24 iyul 2025 01:49
192

Yarım ildə 1,5 milyard manatdan çox investisiya

Qarabağ və Şərqi Zəngəzur cənnətin kiçik bir parçasıdır

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bərpa - quruculuq işləri Azərbaycan dövlətinin prioritetlərindən biri olaraq böyük sürətlə davam edir. Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə qeyd edib ki, azad olunan torpaqlara qayıdan insanların sayı artır və bundan sonra daha sürətlə artacaq. Çünki biz birinci dörd ildə daha çox infrastruktur layihələri ilə məşğul idik. Onların əsas hissəsini demək olar ki, bitirmişik. Bütün Qarabağ və Şərqi Zəngəzur dairəvi elektrik şəbəkəsi ilə artıq təmin edilib. Azərbaycanın ənənəvi elektrik təsərrüfatına da qoşulub. Dövlətimizin başçısı deyib ki, infrastruktur layihələrinin əksəriyyətini başa çatdırandan sonra daha böyük vəsait yaşayış evlərinə istiqamətləndiriləcək. İyulun 14-də Xocalı rayonunun iki kəndinə insanlar qayıdıb. Artıq keçmiş köçkünlərin yaşadıqları yaşayış məntəqələrinin sayı 18-ə çatıb. Böyük Qayıdış Proqramının artıq reallaşdırıldığını xatırladan Prezident bildirib ki, bunun mərhələləri olacaq və aydan-aya, ildən-ilə qayıdan vətəndaşların sayı çoxalacaq. Qarabağ, Şərqi Zəngəzur dirçələcək. “Böyük Qayıdışın əvvəlində mən demişdim ki, biz bu bölgəni cənnətə çevirəcəyik, artıq cənnətin kiçik bir parçasıdır. Burada öz gözlərimizlə görürük”, - deyə dövlətimizin başçısı qeyd edib.

Əhalinin öz doğma torpaqlarına qayıdışını təmin etmək, orada dayanıqlı və ləyaqətli yaşayış mühiti yaratmaq məqsədilə həyata keçirilən planlı tədbirlər dövlət səviyyəsində ardıcıl və kompleks şəkildə davam etdirilir. Məhz bu məqsədlə cari ilin ilk altı ayında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində genişmiqyaslı layihələrin maliyyələşdirilməsinə ciddi vəsait ayrılıb. Belə ki, sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 38,8 faizi həcmində, yəni 1 milyard 552,4 milyon manat istifadə olunub. Bu rəqəm işlərin nə qədər genişmiqyaslı və ciddi olduğunu bir daha təsdiqləyir. Bu vəsaitin böyük əksəriyyəti - 1 milyard 353,6 milyon manatı  infrastrukturun yenidən qurulması və yaradılmasına yönəldilib. Burada xüsusilə avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi və yenidən qurulması üçün 1 milyard 58,2 milyon manat vəsait sərf olunub. Qarabağ və Şərqi Zəngəzurun əlaqələndirici, nəqliyyat baxımından əlçatan bölgələrə çevrilməsi üçün yol infrastrukturunun yenilənməsi həyati əhəmiyyət daşıyır. Bu yollar təkcə regional iqtisadi aktivliyi artırmaqla qalmır, həm də əhalinin gündəlik həyatını asanlaşdırır, təhlükəsizliyini təmin edir.

Yeni yaşayış komplekslərinin tikintisi üçün 239,5 milyon manat sərf edilməsi ərazidə məskunlaşmanın sürətləndirilməsi və insanların öz doğma yurdlarına qayıtması istiqamətində vacib addımdır. Bu komplekslər müasir standartlara cavab verən, komfortlu məkanlar yaratmaqla, həmçinin bölgədə sosial dayanıqlılığın təminatına xidmət edir. İnsanların yaşamaq və işləmək üçün yüksək səviyyədə şəraitə malik məskənlərə ehtiyacı böyükdür, bu isə dövlətin sosial siyasətində prioritet kimi öz əksini tapır.

