31 iyul 2025 09:00
261

Gələcəyin həkimi, bu günün nümunəvi tələbəsi… - FOTO

Solmaz Əliyeva: Prezident təqaüdçüsü olmaq sadəcə tələbəlik həyatına təsir etmir, həm də bu ada layiq davranmağı, dövlətin etimadını doğrultmağı tələb edir

Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti istedadlı və savadlı gənclərin intellektual inkişafına geniş imkanlar açır. Gənclərə göstərilən bu yüksək diqqət və dəstək nəticəsində ölkəmizdə çoxsaylı uğur hekayələri yazılır. O uğurlardan biri də 2023-cü ildə dördüncü ixtisas qrupu üçün keçirilən qəbul imtahanında 682,3 bal toplayaraq  ən yüksək nəticə göstərmiş, Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinə dövlət sifarişi əsasında qəbul olunmuş, Prezident təqaüdçüsü adını qazanmış Solmaz Əliyevaya məxsusdur. O, həm akademik nailiyyətləri, həm də davranışı ilə yaşıdlarına nümunədir.

- Uğura gedən yolda hansı  amilləri zəruri hesab edirsiniz?

-Uşaqlıqdan elmə, oxumağa böyük marağım olub. Elə bu maraqla da imtahanlara disiplinli hazırlaşmağa başladım. Yüksək nəticə gözlənilirdi və mən bunu qarşılamaqla kifayətlənə bilməzdim, əsas məqsədim potensialımı tam reallaşdırmaq idi. Oxumaq mənim üçün bir məqsəd deyil, həyat tərzinə çevrildi. Öyrənməyə olan sevgim konkret hədəflərdən belə üstün idi. İnanıram ki, işi sevən insan üçün uğur qaçılmazdır. Bilikli olsalar da, özünə inanmayanların uğursuzluqlarını görmüşəm.  Buna görə hər imtahana ciddi yanaşır, daim sınaqlarda iştirak edir, hər dəfə daha yüksək nəticə hədəfləyirdim. Bu, həm təcrübə, həm də həyəcanı idarə etmək baxımından vacib idi. Digər əsas faktor inamdır.

- Valideynlərinizin və müəllimlərinizin uğur yolundakı rolunu necə xarakterizə edərdiniz?

-Valideynlərimin, yaxınlarımın və müəllimlərimin dəstəyi danılmazdır. Onlar heç zaman məndən dəstəklərini əsirgəməyiblər. Xüsusilə motivasiya baxımından anamın rolu çox böyükdür. O, eyni zamanda, riyaziyyat müəllimim olub. Uşaqlıqdan məndəki potensialı ilk olaraq o görüb və özümü daha da inkişaf etdirmək üçün mənə geniş imkanlar yaradıb. Məntiqimi, yaddaşımı, sürətimi artırmaqda böyük əməyi var. Atam isə ümumi cərrahdır. O, yalnız tibb sahəsinə deyil, həm də fəlsəfə, ədəbiyyat və digər sahələrə marağımı artırıb. Onun sayəsində zehnimdə bədii düşüncə və yaradıcılıqla zəngin bir “daxili kitabxana” formalaşıb. Müəllim sözü mənim üçün dərin anlam daşıyır. Onlarla birlikdə hər bir çətinliyin öhdəsindən gəlməyə çalışmışıq. Mənə yalnız bir fənni deyil, həyatın özünü tədris edən, əziyyəti böyük olan və haqqını heç zaman ödəyə bilməyəcəyim insanlardır. İnanıram ki, universitetimizdəki professor-müəllim heyətinin dəstəyi ilə bu uğurlarım daha da davamlı olacaq. Onlara da sonsuz təşəkkür edirəm.

-Stomatologiya ixtisasını seçməyinizin əsas səbəbləri nələr oldu?

-Potensialıma bələd olan hər kəs məndən dördüncü ixtisas qrupunu seçəcəyimi gözləyirdi. Halbuki uşaqlıqdan bəri ətrafımdakılara qəti şəkildə həkim olmayacağımı söyləyirdim. Lakin 9-cu sinifdə oxuyarkən bir gün anam mənə stomatologiya ixtisasını təklif etdi. Qəribədir ki, bu təklifə yox deyə bilmədim. Abituriyentlik illərində bir neçə dəfə stomatoloq qəbulunda iştirak etdikdən sonra bu sahənin həqiqətən də çoxsaylı üstünlüklərə malik olduğunu gördüm. Valideynlərim də bu qərarımı tam dəstəklədilər və marağımın dərinləşməsində mühüm rol oynadılar. Tibb ixtisasına dövlət sifarişi əsasında asanlıqla qəbul ola biləcəyim halda, ixtisas seçimi zamanı kodlaşdırmaq mümkün olan 15 yerdən yalnız birini doldurmuşdum. Həmin yerdə isə məhz Stomatologiya fakültəsini qeyd etmişdim. Kodlaşdırmadan əvvəl artıq balımın stomatologiya ixtisasının keçid balını xeyli üstələdiyini bilirdim. Əgər ilk sıraya ümumi tibb ixtisasını yazsaydım, böyük ehtimalla ora qəbul olunacaqdım. Lakin mənim istəyim fərqli idi. Elə buna görə də birinci yerə qətiyyətlə stomatologiyanı yazdım. Sonrakı yerləri doldurmağa ehtiyac qalmadı. Mən özümə başqa seçim şansı buraxmamışdım: ya stomatologiya, ya da heç nə. Maraqlıdır ki, müəllimlərim də daxil olmaqla bir çoxları mənim bu ixtisası seçdiyimi yalnız qəbulun nəticələri açıqlananda öyrəndilər. Bu qərar onların əksəriyyəti üçün təəccüblü oldu. Hər kəsin dilində eyni sual var idi: “Bu qədər balla nəyə görə stomatologiya?”

Mənim isə cavabım belə olurdu: “Bilirsiniz ki, mənim dördüncü qrupu seçməyimin yeganə səbəbi məhz bu ixtisas idi. Başqa nəyi seçə bilərdim ki?..”

Stomatologiya daha çox özəl sektorun tərkib hissəsi kimi formalaşır. Bizim ixtisasda artıq dördüncü kursdan etibarən həkim-mütəxəssis kimi fəaliyyət göstərmək mümkündür. Həkim üçün son dərəcə vacib olan praktik bacarıqlar isə aşağı kurslardan başlayaraq dərs prosesində sistemli şəkildə öyrədilir. Məhz bu və digər üstünlüklər stomatologiya fakültəsini seçməyimdə həlledici rol oynadı. Məncə, universitetimizin, klinikamızın atmosferi, dekanlıqda çalışanların səmimiyyəti, anlayışı ilə tanış olanlar bu fakültəni sevməyə bilməz.  

-Təhsilin insan həyatında oynadığı rolu necə xarakterizə edərdiniz?

- Təhsil almaq insanın dünyagörüşünü genişləndirir, obyektiv düşüncə tərzini formalaşdırır. Müasir dünyada təhsil həm də sosial statusun açarıdır. Təhsilli insan özünə daha dayanıqlı gələcək qurur, özünü, cəmiyyətdəki rolunu, hüquqlarını tanımağa müvəffəq olur. Yenilikləri kəşf etməyə, dəyişən həyat şəraitinə uyğunlaşmağa daha hazır vəziyyətdə olur. Bu, həm fərdi, həm ailə, həm də milli cəhətdən tərəqqi deməkdir.

-Orta məktəb və universitet həyatınızdan ən unudulmaz xatirələr hansılardır?

- İbtidai sinifdən bəri daha çox intellektual oyunlarda qrup şəklində iştirak etdiyimiz dönəmlər mənim üçün unudulmaz olub. Xatırlayıram ki, Elm və Təhsil Nazirliyi tərəfindən keçirilmiş "Nə? Harada? Nə zaman?" adlı oyunda komandamız 1-ci yeri tutmuşdu. Qalib komandanın başçısı kimi çox qürur duyurdum. Abşeron rayonu üzrə keçirilən "Əlaçı" televiziya müsabiqəsinin seçim turunda iştirakımı xatırlayıram. Qızlar arasında ən çox balı mən toplamışdım. Universitetə qeydiyyat üçün gəldiyimiz gün də xatirimdədir. Yaddaşımda sonrakı dərin izləri isə müəllimlərim qoyub.

-Prezident təqaüdçüsü adını daşımaq sizin üçün nə ifadə edir?

- Qəbul olunduğum il Prezident təqaüdçülərinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə görüşü təşkil olunmuşdu. Həmin tədbirdə bu təqaüdə ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən layiq görülmüş şəxslər də iştirak edirdi. Onların çıxışlarını, həyat hekayələrini və uğurlarını dinlədikcə anladım ki, Prezident təqaüdçüsü olmaq yalnız tələbəlik illərinə təsir göstərmir,  bu ad, eyni zamanda, insanın sonrakı fəaliyyətində də məsuliyyət daşımasını zəruri edir. Həm qəbul olunduğum il, həm də hazırda fakültəmin yeganə Prezident təqaüdçüsü olaraq bu adı daşımaq  mənim üçün dövlət tərəfindən seçilmək, millətin gələcəyinə ümid kimi görülmək deməkdir. Bu status sadəcə maliyyə dəstəyi deyil, böyük bir etimadın və təmsilçilik məsuliyyətinin ifadəsidir. Fakültəmi, tələbəlik mövqeyimi və öz prinsiplərimi ləyaqətlə təmsil etmək üçün daim çalışıram. İstər davranışımda, istər təhsilimdə, istərsə də digər fəaliyyət sahələrində bu ada layiq qalmaq mənim üçün hər zaman əsas məqsədlərdən biri olub.

-Universitetdəki elm və tədris mühitini necə qiymətləndirirsiniz?

