28 iyul 2025 23:50
128

2025-ci ildə Azərbaycanda ÜDM 3,7 faiz artacaq

Hazırda ölkənin valyuta ehtiyatları 71 milyard dollar olmaqla, xarici dövlət borcunu təqribən 14 dəfə üstələyir

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkə iqtisadiyyatının 3 faiz, o cümlədən qeyri-neft-qaz iqtisadiyyatının 4,2 faiz böyüyəcəyini proqnozlaşdırır.

Bu fikirləri AMB-nin sədri Taleh Kazımov ötən həftə keçirdiyi mətbuat konfransında bildirib. Həmçinin Taleh Kazımov deyib ki, AMB gələn il ölkə iqtisadiyyatının 2,2 faiz, o cümlədən qeyri-neft-qaz iqtisadiyyatının 4,3 faiz böyüyəcəyini proqnozlaşdırır. Xatırladaq ki, Maliyyə Nazirliyinin proqnozlarında da bildirilir ki, 2025-ci ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 3,7  faiz artacaq. Bundan başqa, sözügedən nazirlik  2026-cı ildə 3,2  faiz, 2027-ci ildə 3,6 faiz, 2028-ci ildə 3,6 faiz, 2029-cu ildə isə 4,9 faiz iqtisadi artım gözlədiyini vurğulayıb.

Təbii ki, bu rəqəmlər ölkə iqtisaiyyatındakı inkişafı özündə əks etdirən reallıqlardır. Yəni, bu, o deməkdir ki, Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vuraraq inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Yeni mərhələnin səciyyəvi cəhətlərindən biri də milli iqtisadiyyatın dayanıqlı və sabit inkişafı üçün qeyri-neft sektorunun daha da gücləndirilməsi, bu sahədə liberallaşma prosesinin dərinləşdirilməsidir. Bu mənada hökumətin regionların inkişafına xüsusi qayğı ilə yanaşması da ilk növbədə bölgələrin disproporsional inkişafının qarşısını almaq, qeyri-neft sektorunu, sahibkarlığı milli iqtisadiyyatın lokomotivinə çevirməkdir.

Bəli, regionların inkişafına xidmət edən kompleks tədbirlərin davamlı səciyyə daşıması təbiidir. Çünki inkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlığın, məşğulluq ənənələrinin saxlanılması mühüm amildir. Ona görə də son illərin statistik göstəriciləri regionların sosial-iqtisadi inkişafına yönəlmiş çoxşaxəli tədbirlərin praktik nəticələr verdiyini təsdiqləyir.  Əldə olunmuş dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın «yuxarı orta gəlirli» ölkələr sırasında mövqeyi daha da möhkəmlənmişdir.

 Bütün bunların nəticəsi olaraq demək olar ki, Prezident İlham Əliyevin  Azərbaycana rəhbərlik etdiyi son 22 ildə ölkəmiz iqtisadi inkişafda çox mühüm uğurlar qazanıb. Məhz 2003-cü ildən 2025-ci ilədək  ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM 22 dəfə artıb. Əgər dövlət büdcəsinin gəlirləri 2003-cü ildə 1 milyard 221 milyon manat idisə, 2025-ci ildə bu rəqəm 34 milyard 173  milyon manatdan çox olub. 

Xüsusi vurğulamaq lazımdır ki, 21 il əvvəl regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasına başlayarkən Azərbaycan 1,6 milyard ABŞ dolları strateji valyuta ehtiyatlarına malik idi. Ötən illərdə isə bu rəqəm dəfələrlə yüksəldi. Hal- hazırda ölkənin valyuta ehtiyatları 71 milyard dollar  olmaqla, xarici dövlət borcunu təqribən 14 dəfə üstələyir.

 Vurğulamaq lazımdır ki,  xarici dövlət borcunun 49 faizi 5 ilə qədər olan müddətdə, 44,9 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 6,1 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. Bundan başqa, sitatistik məlumatlara görə, əgər Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları  2003-cü ildə 757 milyon ABŞ dolları olumuşdusa, 2025 –ci ilin yanvarın 31-ə olan məlumata görə, bu rəqəm 10 milyard 988,5 milyon ABŞ dolları təşkil edib. Həmçinin Azərbaycan  Respublikası Dövlət  Neft Fondunun vəsaitlərinin artımı ölkə iqtisadiyyatına investisiya yatırımlarının yüksəldilməsi üçün də şərait yaradıb. Ümumilikdə son 22 il ərzində investisiyaların ümumi həcmi 300 milyard ABŞ dolları təşkil edib.

Təbii ki, bu uğurlu iqtisadi inkişafın əsas nəticəsi o oldu ki, Azərbaycan dövləti qüdrətli və yenilməz ordu qurdu. Müqayisə aparsaq görərik ki, Azərbaycanın müdafiə xərcləri 2003-cü ildə cəmi 150 milyon ABŞ dollarına bərabər idisə, 2025-ci ilin dövlət büdcəsində müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi xərclərinə 7 milyard manata yaxın maliyyə vəsaiti ayrılıb.

Bir sözlə, son 22 il ərzində inkişaf edən iqtisadiyyatımızın nəticəsidir ki,  Azərbaycanın modern iqtisadi inkişaf modeli ölkəmizin qüdrətlənməsinə  və güclü dövlətlər cərgəsində yer almasına zəmin yaradıb.

 Elçin Zaman, «İki sahil»