18 iyul 2025 00:12
112

 Elvin Vətənini özündən artıq sevirdi 

44 günlük haqq savaşımızda Cəlilabad rayonunun Adnalı kəndində  dünyaya göz açan Elvin Bayramov  Vətənini öz canından əziz tutaraq 22 yaşında şəhid oldu.  Bu hünər, rəşadət  Elvini nəinki doğmaları üçün, bütün Azərbaycana əziz etdi. Günəş ömrü yaşayan Elvinin adı indi kiçikdən tutmuş böyüyə kimi hamının dilində böyük məhəbbətlə, qürurla səslənir. Həm də ölümsüzlüyə qovuşan qəhrəmanımız  gələcək Vətəninə, xalqına, dövlətinə sadiq gənc nəslə  örnək, müqəddəs, şərəfli həyat yolu yaşadı. Onun ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda”, Füzulinin, Xocavəndin azadlığına görə medalları da müharibə meydanında göstərdiyi şücaətə bir nümunə oldu.

Yaşadığı cəmiyyətdə igidliyi, mərdliyi, dürüstlüyü, saf əqidəsi ilə tanınan, sevilən Elvin Bayramov  yurduna, el-obasına daha çox gərəkli olmaq məqsədilə  Lənkəran Dövlət Universitetinə daxil olub. Mükəmməl biliyə malik olmaq üçün oxuyub öyrənməkdən doymayıb, mənəvi aləmi, həyat sevgisi, görüb-götürmək bacarığı, ünsiyyət  mədəniyyəti  ona hörmət gətirib.

Elvin Bayramov ali məktəbi yüksək səviyyədə başa vurub. Bütün arzuların zirvəsində Vətənin, xalqın xoşbəxtliyi dayanan gənc oğlan  yağı tərəfindən işğal olunmuş Qarabağın azadlığını çox istəyirdi. Bu yolda özünü şəhid verməyə belə  hər an hazır idi. 2020-ci ildə hərbi xidmətə çağırılanda sevinib. Cəbhə bölgəsində əlinə silah alıb Vətənin keşiyində duranda  ürəyi düşmən işğalında qalan  doğma yurd yerləri  azad edib qələbə ilə evə dönmək  məqsədilə döyünüb.  Doğma Azərbaycanın hər qarışını özünə əziz bilən  Elvin ona vicdanla, qeyrətlə xidmət edib, həm də  yağıdan qisas alacağı günü gözləyib. Nəhayət, 2020-ci ilin  27 sentyabrında həmin məqam yetişib. İgid əsgər ilk gündən düşmənlə ölüm-dirim savaşına atılıb, neçə-neçə döyüşdən zəfərlə çıxıb.  Hər dəfə silaha sarılıb odun-alovun içinə girəndə  onlarla erməni əsgərinin   axırına çıxıb.  Füzulinin azad olunması uğrunda gedən haqq savaşımızda mərdliklə döyüşüb. 2020-ci il oktyabrın 29-da Füzuli rayonu Seyidəhmədli kəndində gedən ağır müharibədə son damla qanını tökərək  cavan ömrünə nöqtə qoyulub...

Cəlilabadın qəhrəman oğlu Elvin  Bayramov Vətəni canından əziz tutub şəhidlik zirvəsinə ucalıb. Şəhidlər heç vaxt ölmürlər. Onların  ünyetməz ulduzlu bir dünyası olur. Saçdıqları işıq onları daimi ürəklərdə yaşadır. Odur ki, hər dəfə şəhid  Elvinin adı çəkiləndə bütün Azərbaycan xalqı  iftixar hissi  keçirdir 

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü