Tayvan gələn il yeni “Tyanqun-4” zenit-raket komplekslərinin (ingiliscə adı “Sky Bow IV”) istehsalına başlamaq üçün büdcədən maliyyə ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Taipei Times” qəzeti adanın müdafiə qurumuna istinadla məlumat yayıb.
Məlumata əsasən, ümumilikdə 122 ədəd “Tyanqun-4” nəqliyyat və buraxılış konteynerinin sifarişi planlaşdırılır. Adanın silahlı qüvvələri 2026-cı ildə artıq 46 konteyner, bir ildən sonra isə 76 konteyner almalıdır. Nəşr qeyd edir ki, yeni zenit-raket kompleksləri 70 km-ə qədər yüksəklikdə qanadlı və ballistik raketlər də daxil olmaqla hava hədəflərini vurmaq üçün nəzərdə tutulub.
Bundan əlavə, Tayvan adı hələ açıqlanmayan yeni səkkiztəkərli zirehli döyüş maşınında istifadə üçün nəzərdə tutulan avadanlıq və silahların istehsalı üçün vəsait ayırır. Qəzetin yazdığına görə, avtomobil Tayvanın CM-33 avtomobillər ailəsinə əsaslanır və 2023-cü ilin sonlarında ilkin istismar qabiliyyətinin qiymətləndirilməsindən keçib. Yeni zirehli döyüş maşınının sınağı gələn ilin iyun ayına kimi başa çatdıracağı, 2028-ci ildən başlayaraq bir neçə partiyada 500 avtomobil üçün sifarişlərin yerləşdiriləcəyi gözlənilir.
Döyüş maşını 105 mm-lik top və 12,7 mm-lik pulemyotla silahlanacaq.