaqişələr, iqlim və ərzaq təhlükəsizliyi fonunda BMT daha təhlükəsiz və sabit dünya quruculuğu prosesinə liderlik etməlidir. Qazaxıstan üçün Birləşmiş Millətlər Təşkilatı beynəlxalq nizamın əvəzedilməz və əsas sütunu olaraq qalır. Biz 33 il əvvəl BMT ailəsinə qoşulandan bəri ardıcıl olaraq beynəlxalq birliyin məsuliyyətli, təşəbbüskar, sülhsevər üzvü kimi çıxış edirik”, - deyə Qazaxıstanın dövlət başçısı qeyd edib.

Xəzər və Aral dənizlərinin problemləri ilə bağlı təcili tədbirlər görülməsinin zəruriliyini qeyd edən Tokayev diqqətə çatdırıb ki, region üçün həyati əhəmiyyət daşıyan hər iki su hövzəsi iqlim dəyişikliyinin mənfi təsirinə məruz qalıb. O məlumat verib ki, Qazaxıstan 2026-cı ilin aprelində BMT ilə birgə təşkil edəcəyi iqlim konfransında bu vacib məsələni gündəliyə çıxaracaq.

A.Quterreş çıxışında bildirib ki, regional mərkəz dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün Fəaliyyət Proqramının həyata keçirilməsində qabaqcıl rola malik ola bilər.

“Bu gün deməliyik ki, Qazaxıstan artıq dənizə çıxışı olmayan ölkə deyil, əksinə, qlobal ticarət, logistika, nəqliyyat və telekommunikasiya sistemlərində, avtomobil yollarında, dəmir yollarında, fiber optika və transformasiyada mühüm bir mərkəzdir. Bu ölkə həqiqətən də vacib körpüdür. Şərqdən Qərbə, Şimaldan və Cənuba uzanan bir körpü”, - deyə Antonio Quterreş vurğulayıb.