Qardaş ölkədə 15 iyul dövlət çevrilişinə cəhdin ildönümü ilə əlaqədar keçirilən anım tədbirlərində iştirak edən “Qardaşlığımız əbədidir” QHT koalisiyasının sədri Emin Həsənli və Qarabağ qazisi Famil Fərəcov Türkiyə Böyük Millət Məclisində Milli Müdafiə Komitəsinin sədri, sabiq müdafiə naziri Hulusi Akarla görşüb.
“İki sahil” xəbər verir ki, qonaqları salamlayan Hulusi Akar milli müdafiə naziri olduğu dönəmlərdə Emin Həsənlinin təşkilatçılığı ilə Azərbaycan qazilərinin Türkiyəyə səfərlərini xatırladıb və Azərbaycan Silahlı Qüvvələri ilə fəxr etdiyini bildirib.
“Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ zəfərini bütün Türk dünyası gördü. Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlər, təcrübə, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin əməkdaşlığı, birgə təlimlər çox önəmlidir”.
Hulusi Akar, eyni zamanda, əziz şəhidləri və Vətən müharibəsində sağlamlığını itirən qazilərimizin xidmətlərini xüsusi vurğulayıb. O, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyənin bütövlükdə hər zaman Azərbaycanın yanında olduğunu, Azərbaycana siyasi və mənəvi dəstək göstərdiyini bildirib.
Eyni zamanda, Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövlətinin də Türkiyəyə hər zaman dəstək olduğunu xatırladıb.
Komitə sədri son dönəmlər Türkiyə ordusunun daha da gücləndiyini, Türkiyənin arsenalında olan silah-sürsatın daxili istehsaldakı payının 20%-dən 80%-ə yüksəldildiyini yada salıb.
“Qardaşlığımız əbədidir” QHT koalisiyasının sədri Emin Həsənli Hulusi Akarın müdafiə naziri olduğu dövrdə Azərbaycandan gələn qazilərdən ibarət heyətə həmişə diqqət və həssalıqla yanaşdığını yada salıb, buna görə Hulusi Akara minnətdarlığını bildirib.
Qarabağ qazisi Famil Fərəcov 15 iyul çevriliş cəhdində şəhid olan Ömər Xalisdəmirlə tanışlığından, birgə təlimlərdə, kurslarda iştiraklarından bəhs edib. Onun necə vətənpərvər, millətini, dövlətini sevən bir hərbçi olduğunu yada salıb: “İndi artıq nəinki Türkiyədə, Azərbaycanda da Ömər Xalisdəmiri tanıyır və ona sayğı nümayiş etdirirlər. Mən də fəxt edirəm ki, belə bir Türk oğlu ilə tanış olmuşam və onunla silah qardaşlığımız olub”.
Emin Həsənli 15 iyul dövlət çevrilişi cəhdi zamanı, eyni zamanda son zamanlar Suriyadakı ciddi əməliyyatlar zamanı Türk ordusunun qəhrəmanlığından, vətənpərvərliyindən danışıb.
Türk ordusuna ən həssas dönəmlərdə həm baş qərargah rəisi, həm də müdafiə naziri kimi rəhbərlik etmiş Hulusi Akara Azərbaycanda sevgi və hörmət olduğunu bildirən Emin Həsənli onun Azərbaycana səfərlərini, görüşlərini yada salıb və hər bir Azərbaycan vətəndaşnın qəlbində ona qarşı isti münasibətin olduğunu vurğulayıb.
Emin Həsənli Azərbaycan və Türkiyənin hərbi yönümlü təşkilatlarının əlaqələrinin genişlənməsinin vacibliyini vurğulamaqla yanaşı, bu işdə həmişə göstərdiyi dəstəyə görə Hulusi Akara təşkkürünü bildirib.