- Universitetimizin tədris mühiti kafedralar və klinikalar kimi bir-birindən fərqli, lakin bir-birini tamamlayan hissələrin ahəngindən ibarətdir. Bu iki mühüm mühiti birləşdirən isə ağxalatlarımızdır. Anatomiya, histologiya, farmakologiya kimi kafedraların səssizliyində addımlayarkən özünü daha çox öyrənən və axtaran biri kimi hiss edirsən. Klinikalarda isə kurslar irəlilədikcə artıq “kiçik həkim” kimi formalaşmağa başlayırsan. Kafedralarda müəllimlərin baxışları ilə, klinikalarda isə pasiyentlərin baxışları ilə qarşılaşırsan. Biz bu iki dünyanın arasında yavaş-yavaş həkim oluruq. Bu mühit bizə təkcə tibbi biliklər deyil, həm də həyat dərsləri öyrədir:  kitab səhifələrində yox, ömür səhifələrində yazılmış dərsləri...

-Tələbəlik illərində sizi ən çox ruhlandıran məqamlar nələrdir?

-Mühazirələrdə məni sadəcə baxışlarımdan belə anlayan, seminarlarda motivasiya verən, fərqli yanaşmaları ilə seçilən müəllimlərim... Qrup yoldaşlarımın “sən bacararsan”, “sən bilərsən” demələri... Birlikdə hazırlaşdığımız, yuxusuz keçirdiyimiz gecələrdən sonra əldə olunan uğurlu imtahan nəticələri və o nəticələrin ardınca gələn rahatlıq hissi  əvəzedilməz duyğulardır. Kitabda oxuduqlarını ilk dəfə real həyatda gördüyün və əminliklə tətbiq edə bildiyin anlar var.  Hansı ki, təkcə biliyin deyil, həm də cəmiyyətə faydanın olduğunu dərk edirsən. Məni ruhlandıran da məhz bu hisslərdir.

-Dövlətin gənclər üçün yaratdığı şəraiti və onlara verdiyi dəstəyi necə qiymətləndirirsiniz?

-Təqaüdlər, mübadilə proqramları, müxtəlif kurslar və elmi işlər üzrə keçirilən müsabiqələr gənclərin həm yerli, həm də beynəlxalq təhsil imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Akademik uğur əsas dəyər kimi təşviq olunur. Yüksək nəticə göstərən tələbələrə verilən dəstək isə rəqabət ruhunu və inkişaf istəklərini daha da gücləndirir. Bu təşviq yalnız ölkə daxilində deyil, onun hüdudlarından kənarda da gənclərin inkişafına töhfə verir. Bununla yanaşı, dəstək təkcə təhsil sahəsi ilə məhdudlaşmır. Sağlam həyat tərzini təşviq edən marafonlar, idman festivalları, düşərgələr təşkil olunur. Gənclərin sosial layihələrə cəlb olunması və müxtəlif könüllülük fəaliyyətlərinə qoşulması da çox təqdirəlayiqdir. Bütün bunlar ictimai məsuliyyət hissini, vətənpərvərlik ruhunu və liderlik bacarıqlarını formalaşdırır. Dövlət tərəfindən yaradılan bu imkanları olduqca müsbət qiymətləndirirəm.

-Gələcəkdə özünüzü harada görürsünüz və hansı planlarınız var?

 -Gələcəkdə rezidentura təhsili almağı və müxtəlif ixtisasartırma kurslarında iştirak etməyi planlaşdırıram. Stomatologiya sahəsini və onun müxtəlif istiqamətlərini dərindən mənimsəmək istəyirəm. Hədəfim ən müasir texnologiyaları tətbiq etməklə ağız boşluğu ilə bağlı bütün problemlərin həllinə nail olmaqdır. Bildiyimiz kimi, bir çox insan stomatoloq qəbuluna getməkdən çəkinirlər. Bir qadın həkim olaraq bu qorxuları və yanaşmaları dəyişmək istəyirəm.

-Sonda həmyaşıdlarınıza hansı tövsiyələr vermək istərdiniz?

-Həyatın hər anını dəyərləndirmək, gənclik çağlarını dolu-dolu yaşamaq, həm elmi, həm də mənəvi baxımdan inkişaf etmək vacibdir. Əgər məqsədimiz savadlı və cəmiyyətə faydalı kadr olmaqdırsa, təhsil aldığımız ixtisasdan asılı olmayaraq mütləq daim oxumalıyıq. Yorulduğumuz anda özümüzə xatırlatmalıyıq ki, bizim yerimizdə olmaq istəyən neçə-neçə gənc var. Onlar hələ hədəfə doğru irəliləyərkən, biz artıq yoldayıq. Zirvələri fəth etmək və qarşıya çıxan çətinliklərin öhdəsindən layiqincə gəlmək üçün isə dayanmadan çalışmaq gərəkdir.

-Müsahibə üçün təşəkkür edirik, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Yaqut Ağaşahqızı, “İki sahil”