30 iyul 2025 21:29
172

Ağdərədə işğaldan sonra ilk dəfə...

AR ETN Botanika İnstitutunun Herbari şöbəsinin əməkdaşları tərəfindən Ağdərə rayonunda işğaldan sonra ilk dəfə olaraq geniş botaniki tədqiqatlar aparılıb. Ekspedisiyanın məqsədi 30 ilə yaxın müddətdə erməni işğalı altında qalmış Ağdərə və ətraf ərazilərin bioloji müxtəlifliyi, mövcud floristik vəziyyətin qiymətləndirilməsi, bu ərazilərdə yayılan çox sayda bitki növlərinin müqayisəli təhlili, yeni növlərin, yeni yayılma  yerlərinin, həmçinin endemik və nadir, Qırmızı kitaba düşən növlərin əsaslı monitorinqinin aparılması olub.

“İki sahil” xəbər verir ki, əsasən meşəlik ərazilərdən ibarət olan Ağdərə rayonundan 70-ə qədər bitki növü yığılıb. Digitalis ferruginea L., Epipactis palustris, Hylotelephium maximum (L), Chrysojasminum friticans (L.), Phedimus spurius kimi növlər ilk dəfə olaraq Ağdərə rayonundan Herbari fonduna (yeni yaradılan qalereyaya) daxil ediləcək. Yay fəsli olmasına baxmayaraq ərazidə erkən yaz florasına mənsub Cephalanthera longifolia (L.) növü müşahidə olunub. Tədqiq olunan ərazilərdən toplanılmış bitki nümunələrinin GPS məlumatları qeydə alınıb və yerindəcə herbariləşdirilib.

Ekspedisiya müddətində, həmçinin Ağdam, Əsgəran, Xankəndi, Xocalı və Şuşa rayonu ərazilərində də tədqiqatlar aparılıb. Böyük Qayıdışa dair Dövlət Proqramının həyata keçirilməsinə töhfə olaraq professor Səyyarə İbadullayevanın müəllifliyi və redaktorluğu ilə hazırlanan xalq təbabəti, baytarlıq təbabəti, quşçuluq və arıçılığın inkişafına aid istifadə olunan bitkilər haqqında “Qarabağ florasında yayılan dərman bitkilərindən istifadəsi” adlı buklet və broşürlər öz ata-baba yurdlarına qayıtmış yerli icmalara təqdim edilmişdir. O cümlədən, “Qarabağın nadir və nəsli kəsilməkdə olan növləri barədə məlumat kitabı” bələdiyyələrə, məktəblərə və yerli icmalara təqdim edilib.

Ekspedisiyanın nəticəsi olaraq 24 fəsilə 49 cinsə və 72 növə aid 210 nüsxə herbari materialları yığılıb Herbari fonduna təhvil verilib.