Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə sosial-psixoloji reabilitasiya tədbirlərinə cəlb edilən 30 ukraynalı uşaq iyulun 18-də Şəki şəhərinə səfər edib, bu qədim diyarın tarixi məkanları və görməli yerləri ilə tanış olublar.
“İki sahil” xəbər verir ki, ukraynalı uşaqların qədim Şəkinin tarixi məkanları ilə ilk tanışlığı “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisindən başlanıb. XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi - Şəki Xan Sarayı ilə tanışlıq uşaqlarda böyük maraq oyadıb. Onların diqqətinə çatdırılıb ki, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Məlumat verilib ki, saray 1761-1762-ci illərdə tikilib. İnşaat texnologiyasına görə dünyada bənzəri olmayan bu sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.
Ukraynalı uşaqlar sarayın önündə xatirə şəkilləri çəkdiriblər.
Sonra uşaqlar Qoruğun ərazisində yerləşən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, keramika sənəti qədim dövrlərdən başlayaraq Azərbaycanda ən geniş yayılmış sənət sahələrindən biri olub. Sənətkarlar diyarı kimi tanınan qədim Şəkidə sənətkarlığın digər növləri kimi, keramika sənəti də bu günə qədər öz əhəmiyyətini saxlayıb.
Qonaqlar Mərkəzin emalatxanalarını gəzib, sənətkarlarla görüşüb, onların əl işlərinə baxıblar.
Şəkinin tarixi məkanları ilə tanışlıq ukraynalı uşaqların böyük marağına səbəb olub.
Şəkiyə səfərləri çərçivəsində ukraynalı uşaqlar bu diyarın məşhur şirniyyatlarından olan Şəki halvasının hazırlandığı sexə və dükanlara da baş çəkiblər.
Qeyd edək ki, Şəki turundan əvvəl ukraynalı uşaqlar Bakı şəhərində İçərişəhər, Qız qalası və digər tarixi məkanlarla tanış olublar. Həmçinin Qəbələdə yerləşən “Yeddi gözəl” şəlaləsinə və Laza kəndinə səfər ediblər. Onlar psixo-sosial təlimlərə cəlb edilib, həmçinin milli mətbəximizlə tanış olub, ustad dərslərə qatılıblar.
Ongünlük sosial-psixoloji reabilitasiya proqramı ukraynalı uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır. Ümumiyyətlə, ötən dövrdə, ümumilikdə, 230-dan çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.