Magistral su xətlərinin, tullantı və yağış kollektorlarının tikintisi işlərinin layihə-smeta sənədlərinin hazırlanması və tikintisi üçün 33,7 milyon manat ayrılması ətraf mühitin qorunması və sağlamlıq standartlarının yüksəldilməsi baxımından mühüm məqamdır. Suyun təminatı və tullantı sistemlərinin modernləşdirilməsi bölgənin ekoloji balansını qorumağa, sanitariya və gigiyena şəraitini yaxşılaşdırmağa xidmət edir.

Sənaye parklarının fəaliyyətinin təşkili və onların ərazisində infrastrukturun yaradılması üçün 20,5 milyon manat xərclənməsi iqtisadi inkişafın davamlılığını təmin etmək məqsədi daşıyır. İşğaldan azad olunmuş ərazilərdə sənaye zonalarının yaradılması bölgənin iqtisadiyyatının diversifikasiyası, yeni iş yerlərinin açılması və investisiya mühitinin formalaşmasına töhfə verir. Həmçinin elektrik təchizatı sistemlərinin yenilənməsi və xarici elektrik enerjisi ilə təmin olunması üçün 1,7 milyon manat ayrılması əhalinin və müəssisələrin fasiləsiz enerji ilə təminatı baxımından vacibdir. Bu, həm də bərpa prosesinin texnoloji təminatı üçün zəruri infrastruktur elementidir.

Sosial sahələrə də xüsusi diqqət yetirilir. Təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin tikintisi və yenilənməsi üçün 182 milyon manat vəsait sərf olunub. Bu sahələrin inkişafı bölgədə yaşayan insanların sosial rifahını artırmaq, onların sağlamlığı və təhsil səviyyəsini yüksəltmək, mədəni dəyərlərin bərpasına, inkişafına şərait yaratmaq üçün zəruridir. Mədəniyyətin dirçəldilməsi və idmanın təşviqi gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi və sağlam həyat tərzinin təşviqi üçün mühüm amildir.

Ümumilikdə, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri həm maddi, həm də sosial infrastrukturun yenidən formalaşması, dayanıqlı iqtisadi inkişafın təmin olunması, eləcə də insanların normal həyat şəraitinə qayıtması baxımından strateji əhəmiyyət daşıyır. Dövlətin bu bölgələrə ayırdığı maliyyə resurslarının həcmi və istifadə istiqamətləri göstərir ki, Azərbaycan bu torpaqlarda geniş və çoxşaxəli inkişaf modelini həyata keçirir. Bərpa prosesində əsas məqsəd yalnız fiziki infrastrukturun bərpası deyil, həm də bölgənin sosial, iqtisadi və mədəni həyatının yenidən canlanmasıdır. Bu, təkcə vətəndaşların öz doğma yurdlarına qayıtmasını təmin etmək deyil, eyni zamanda, regionu Azərbaycanın inkişaf edən, modernləşən və perspektivli hissəsinə çevirmək deməkdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr Azərbaycanın milli birliyi və iqtisadi gücünün simvoludur və ölkənin postmünaqişə dövründə dayanıqlı inkişaf strategiyasının ayrılmaz hissəsidir. Daha geniş miqyasda baxdıqda, bu bərpa işləri regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə də xidmət edir. İnfrastrukturun bərpası və sosial sahələrin yenilənməsi nəticəsində əhali öz həyat şəraitini yaxşılaşdırır, iqtisadi imkanlar genişlənir və bölgənin Azərbaycan daxilində sosial-iqtisadi inteqrasiyası güclənir. Bu isə uzunmüddətli perspektivdə Azərbaycanın regional inkişaf siyasətinin mərkəzi komponentlərindən birinə çevrilir.

Nəticə etibarilə Qarabağ və Şərqi Zəngəzurun bərpa və quruculuq prosesi Azərbaycan dövlətinin güclü iradəsini, strateji baxışını və vətəndaşlarına olan qayğısını göstərir. Mövcud maliyyə resurslarının düzgün və səmərəli idarə olunması ilə bu bölgələr yaxın gələcəkdə tam inkişaf etmiş, müasir infrastrukturla təmin olunmuş və sosial rifah səviyyəsi yüksəlmiş ərazilərə çevriləcəkdir. Bu da Azərbaycanın davamlı inkişaf yolunda yeni uğurlar əldə etməsinə zəmin yaradır.

Nigar Orucova, "İki sahil"