28 iyul 2025 12:05
200

Azərbaycanda süni intellektlə bağlı dövlət standartı qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO/IEC 42001:2025 “İnformasiya texnologiyası - Süni intellekt - İdarəetmə sistemi” dövlət standartı qəbul edilib.

AZSTAND-dan  "İki sahil"ə bildirilib ki, yeni standart süni intellekt texnologiyalarının tətbiqində risklərin idarə olunması, etik prinsiplərə riayət edilməsi və şəffaflığın qorunması tələblərini müəyyən edir. Eyni zamanda süni intellekt sistemlərinin qurulması, tətbiqi, saxlanılması və davamlı olaraq təkmilləşdirilməsinə dair ən müasir alqoritmləri və yanaşmaları əhatə edir.

Yeni dövlət standartı “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 05) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Qeyd edək ki, yeni dövlət standartı Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli 530 nömrəli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt strategiyası”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.1.5-ci yarımbəndinin icrası məqsədilə qəbul edilib.