Elvin Abbasov: Süni intellekt sahəsində yeni dövlət standartı rəqəmsal idarəetmədə keyfiyyət mədəniyyətinin başlanğıcıdır
Müasir dövr informasiya və texnologiyalar əsridir. Bu reallıqla ayaqlaşmaq istəyən dövlətlər yalnız iqtisadi və siyasi islahatlarla kifayətlənməyərək, rəqəmsal transformasiyanı da strateji prioritetə çevirirlər. Prezident İlham Əliyevin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” da məhz bu kontekstdə ölkəmizin texnoloji suverenliyinin təməlini təşkil edir. Bu sənəd süni intellektin (Sİ) milli səviyyədə tətbiqi, tənzimlənməsi və idarə olunması üçün sistemli çərçivə müəyyənləşdirir və ölkəmizin bu sahədə regional və qlobal liderə çevrilməsi yolunda strateji başlanğıc nöqtəsi kimi dəyərləndirilir.
Strategiyanın əsas missiyası süni intellekt texnologiyalarının yalnız tətbiqini deyil, eyni zamanda, onun idarəolunan, etik və şəffaf formada cəmiyyət həyatına inteqrasiyasını təmin etməkdir. Sənəddə qeyd olunan prioritet istiqamətlər – kənd təsərrüfatı, səhiyyə, nəqliyyat və təhsil sahələri bu texnologiyanın real sektorlarla inteqrasiyasının ilkin mərhələlərdə uğurla aparılacağını göstərir. Ən mühüm və diqqətçəkən məqamlardan biri odur ki, strategiya yalnız texniki hədəflərlə kifayətlənmir. Burada sosial, hüquqi və etik aspektlərə də önəm verilir. Süni intellektin tətbiqində ədalətli və etik yanaşmanın qorunması, şəffaf və ictimai maraqlara cavab verən idarəetmə sistemlərinin qurulması nəzərdə tutulur. Beləliklə, texnologiya yalnız innovasiya deyil, həm də sosial məsuliyyət vasitəsinə çevrilir. Strategiyanın qəbulundan əvvəl Azərbaycanda süni intellekt sahəsində atılmış ilkin addımlar da bu prosesin tədricən və sistemli şəkildə formalaşdırıldığını göstərir.
2020-ci ildən başlayaraq rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi, 2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində Süni İntellekt üzrə İşçi Qrupun yaradılması bu baxımdan önəmli mərhələlərdir. Həmin İşçi Qrupun təşəbbüsü ilə müxtəlif sahələrdə süni intellekt əsaslı pilot layihələrin icrasına başlanması isə texnologiyanın tədricən ölkə həyatına inteqrasiyasını reallaşdırır. 2022-ci ildə “Rəqəmsal Azərbaycan: 2030” strategiyası çərçivəsində aparılan ilkin təhlillər, milli ekspert və texnoloji mərkəzlərin iştirakı ilə hazırlanan konseptual sənədlər gələcəkdə ölkənin süni intellektlə bağlı tənzimləmə mexanizmlərinin və texnoloji siyasətinin əsasını formalaşdırıb. “Elektron hökumət” portalında və "ASAN xidmət" sistemində süni intellekt elementlərinin tətbiqi isə dövlət-vətəndaş münasibətlərində avtomatlaşdırılmış idarəetmə modelinin ilkin təzahürləridir. Təhsil sahəsində həyata keçirilən pilot layihələr – məktəblərdə fərdi tədris planlarının yaradılması və şagird performansının avtomatik təhlili – süni intellektin insan potensialının inkişafına yönələn effektiv alətə çevrilməkdə olduğunu sübut edir. Kənd təsərrüfatı və nəqliyyat sahələrində peyk məlumatlarına əsaslanan proqnozlaşdırma sistemləri də bu istiqamətdə texnoloji yeniliklərin praktik səmərəsini göstərən nümunələrdəndir. Strategiyada süni intellektin tətbiqində yaranacaq etik, sosial və iqtisadi risklərin qarşısının alınması üçün qabaqlayıcı mexanizmlərin hazırlanması, ictimai rəyin nəzərə alınması, şəffaf monitorinq sistemlərinin qurulması və risk qiymətləndirmə mərhələlərinin həyata keçirilməsi kimi tədbirlər xüsusi yer tutur. Bu, Azərbaycanın texnologiya ilə yanaşı, sosial məsuliyyəti də önə çəkən bir model qurmaq niyyətində olduğunu göstərir.
Maraqlı və diqqətçəkən məsələlərdən biri də budur ki, Strategiya çərçivəsində məlumatların idarə edilməsi və infrastrukturun təkmilləşdirilməsi rəqəmsal transformasiyanın əsas dayağı kimi nəzərdən keçirilir. Yüksəksəviyyəli hesablama imkanlarının artırılması, Təbii Dil Emalı (TDE) texnologiyalarının gücləndirilməsi, açıq məlumatların genişləndirilməsi, fərdi məlumatların mühafizəsi və kibertəhlükəsizliyin təmin olunması bu sahəyə kompleks yanaşmanın göstəricisidir. Bu çərçivədə süni intellekt texnologiyaları dövlət idarəçiliyindən tutmuş səhiyyəyə, təhsildən tutmuş iqtisadi sektora qədər geniş spektrdə tətbiq olunmaq üçün nəzərdə tutulur.
Süni intellekt strategiyasının texnoloji və hüquqi təməlini gücləndirən mühüm hadisələrdən biri də son günlərdə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) AZS ISO/IEC 42001:2025 “İnformasiya texnologiyası – Süni intellekt – İdarəetmə sistemi” dövlət standartını qəbul etməsidir.
Yeni standart süni intellekt texnologiyalarının tətbiqi zamanı risklərin idarə olunması, etik prinsiplərə riayət edilməsi və şəffaflığın təmin olunması ilə bağlı tələbləri müəyyənləşdirir. Eyni zamanda, bu sənəd süni intellekt sistemlərinin qurulması, tətbiqi, istismarı və davamlı şəkildə təkmilləşdirilməsinə dair müasir alqoritmləri və yanaşmaları özündə ehtiva edir. AZS ISO/IEC 42001:2025 standartı “İnformasiya-kommunikasiya texnologiyaları” üzrə Standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 05) tərəfindən müzakirəyə çıxarılıb, daha sonra Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Qeyd olunmalıdır ki, bu yeni dövlət standartı Prezident İlham Əliyevin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.1.5-ci yarımbəndinin icrası çərçivəsində qəbul edilib və strategiyanın praktik tətbiq mexanizmlərinin mühüm komponentlərindən birini təşkil edir.
“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin sədri Elvin Abbasov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında AZS ISO/IEC 42001:2025 dövlət standartının qəbulu ilə bağlı qeyd etdi ki, bu sənəd “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” üzrə fəaliyyətlərin konkretləşməsi baxımından əlamətdar mərhələdir: “Bu standart süni intellektin tətbiqi zamanı idarəetmə, şəffaflıq, etik prinsiplər və risklərin azaldılması kimi əsas texniki-hüquqi tələbləri müəyyən edir. Yəni, strategiyada qoyulan hədəflərin həyata keçirilməsi üçün zəruri idarəetmə və uyğunluq çərçivəsini yaradır. Tədbirlər Planında süni intellektin etibarlı və məsuliyyətli tətbiqi, normativ bazanın formalaşdırılması, infrastrukturun tənzimlənməsi kimi istiqamətlər mövcuddur. Yeni qəbul edilən AZS ISO/IEC 42001:2025 isə məhz bu istiqamətlərin icrası üçün operasional mexanizm rolunu oynayır. Məsələn, bu standart süni intellekt sistemlərinin qurulması və təkmilləşdirilməsi üçün təşkilat daxilində proses yanaşması və davamlı audit mexanizmləri təqdim edir. Bu da strateji sənəddə nəzərdə tutulan prinsipial tələbləri ölçülə bilən və tətbiq edilə bilən struktura çevirir”.
Elvin Abbasov vurğuladı ki, nəticə etibarilə bu standart strategiyanın yalnız hüquqi deyil, həm də praktik icra mərhələsinə keçidini təmin edir: “Təşkilatlar üçün həm məsuliyyət çərçivəsi yaradır, həm də süni intellektin səmərəli tətbiqində etimad mühitini formalaşdırır. Bu baxımdan, AZS ISO/IEC 42001:2025 təkcə texniki sənəd deyil, eyni zamanda, rəqəmsal idarəetmədə keyfiyyət mədəniyyətinin başlanğıcı kimi qiymətləndirilməlidir”.
Nigar Orucova, “İki sahil”