03 avqust 2025 23:35
110

Ekrem Gürel: Azərbaycanın Suriyaya qaz nəqlinə başlaması regionun enerji siyasətində mühüm mərhələdir

Azərbaycan qazının Suriyaya nəql olunmasına başlanması regionun enerji siyasətində mühüm mərhələdir. Bu hadisə regional sabitliyi möhkəmləndirəcək.

“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında İğdır Universitetinin rektoru professor Ekrem Gürel bildirib.

O deyib ki, Azərbaycan qazının Türkiyə vasitəsilə üçüncü ölkələrə nəqli Bakı-Tbilisi-Ərzurum və Trans-Anadolu boru kəməri (TANAP) kimi layihələrə də müsbət siyasi və iqtisadi təsir göstərir.

Ekrem Gürel, həmçinin Bakı ilə Ankaranın Suriyanın bərpasına töhfəsinin təkcə iqtisadi deyil, sosial-siyasi nəticələrinə də diqqət çəkib:”Azərbaycan qazı Türkiyə ərazisindən ilk növbədə Suriyanın İdlib, Afrin, Əl-Bab və Cerablus bölgələrinə veriləcək. Bu ərazilərin enerji infrastrukturu uzunmüddətli münaqişə dövründə ciddi zərər görüb. Azərbaycanın qazı hesabına mənzillər isidiləcək, elektrik enerjisi istehsal olunacaq, kiçik sənaye müəssisələri yenidən fəaliyyətə başlayacaq. Nəticədə əhalinin rifahı yaxşılaşacaq və qaçqınlar öz evlərinə daha fəal şəkildə qayıtmağa başlayacaqlar”.

İğdır Universitetinin rektoru qeyd edib ki, bu gün Azərbaycan qazı yalnız Avropa ölkələrinə deyil, eyni zamanda, Yaxın Şərqə də nəql olunur. Bu da Azərbaycanın enerji siyasətində yeni mərhələyə keçidinin göstəricisidir. “İstisna deyil ki, gələcəkdə bu cür “enerji dəhlizləri” İordaniya və Livan kimi ölkələr üçün də aktual ola bilər”, – deyə Ekrem Gürel diqqətə çatdırıb.