24 iyul 2025 23:15
181

Vətən sevdalısı

Cəlilabad torpağının yetişdirdiyi mərd, qeyrətli, çətin anda elinə, yurduna çəpər olmağı bacaran oğulların cərgəsində  Əli Rüstəmovun adı qürurla, iftixarla çəkilir. 1992-ci il avqustun 15-də  rayonun Çünzəli  kəndində dünyaya göz açan bu, Vətən sevdalısı İkinci Qarabağ müharibəsinin şəhididir. Qarabağımızın igid, vətənpərvər, xilaskarı  oğlu, qazanılan parlaq qələbəmizin mərdlik, qəhrəmanlıq simvoludur.  Nəsibi müqəddəs şəhidlik zirvəsindən boylanmaq səadəti olan Əli olduqca şərəfli  həyat yaşadı, 28 yaşında  ürəklərdə özünə əzəmətli bir  abidə ucaltdı.

Əli  Yağınəli  oğlu Rüstəmov özünü tanıyanda işğalçı erməni dığalardan qisas almaq əsas amalına dönüb. Və o məqamı səbirsizliklə gözləyib. Ailədə  məsləhətləşib onu evləndiriblər. .   Bu da  qabağını ala bilməyib. Vətən torpağının hər qarış uğrunda döyüşə hazır olan Əli düşmənə onun yerini göstərmək üçün hərbiyə yazılıb. 2020-ci ilin aprel ayında cəbhə bölgəsində  kəşfiyyatçı  kimi  Azərbaycana xidmət göstərib. O, hazırlıqla əlaqədar  keçirilən təlimlərdə  əla döyüşçü keyfiyyətləri nümayiş etdirib, bir qayda olaraq uğur qazanıb.  Bütün çətinliklərə dözüb ki, müharibə meydanında yağı onun qarşısında qala bilməsin. 44 günlük haqq savaşımızda bütün igid oğlanlar kimi çəkinmədən, ölümün gözünə dik baxa-baxa odun-alovun içinə girib. Düşmənə vurduğu ilk zərbə də yerinə düşüb.   Nəticədə xeyli sayda dığa məhv olub.  Öndə getməklə Cəbrayıl, Füzuli ərazilərində  mərdliklə vuruşub, bir-birindən çətin döyüş əməliyyatlarda fərqlənib.  İntiqam alanacan yağıya qarşı vuruşacağına and içən igid Əli çiyin-çiyinə döyüşdüyü silahdaşlarına da deyib ki, həmişə cəsarətli olun. Biz haqq işimiz naminə vuruşuruq. Tezliklə yağını məhv edib, xalqın 30 illik yurd  həsrətinə son qoyarıq.

Əli  oktyabrın 8-də Füzulidə sözün əsl mənasında dığaların kabusuna çevrilib.  Elə burada düşmən gülləsinə tuş gəlib  və ölümcül yaralanıb. Qaldı ki, yağıya təslim olmayıb, son nəfəsinə qədər mübarizə aparıb,  döyüşə-döyüşə  Vətən eşqi ilə döyünən ürəyi dayanaraq  müqəddəs,  şərəflə şəhidlik zirvəsinə yüksəlib.

Şəhidin ailəsində deyirlər:-  Bir-iki gün idi Əlidən xəbər gəlmirdi. Narahat olduq. Telefonuna da zəng çatmadı və düşündük  ki, əməliyyatdadır, gəlib  özü zəng   vurar.   Sən demə artıq Əlinin ruhu ulduzlu göylərdə dolaşır. Oktyabrın 29-dan 30-na keçən gecə Əlinin şəhidlik zirvəsinə ucalması xəbəri bizə  çatdırıldı.  Zəfər şəhidimiz həmin gün böyük izdihamla doğulduğu kənddə son mənzilə yola salındı. Həyat yoldaşı onun tabutunu çiyninə götürərək qəbiristanlığa qədər apardı.
Əli o qədər vətənpərvər olub ki, hətta toyunda belə maşınını üçrəngli bayrağımızla bəzəyib.  Hazırda Əlinin yatdığı müqəddəs yer nəinki kənd sakinləri, hətta onu tanıyan və tanımayan insanlar tərəfindən ziyarət edilir.

 Ölümsüzlüyə qovuşan Cəlilabadın qəhrəman  şəhidi  oğlu Əli  dövlət tərəfindən “Vətən uğrunda”, Füzulinin, Cəbrayılın azadlığına görə medallarına  layiq görülüb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü